Onlayn ictimai-siyasi qəzet
Hər dəfə hansısa ölkədə dövlət çevrilişi və ya hərbi qiyam olanda prezident və ya baş nazir ölkədən qaçanda, ya da qiyamı yatıraraq, çevrilişin qarşısını alanda ölkəmizdə bir xeyli adamın yadına mərhum eks-prezident Əbülfəz Elçibəy düşür.
Açığı, bu yadalmalar, devrilən və ya qaçan prezidentləri Elçibəylə qiyaslamalar artıq bezdirici səciyyə alıb, amma davam etdikcə edir.
Dövlət başçısı hərbi qiyamı yatırdanda, ona qarşı çıxanları qırıb-tökəndə, yerdə qalanlarını türməyə basıb edam edəndə deyirlər: “Bax, qiyamı belə yatırdarlar. Yoxsa o vaxt, 1993-cü ilin 4 iyununda Elçibəy...”
Belə stuasiyalarda bəzən olur ki, devrilməsinə təşəbbüs göstərilən prezident asanlıqla təslim olmur, ciddi müqavimət göstərir, amma axırda məğlub olur, ələ keçir, onda da bu cür deyirlər: “Gördünüzmü, necə döyüşdü, postunu qoyub qaçmadı. Yoxsa o vaxt 1993-cü ilin 17 iyunundan 18-nə keçən gecə Elçibəy...”
Bir variant da var: hərbi qiyam və xalq üsyanı olur, devrilməsi istənilən prezident anlayır ki, müqavimətin xeyri yoxdur, ailəsini də götürüb təyyarəyə minir, başqa bir ölkəyə uçur. Onda da Əbülfəz Elçibəy yada düşür. Bəziləri deyirlər: “Bu, heç olmasa başqa ölkəyə uçdu, amma Elçibəy öz kəndinə getdi, vəzifəsindən də istefa vermədi”.
Bir sözlə, dünya üzərində çevriliş, üsyan, qiyam, bu sıradan nə olursa-olsun, hamısında ölkəmizin bir çox vətəndaşları mütləq mərhum prezidenti xatırlayırlar. Ancaq bu xatırlamaların xeylisi xoşxassəli deyil, altında dərin bir kin, hikkə, nifrət var.
O hadisələrin üstündən çox keçib. Elçibəyin dövlət başında 32 il əvvəl, o da cəmi 1 il, o da iki ayrı-ayrı ilin yarısını, o da dövlət müstəqilliyinin 1 ili tamam olmayan ölkədə prezident olub. Bəs bu qədər kün-küdurət haradandır, səbəbi nədir, niyə səngimir, unudulmur?
O dövrdən keçən 31 ildə leytenant rütbəsi alaraq sistemə yeni daxil olan cavan oğlanlar ya artıq generaldırlar, ya da təqaüddədirlər. Analarından yeni doğulan uşaqların hamısı ata-anadırlar, şagird portfeli ilə dərsə gedənlər nazir portfeli ilə müşavirəyə gedirlər, Elçibəyin özü də, onu devirən də, qiyamın fəalları da artıq həyatda yoxdurlar. Amma Elçibəy söhbəti hələ də davam edir.
Bu 31 ildə bəlkə də 30-dan çox ölkədə çevriliş, qiyam, üsyan və sair bu kimi hadisələr olub, həmin hadisələrlə 1993-cü ilin iyununda Azərbaycanda baş verən analoji hadisənin fərqini anlamaq bu qədərmi çətindir?
Birmənalı olaraq demək olar ki, yalnız Azərbaycan bu tip hadisələrdən ən az zərərlə çıxan ölkədir. Tunisdə, Liviyada, İraqda, Misirdə, Yəməndə, Afrika ölkələrində, Myanmada qan su yerinə axmadımı, bu ölkələrdə vətəndaş müharibəsi başlamadımı, on minlərlə insan həlak olmadımı, milyonlarla insan ev-eşiyindən didərgin düşmədimi?
1993-cü ilin iyununda isə yalnız preizdent qvardiyasının zabit və əsgərləri həlak oldular. Allah onlara silah tuşlayanların hamısına dönə-dönə lənət eləsin. Ancaq ziyanın yarısından qayıtmaq mümkün oldu və xalqımızın qarşısındakı bu tarixi xidmət Elçibəyin iradəsi ilə baş tutdu.
Düzdür, xalqın iradəsi ilə hakimiyyətə gəlmiş qüvvələrin iqtidarı devrildi, ölkə demokratik dəyişikliklər yolundan, Avropaya inteqrasiya istiqamətindən sapdı, amma Elçibəyin öz kreslosu uğrunda dirəşməsi xalq üçün daha böyük faciələrə səbəb olardı.
Kimsə “elə şey olmazdı” deyəcəksə, deməsin, dönsün, üstündən 31 il keçməsinə baxmayaraq, o böyük demokrata, haqq-ədalət simvoluna ünvanlanmış bugünkü kin-küdurətə tamaşa etsin və görsün ki, bir qərinəyə yaxın vaxt keçsə də, adamın 1 illik hakimiyyətinə hələ də nifrət püskürürlər. Bəs o vaxt, hikkə və hiddətin ərşə-gürşə dirəndiyi, əllərdəki minlərə silahın tətiyi üzərində barmaqların oynadığı vaxtlarda necə olacaqdı? Heç nə, qiyamçılara müqavimət olsaydı, xalqın günahsız balalarını qıracaqdılar. Gürcüstanda Qamsaxurdiyanın tərəfdarlarını necə etdilər, bizdə daha betər olacaqdı.
Hətta Elçibəy hakimiyyəti mərhum prezident Heydər Əliyevə ötürməsəydi, hakimiyyət birbaşa Surət və komandasının əlinə keçsəydi, yenə də devrilənləri qıracaqdılar. Zatən yüzlərlə cəbhəçi girov götürülmüşdü. Müqavimət olsa, onların hamısını güllələyəkdilər. Çünki sifariş və silah şimaldan gəlmişdi, prorses qəddarlıqları ilə hamımıza tanış olan ssenari üzrə gedəcəkdi. Surət belə etmədiyi, edə bilmədiyi üçün peşmançılığını parlamentin iclasında dilə gətirdi, dedi ki, gərək o vaxt sizi Azadlıq meydanında asaydım, camaat cəmdəyimizə tüpürəydi.
Ona görə də hansısa ölkədə qanlı-qadalı dövlət çevrilişi olanda Elçibəyi yada salmaq lazımdırsa, “Allah rəhmət eləsin, o kişi çox adamın qanının arasna girdi” demək lazımdır.
Bir də bir məsələ var. Devrilən prezidentlərin milyardları məsələsi... Ən kasıbının 100 milyardı çıxır – nağd pul və daşınmaz əmlaklar, bank hesabları, ölkədə qalan, xaricə daşınan, gizlədilmiş varidatlar və s. Elçibəyin nəyi qalmışdı? Heç olmasa, əmanət kitabçasında 100 manatı qalmışdımı? Bax, bundan danışmaq gərəkdir.
Hələ onu da mülahizə etmək lazımdır ki, Elçibəy hakimiyyəti başqa birinə vermədi, indiki hakimiyyətə verdi. Elədirsə, indiki hakimiyyətin tərəfdar və təbliğatçıları onu niyə qınayırlar, anlaşılmır.
05 Fevral 2025
04 Fevral 2025
ŞƏRHLƏRŞƏRH YAZ