İnsanlara hürriyət, millətlərə istiqlal!

"Hazırda kağız formada olan jurnalların ləğvi risklidir, çünki... " - Ekspertdən ilginc AÇIQLAMA

Məlum olduğu kimi, ötən gün elm və təhsil naziri Emin Əmrullayev ümumtəhsil sistemində yeni rəqəmsal təhsil platforması haqqında məlumat verib. Nazir qeyd edib ki, növbəti tədris ilində "rəqəmsal məktəb" platforması sayəsində valideynlər övladlarının dərs prosesini onlayn şəkildə izləyə biləcək, kağız jurnal ləğv olunacaq.

Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüzün fikrincə, "rəqəmsal məktəb" platformasının böyük əhəmiyyəti olsa da, hələlik kağız formada olan jurnalların ləğvi, yalnız e-jurnal saxlamaq risklidir:

"Əslində xeyli müddət olardı ki, Nazirlik yenidən məktəblərin rəqəmsallaşmasını, məktəblərdə e-jurnal, e-gündəlik məsələlərini işə salmışdı.

Yəni on illər öncə start verilən, lakin uğurlu alınmayan "Elektron məktəb" layihəsini Nazirlik bir neçə il öncə yeni keyfiyyətdə fəaliyyətini canlandırmışdı. Yeni rəqəmsal transformasiya layihələri icra olunurdu.

İndi görünən odur ki, Nazirlik yetərincə rəqəmsallaşmış, elektron jurnal və elektron gündəliyə malik olan, ümumiyyətlə tədris və idarəetmə üzrə keyfiyyətli datası olan məktəbləri vahid bir rəqəmsal platformada birləşdirməyə qərar verib.

Hələlik 324 məktəbin bu rəqəmsal platformaya qoşulması nəzərdə tutulub.

Platformada şagirdlərin dərslərə onlayn qoşulmaq, tapşırıqları yerinə yetirmək və təhsil prosesini izləmək imkanı yaradılıb.

İdiyədək bu istiqamətdə ETN -də mövcud olan rəqəmsal təhsil resurslarının platformaya inteqrasiyası onun əhəmiyyətini xeyli artıracaq.

Görünən odur ki, burada valideynlərə yönəlik istiqamət daha qabarıqdır.

Yəni valideynlər üçün uşaqların tədrisinə nəzarət, məktəblə əlaqələrin effektiv qurulmasına daha əlçatan imkanlar verilib.

His olunur ki ETN-nin datası digər dövlət qurumların informasiya sistemlərinə inteqrasiya olunub. Əlçatan olan SİMA imza ilə "Rəqəmsal Məktəb"ə daxil olan valideynlər dərhal orada övladlarını görə bilirlər, məktəblə əlaqə qura bilirlər.

Eyni zamanda son bir neçə ildə RİNN-in "Onlayn Azərbaycan" layihəsinin reallaşması ilə xeyli sayda məktəblərin keyfiyyətli internet bağlantısı imkanları da genişlənib. Müəllimlərin rəqəmsal bacarıqları artıb.

Düşünürəm ki indiki anda, təhsil sistemində formalaşmış datanın, inteqrasiyaların və rəqəmsallaşmanın nəticəsi olaraq yeni dəyər formalaşdırmaq, belə platformanı işə salmaq doğru və faydalı bir yanaşmadır.

Amma hələlik kağız formada olan jurnalların ləğvi, yalnız e-jurnal saxlamaq riskli ola bilər. Hansısa keçid dövrü müəyyən etmək, toplanmış təcrübəni analiz etmək, təhlükəsizlik məqamlarını və e-jurnallar datasının toplanması ənənəsini formalaşdırdıqdan sonra bu məsələyə baxmaq doğru olardı.

Düşünürəm ki, "Rəqəmsal Məktəb" platforması təhsilin rəqəmsal transformasiyasını xeyli sürətləndirəcək.

Platforma həm məktəblərin idarəetmə sisteminin təkmilləşdirilməsinə, həm də təhsil prosesinin effektivliyinin artırılmasına mühüm töhfə verəcək".

Xalidə Gəray,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Fevral 2025

BÜTÜN XƏBƏRLƏR