Onlayn ictimai-siyasi qəzet
“Şərikli çörək” filmindəki həmin kadrları yəqin çoxları xatırlayır. “Uşaqda fərasətə bax, hamını aldadıb”, deyir qonşu. Lətifəsi balaca Vaqifdən uzaq olsun, indi Ermənistan rəhbərliyi sülh bəyanatları ilə çoxlarının “beynini yeyə” bilib. Hətta Roma Papası Fransisk də özünə gələn kimi, Azərbaycan və Ermənistan haqda danışıb.
Roma Papası Ermənistan və Azərbaycan arasında sülh sazişinin yekun bağlanmasına doğru irəlilədiyi və Cənubi Qafqazda sülh istiqamətində atılan addımlara görə minnətdarlığını bildirib. “Qoy bu, digər münaqişələr üçün də ümid əlaməti olsun”, - deyə, bildirib. Roma Papasının sülh üçün səmimiyyətlə dua etdiyinə şübhəmiz yoxdur. Amma axı, Fransisk cənablarından fərqli olaraq biz azərbaycanlılar hayları, Ermənistan rəhbərliyini çox yaxşı tanıyırıq, erməniçiliyin “babbaqda gönünə bələdik”.
Roma Papası Ermənistanın Azərbaycanla sülh müqaviləsini imzalamağa hazır olduğuna inanırsa, o halda sual etsin ki, Nikol, sənin əsgərlərin niyə Azərbaycan tərəfə atəş açırlar? Axı, İrəvandan “sülhü imzalamağa hazırıq”, bəyanatı atəşkəsin bütün şərti sərhədlər boyunca birtərəfli qaydada pozulmasından əvvəl verilmişdi. Deməli, indiki halda tətiyin çəkilməsindən doğan narahatlıq var, nəinki sülh bəyanatlarından irəli gələn arxayınçılıq. Amma nədənsə Paşinyanın sülh nağıllarından hayıl-mayıl olanların heç biri - nə Avropa İttifaqı, nə ABŞ, nə Makron Fransası, nə də elə Roma Papası uzun aylardan sonra atəşkəsin intensiv pozulmasına reaksiya vermirlər. Elə bil belə də olmalı imiş, sülh bəyanatlarını atəş “müşayiət” etməliymiş. Heç olmasa, müqavilə imzalansa, iddia edərdilər ki, atəşfəşanlıqdır...
Azərbaycan Prezidenti birmənalı şəkildə bildirib ki, Ermənistan konstitusiyası dəyişdirilməyincə, sülh müqaviləsinin imzalanması mümkünsüzdür, yaxud da imzalanan sənədin əhəmiyyəti olmayacaq. Bütün bunlardan sonra, yəni Ermənistanın Azərbaycana, o cümlədən Türkiyəyə qarşı ərazi iddiasını özündə ehtiva edən əsas qanunu, normativ hüquqi aktları dəyişdirilmədiyi halda, sülh müqaviləsinin imzalanacağına doğrudanmı inanır bir sıra dairələr və şəxslər? Niyə bu gün sülh müqaviləsinə çəpik çalanlar Paşinyanı konstitusiyanı dəyişməyə çağırmırlar?
Budur, Nikol Paşinyan deyib ki, Ermənistan 2027-ci ildə yeni konstitusiyanın qəbulu ilə bağlı referendum keçirməyi planlaşdırır. “Gündəliyimizə konstitusiya dəyişiklikləri məsələsi daxildir. 2027-ci ilə planlaşdırılıb”. -, deyə o, qeyd edib. Paşinyan bildirib ki, komandası “siyasi gündəmi daha konkretləşdirmək” üçün 2026-cı il parlament seçkilərinə paralel olaraq referendumun keçirilməsinin məqsədəuyğundur. Nazirlər Kabinetinin rəhbəri əlavə edib ki, konstitusiyanın dəyişdirilməsi yalnız daxili siyasətlə bağlı məsələdir, lakin “regional və beynəlxalq təsir” də istisna deyil. İndi gəl bunu anla. Sülh imzalamaq üçün “təşnə olan” adam deyir biz hələ 2027-ci ildə komnstitusiyanı dəyişdirəcəyik. Hələ bilinmir Azərbaycanın tələb etdiyi maddələr çıxarılacaqmı? Çünki bunlarda bəhanə tükənmir. Paşinyan özünə sual edirmi görəsən, özü terror təhdidinin at oynatdığı Ermənistanda 2027-ci ilə çıxacaqmı?! Ən azı hakimiyyətini qoruya biləcəkmi? Bəlkə elə haylar onu 2026-cı il seçkilərində yola salacaqlar, Azərbaycanın ərazi bütövlüyünü şifahi şəkildə tanıdığına görə...Nikol Paşinyan Azərbaycanın şərtlərinə əməl edərsə - konstitusiyanı dəyişdirilməsi, yaxud Minsk Qrupundan imtina ilə bağlı – o halda özünü də, ölkəsini də xilas etmiş olar! Hələ də nə özü, nə də onun sülh nağıllarından vəcdə gələnlər bu reallığı anlamaqda çətinlik çəkirlər.
Başqa bir məsələ. Qarabağdan ÖZ XOŞLARI ilə çıxıb gedən ermənilərin geri qaytarılması ilə bağlı vaxtaşırı sərsəm fikirlər səslənir, iddialar irəli sürülür. Nikol Paşinyan özü də 2023-cü ildə etiraf etmişdi ki, Qarabağdan erməliləri qovan olmayıb, onlar özləri çıxıb gediblər. Hətta bu yaxınlarda Qarabağ ermənilərindən biri də bildirdi ki, Azərbaycan dövlətinin təmsilçiləri onlara Yevlax görüşündə reinteqrasiya ilə bağlı təkliflərlə müraciət edib. Lakin Qarabağda qalmaq, azərbaycanlılarla birgə yaşamaq istəməyiblər. Yəni bu yolu, yəni Laçın yolundan Gorusa yol alıb getməyi erməniləri özləri seçiblər. Onları kimsə döyə-döyə, söyə-söyə qovub o üzə aşırmayıb, əksinə, çörək, su, dərman təklif ediblər, təhlükəsiz şəraitdə Laçın sərhəd buraxılış məntəqəsindən keçmələrinə şərait yaradılıb. 300 min azərbaycanlı Ermənistandan necə çıxarılmışdı? Bu həqiqətlər ermənilərin Qarabağa qayıdışından dəm vuranlara tanışdırmı? Niyə yüz minlərlə azərbaycanlının başına gətirilənlərdən danışmırlar? Azərbaycan dövləti reinteqrasiya üçün portal yaratmışdı. Amma Ermənistan həmin portala müraciət etmək imkanlarını yasaqladı ki, Qarabağ ermənilərindən kimsə geri qayıtmasın. Həm də haylar Azərbaycan bayrağı altında, Azərbaycan qanunları ilə yaşamaqdansa, Azərbaycana qarşı ərazi iddiası olan Ermənistan Konstitusiyasının kölgəsində qalmağa üstünlük verdilər. Məsələ aydındırmı?
Kəsəsi, ermənilərlə azərbaycanlıların birgəyaşayışı alınmır! Bu, yeni məsələ deyil. Vaxtilə ermənilər, daha doğrusu, haylar İrəvana, Göyçə-Zəngəzura, daha sonra Qarabağa kütləvi köçürüldü. Birgəyaşayış, reinteqrasiya alındımı? Yox, haylar, daşnaklar kütləvi şəkildə yerli əhalini, qırıb-çatdılar, yerlərindən didərgin saldılar, evlərini yandırdılar, qadın, uşaq, qoca demədən qətlə yetirdilər, soyqırım etdilər – bir əsrdə bir neçə dəfə - deportasiyalar həyata keçirdilər! Ermənistan adlanan Qərbi Azərbaycanda bircə nəfər türk qalmadı. Qarabağda törətdikləri də bəlli. Son iki əsrdə dəfələrlə reinteqrasiya təşəbbüsləri oldu. Nə Çar Rusiyası, nə belşevik Rusiyası, nə sovetlər ermənilərlə azərbaycanlıların birgəyaşayışına nail ola bilmədi. O bir başqa mövzudur ki, vaxtaşırı iki xalqın arasında qırğın salmaqla öz maraqlarını təmin etməyə çalışdılar. Amma alət olmağa meyilli olanlardan istifadə edəcəklər təbii ki...Odur ki, bundan sonra bizdən uzaq olsunlar! Sülh müqaviləsi imzalansa belə, bir daha kompakt şəkildə azərbaycanlılarla bir yerdə yaşamağı ağıllarına gətirməsinlər. Çünki bir gün ilan olub, boğazımıza sarılacaqlar. Gələcək nəsillər üçün yeni minalar basdıra bilmərik. Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyan etiraf etmişdi ki, onlar əhalinin sayının azalmasına son qoymaqdan ötrü Bakı və Sumqayıtdakı hadisələri quraşdırıblar. Öz xalqına “təcrübə siçanı” kimi yanaşanlarla necə bir yerdə yaşamaq olar?!
25 Mart 2025
ŞƏRHLƏRŞƏRH YAZ