İnsanlara hürriyət, millətlərə istiqlal!

Həbsdəki eks-deputatın əfv və amnistiya gözləntisi

Eldəniz Səlimovun ümidi niyə doğrulmayıb? 

Koronavirusun yeni variantı - “Eris”ə (“EG.5") yoluxma faktının təsdiqlənməsindən sonra Ümumdünya Səhiyyə Təşkilatı bu barədə geniş açıqlama verib və ölkələri bu məsələni nəzarətdə saxlamağa və lazımi tədbirlər görməyə çağırıb. İnfeksiyanın sürətlə yayılması karantin tədbirlərinin də ola biləcəyi ehtimalı haqda xəbərləri gündəmə qaytarır və karantin günlərində yaşananlar da yada düşür.

2021-ci ildə adi karantin günlərindən birində özünü “yandıran”lardan biri də o zaman Milli Məclisin deputatı olan Eldəniz Səlimov oldu. O, iyulun 29-da gecə 12-dən sonra Xaçmaz şəhərində yerləşən qohumuna məxsus iaşə obyektində - “Starıy Dvor” restoranında karantin qaydalarına riayət etməyə çağıran polis əməkdaşına qarşı zorakılıq etmişdi. Xaçmaz Rayon Polis Şöbəsinin inspektoru, leytenant Zaur Mirzəyevin bir xidməti vəzifəsini icra edərək həmin restoranda xüsusi karantin rejimi qaydalarının pozulması ilə əlaqədar etdiyi qanunamüvafiq hərəkətləri özünə hörmətsizlik kimi qiymətləndirərək onun ünvanına nalayiq ifadələr işlədib.

Eldəniz Səlimovun Zaur Mirzəyevin sifət və baş nahiyəsinə yumruq və başı ilə zərbələr vurmuşdu. Bu əməlinə görə deputat mandatı alındı, özünü isə həbs edib Cinayət Məcəlləsinin 309.2-ci (vəzifə səlahiyyətlərini aşma) maddəsi ilə ittiham olundu, qoluna qandal vurdular. Həmin ilin dekabrında Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Eldəniz Səlimov 3 il 6 ay müddətə azadlıqdan məhrum edildi.

Hazırda həbsdə olan deputatla bağlı “Yeni Müsavat”a daxil olan məlumatda deyilir ki, Eldəniz Səlimovun əfv və amnistiyaya düşməklə bağlı gözləntiləri olub. Lakin onun gözləntiləri doğrulmayıb. Belə xəbərlər də var ki, sabiq deputat törətdiyi əmələ görə cəzasını tam olaraq çəkmək məcburiyyətində qalacaq. Ona vəzifə səlahiyyətlərini aşmaqla hakimiyyət nümayəndəsinə qarşı yol verdiyi hərəkətlərə görə qanunun sərt üzü göstərilməsinə hələ məhkəməsi dövründə qərar verilib.

Eldəniz Səlimovun hökmündə 3 il cəzaya 6 aylıq “quyruq” verilməsi də elə buna dəlalət edir. Azərbaycan məhkəmə praktikasında belə “quyruq”lu cəzalardan qurtulan məhkumların sayı elə də çox deyil. Eldəniz Səlimovun da belə bir şansı hələ ki mümkün görünmür.

E.MƏMMƏDƏLİYEV,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR