Onlayn ictimai-siyasi qəzet
Analitiklərə görə, Trampın prezident seçilməsi Azərbaycanın xeyrinə olacaq, Demokratların namizədi isə ermənipərəst çıxışları ilə yadda qalıb
ABŞ-nin vitse-prezidenti, Demokratlar Partiyasının 5 noyabr seçkisində əsas namizədi Kamala Harris qələbə qazanarsa, hazırkı prezident Co Baydenin kursunu davam etdirməyəcək.
“Yeni Müsavat” xəbər verir ki, bu barədə o, “Fox News”a verdiyi müsahibədə bildirib. K.Harris ölkəni idarə etmək üçün öz yanaşmasını təqdim edəcəyini vurğulayıb və şəxsi həyat təcrübəsinə, yeni ideyalarına əsaslanacağını qeyd edib. O, yeni nəsil liderləri təmsil etdiyini və bunun ona prezidentliyə xüsusi baxış bucağı qazandırdığını bildirib. Söhbət konkret hansı baxış bucağından və yoldan gedir? Ermənilərə simpatiyası olan Harris yeni bir komanda quracaqmı? Azərbaycanın pozitiv gözləntisi üçün əsas varmı? ABŞ Prezidenti Co Baydenin Ağ Evi ilə Kamala Harrisin komandası arasında münasibətlər seçkiyə son həftələr qalmış gərginləşib. “Axios” mənbələrinə istinadən məlumat yayıb. Hazırkı prezidentin komandası Harrisin noyabr seçkilərində qalib gəlməsini istəyir, lakin Baydenin bir çox köməkçisi prezidentin yenidən seçilməkdən imtina etməsini qəbul edə bilmir. Qeyd olunur ki, Ağ Ev Baydenin iş qrafikini və vitse-prezidentin kampaniyası üçün çıxışlarını kifayət qədər koordinasiya etmir.
Analitiklərə görə, Donald Trampın prezident seçilməsi Azərbaycanın xeyrinə olacaq. Donald Tramp prezident olanda ABŞ Ermənistanı tamamilə unutmuşdu. İndi isə Amerikanın pulları Ermənistana axır. Özü də su kimi. Böyük ehtimalla demək olar ki, Donald Trampın gəlişi Azərbaycan və Türkiyəyə Zəngəzur problemini həll etmək üçün də ciddi imkan yarada bilər. Co Bayden 2021-ci ildə qondarma “erməni soyqırımı”nı tanıdı. 2023-cü ildə isə Azərbaycana qarşı “907-ci düzəliş”in yenidən qüvvəyə minməsinə nail oldu. Aydındır ki, aşırı ermənipərəst olan Kamala Harris də eyni xətti yeridəcək.
Harris Ermənistanı sentyabrın 21-də qeyd olunan Müstəqillik Günü münasibətilə təbrik edib. O, ermənilərin “Dağlıq Qarabağa qayıtmaq hüququndan da danışıb. Halbuki Azərbaycanda ”Dağlıq Qarabağ" adlı bölgə yoxdur. Separatçılıq və işğalla assosiasiya olunan bu terminin işlədilməsi Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə hörmətsizlikdir. Bundan əlavə, ABŞ vitse-prezidentinin qayıdış hüququna yalnız etnik ermənilər üçün istinad etməsi ayrı-seçkilik xarakteri daşıyır. Qərbi Azərbaycandan qovulmuş azərbaycanlıların öz evlərinə qayıtmaq hüququ ədalətin və davamlı sülhün bərqərar olunması üçün zəruri şərtdir. O vaxtı ilə Kaliforniyanın baş prokuroru vəzifəsində çalışarkən də ermənipərəst çıxışlarla gündəmə gəlirdi. Böyük ehtimal, Harris prezident seçiləndən sonra da ermənilərə dəstəyini davam etdirəcək. Ümumiyyətlə, Demokratların böyük qismi ermənipərəst siyasətçilərdir. Onlar Ermənistana öz simpatiyalarını gizlətmirlər. Məsələ ondadır ki, bu cür şəxslər ABŞ-Azərbaycan münasibətlərinin də korlanmasına səbəb olurlar.
Fuad Əliyev
Siyasi ekspert Fuad Əliyev Harrisin Azərbaycan üçün uyğun namizəd olduğunu düşünmür. Onun sözlərinə görə, o da Bayden administrasiyasının ermənipərəst kursunu davam etdirəcək: “Tramp prezident olduğu dövrü xatırlayıram və ABŞ-la Azərbaycan münasibətləri yaxşı səviyyədə idi. Obama dönəmini yada salanda isə əlaqələrin heç də rəvan olmadığını demək lazımdır. Yəni Respublikaçılar araqarışdıran deyillər, ölkələrin daxili siyasətinə müdaxilə etmirlər, ermənipərəstlik göstərmirlər, Demokratlar isə medalın o bir üzüdür - insan haqları adı ilə ölkələrə təzyiq göstərirlər, ermənipərəstlik nümayiş etdirilir... Ona görə Harrisin son açıqlamasından Azərbaycan üçün gözlənti görmürəm. Ola bilsin ki, ölkənin idarəçiliyini, öz komandasını formalaşdırmağı nəzərdə tutur”.
F.Əliyev ABŞ-nin Harris dövründə Cənubi Qafqaz siyasətinin dəyişəcəyəni gözləmir: “Ermənistana dəstək gücləndiriləcək, çünki Rusiyadan uzaqlaşdırma strategiyası cəhətdən vacibdir. İkincisi, Qarabağdan getmiş ermənilər məsələsi gündəlikdə saxlanacaq, konqresmenlər səs almaq üçün bu təbliğatı davam etdirəcəklər, bu da Azərbaycanla münasibətlərə təsir edəcək. Həmçinin, Gürcüstana da təzyiqlər olacaq. Əgər bu ay qonşu ölkədə seçkilərin nəticələri ”Gürcü arzusu"nun xeyrinə başa çatarsa, Harrisin qələbəsi fonunda Vaşinqton Tiflisi sıxmağı sürətləndirəcək. Ona görə də ABŞ-nin Harris dönəmində Cənubi Qafqaz doktrinasında Azərbaycan və Gürcüstan əleyhinə siyasət, Ermənistana dəstək proqramları istisna deyil".
Emil SALAMOĞLU,
“Yeni Müsavat”
22 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ