Onlayn ictimai-siyasi qəzet
Sovet dövrünün ən populyar filmlərindən biri olan “Qəribə təsadüf və ya həmişə təmizlikdə” filminin nümayişi 1976-cı ildən başlayaraq SSRİ-də hər Yeni il ənənəyə çevrilib. Əslində ssenari müəllifləri Emil Braqinski və Eldar Ryazanov (Ryazanov həm də filmin rejissoru olub) filmin belə uğurlu alınacağını düşünməyiblər. Belə ki, müəlliflər bu əsəri əvvəlcə teatr üçün yazıblar. Uğursuz pyes kimi Moskva teatrlarının heç biri onu qəbul etməyib.
Filmin ilk nümayişinin 100 milyon tamaşaçını, bir ildən sonra isə bu rəqəmin 250 milyonu keçməsi müəlliflər üçün ağılasığmaz rəqəmlər sayılıb.
“Qəribə təsadüf və ya həmişə təmizlikdə” filminin çəkilişləri başa çatdıqdan sonra onun kütləvi nümayişə buraxılması məsələsi gərgin müzakirələrə səbəb olub. Bəzi tənqidçilər bu filmi sərxoşluğun təbliği kimi dəyərləndiriblər. Hətta DTK sədri Yuri Andropov da bu filmi sovet ideologiyasına zidd kimi qiymətləndirib.
Müzakirələrin gərgin keçməsinə baxmayaraq, film kütləvi nümayişə buraxılıb. Amma tənqidlər də səngiməyib. Nəhayət, bir neçə il keçdikdən sonra Leonid Brejnev müəllifləri tənqidlərdən xilas edib.
Qeyd edək ki, həmin dövrdə Leonid Brejnevin rəsmi tədbirlərdəki bütün çıxışları nöqtə-vergülünə qədər mərkəzi qəzetlərdə çap olunub. O cümlədən baş katibin 1981-ci ildə partiyanın XXVI qurultayındakı çıxışı da qəzetlərin birinci səhifəsində tirajlanıb.
Bəli, məhz həmin qurultayda, partiyanın ən ali siyasi tədbirində Brejnev həmin filmin adını çəkib. Baş katib şəhərsalma mövzusuna toxunanda aşağıdakıları qeyd edib:
“Şəhərsalmada hər şeyin nə qədər gözəl və zövqlü olmasının vacibliyini izah etməyə ehtiyac yoxdur. Olimpiya obyektləri və Moskvanın bəzi yaşayış massivləri, keçmişin canlanmış inciləri, Leninqradın yeni memarlıq ansamblları, bir sıra şəhərlərdə yeni tikililərlə biz qürur duyuruq. Bununla yanaşı, biz şəhərsalmaya daha çox diqqət yetirməliyik, fərqli üslublara müraciət etməliyik. Biz tikinti sahəsində elə fərqlilik yaratmalıyıq ki, məşhur filmdəki kimi, taleyin istehzası ilə başqa şəhərə düşmüş və oradakı evi, yaxud mənzili öz evindən ayıra bilməyən filmin qəhrəmanına çevrilməyək...”
Təbii ki, qurultay nümayəndələri söhbətin hansı filmdən getdiyini dərhal anlayıblar. Fasilə zamanı isə istirahət otağında baş katib Siyasi Büro üzvləri ilə söhbət edəndə bildirib ki, “Qəribə təsadüf və ya həmişə təmizlikdə” onun ən çox sevdiyi filmlərdən biridir. Baş katibin çıxışındakı filmlə bağlı kiçik ifadə bütün ölkədə, o cümlədən rəsmi qurumlarda dolaşıb. Bununla da filmin müəllifləri tənqidlərdən xilas olublar.
Filmin çəkilişləri zamanı da problemlər yaşanıb. Ən böyük problem isə dostların hamamda “tədbir” keçirdikləri səhnə ilə bağlı olub. Çəkiliş zamanı aktyorlar həqiqətən də içki içiblər və çəkiliş üçün “yararsız” vəziyyətə düşüblər. Yalnız səhəri gün aktyorlar tam ayıldıqdan və tənbeh olunduqdan sonra çəkilişlər yenidən başlayıb.
Rejissor Eldar Ryazanovun aktyor seçimində də çətinlikləri az olmayıb. İppolit roluna Oleq Basilaşvili təsdiq olunsa da, o, atasının vəfatı ilə bağlı çəkilişlərdə iştirak edə bilməyib və bu rol Yuri Yakovlevə həvalə olunub. Andrey Mironov Lukaşinin rolunda çəkilmək arzusunda olub. Eldar Ryazanov bununla razılaşmayıb. O, Mironova İppolit rolunu təklif edib, bu təklifdən isə aktyor imtina edib. Eldar Ryazanov özü də filmdə epizodik rola çəkilib. Təyyarədə sərxoş vəziyyətdə olan Jenya Lukaşinin yanında əyləşən “sərnişin” məhz Eldar Ryazanovdur.
Filmdəki çovğunlu hava səhnələrindəki qar təbii olmayıb. Süni qarlı hava səhnəsini yaratmaq Eldar Ryazanov üçün böyük çətinliklər yaradıb. Filmdəki məşhur hamam səhnəsi əsl hamamda çəkilməyib. Həmin səhnə “Mosfilm”də mərtəbələrarası pillələrin altında quraşdırılıb.
Milyonların sevimli filminə çevrilən “Qəribə təsadüf və ya həmişə təmizlikdə” üçün büdcədən 372 min rubl ayrılıb. Müəlliflərə isə 9 min rubl qonorar verilib, hərəsinə 4500 rubl.
Qeyd edək ki, film 1977-ci ildə SSRİ-nin dövlət mükafatına layiq görülüb. Bu məsələ də müzakirələrsiz ötüşməyib. Son qərarı isə Brejnev verib:
“Biz bu filmi bəyənir, qəbul edir və həvəslə seyr edirik...”
İlham Cəmiloğlu,
Musavat.com
21 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ