Onlayn ictimai-siyasi qəzet
Hər gün yeni şeylər öyrənirik, ona görə ömrümüz uzanır. Çünki müdriklər demişdir, nə qədər çox bilsən, o qədər varsan. Bir də Sokrat deyib ki, əvvəl elə bilirdim hər şeyi bilirəm, sonra İctimai Televiziyaya baxdım, gördüm heç zad bilmirəm. Rəhmətlik ondan sonra zəhər içib, ömrünü bizə bağışlayıbdır. Yeri gəlmişkən, bugünlərdə internetdə tv-dən bir epizodu izlədim, aparıcı dedi ki, bizim “Sehirli xalat” filmi Qaqarin Aya uçmamışdan (seyidlərin cəddi haqqı belə də dedi) qabaq çəkilib, ümumiyyətlə, o filmdə texnologiyanın gələcəyi açıqlanıbdır.
Məntiqlə ayfonu-zadı da biz düzəltməliydik, niyə belə olub, anlamıram. O cür kino çəkirsən, sonra aftafa lüləyi yapışdırmağa belə düzgün usta tapılmır.
Yəqin telekanalın müdiri ünlü bilici olanda orada nə istəsən danışmaq mümkündür. Kim səhv tutacaq? Qələt eləyərlər.
Yeni şeylərdən birini də qazi dostum Məğrub bəy yazıb. Mobil telefon şirkətlərimizdən biri (guya mən onun adını yazsam, nə fərqi olacaq - hamısı eyni şirkətdir) qazinin oğluna aldığı telefon nömrəsini bağlayıbmış. Şikayət eləyəndə isə belə cavab veriblər: “Ailəniz o nömrəni etibarnaməsiz istifadə edirdi, ona görə bağlanıb”. İndi Məğrub bəy düşünür ki, mobil nömrəni necə minib doğma rayonu Ağsuya getsin. Axı belə çıxır nömrə avtomobil kimi şeydir, başqasına etibarnamə ilə verilməlidir.
Sonra anlayırsan ki, milli folklorumuzun “qarışqa mindim, çay keçdim”, “dəvə dəlləklik eylər”, “axsaq atın kor nalbəndi olar”, “uçan xalça” kimi mövzuları belə yaranıbdır. Xalça demişkən, mayın 4-5-də Bakıda, İçərişəhərin darvazaları yanında ilk Milli Xalça Festivalımızın keçirilməsi xəbərini gördük, sevindik, fürsət olsa gedib küçəyə sərilən xalçaların üstündə dombalaq aşar, palaza bürünüb elnən sürünərdik.
Ardı gəlsin, festival yaxşı şeydir. Sovet vaxtı hər şeyin belə festivalları olardı. Payızda Məhsul bayramı keçirilərdi, düzdür, süfrəmiz boş idi, camaat çürük armud tapmaq üçün “kaptorqlar”da eşələnər, talonla ayda 1 kilo qənd tozu almaq üçün 3 saat növbədə durardı. İndi bu xalça festivalı da təxminən elə şeydir. Nəyə görə belə yazıram? Özümdən uydurmuram ki. Dövlətin statistikasına baxmışam. Həmin statistika isə milli xalça istehsalımızın vəziyyətini heç yaxşı göstərmir.
“2023-cü ilin yanvar-avqustunda Azərbaycanda 2,4 min kvadrat metr xalça və xalça məmulatları istehsal edilib. 2022-ci ilin eyni dövrü ilə müqayisədə xalça və xalça məmulatlarının istehsalı 0,4 min kv/m və ya 14,3% azalıb. 2022-ci ilin yanvar-avqust aylarında bu göstərici 2,8 min kv/m idi” (fed.az).
Bizim istehsal elədiyimiz xalçaların satışı da pis durumdadır. 2022-ci ilin sentyabrında anbarlarda hazır məhsul ehtiyatı 4,4 min kv/metr idi. 2023-cü ilin sentyabrında anbar qalığı şişib (bəlkə “uzanıb” yazmaq daha doğru olar) 5,2 min kvadrata çatmışdı.
1980-ci illərdə Azərbaycanda xalça toxumaqla peşəkar məşğul olanlar 7000 nəfərə çatırmış. Hazırda isə “Azərxalça” sistemində 1000 nəfər işləyir.
Bunun səbəbləri nədir? Səbəb çoxdur. Qoyunlar azalır, deməli, yun da azalır. Xalçalarımız Çinin, Türkiyənin, İranın, Əfqanıstanın nisbətən ucuz xalçaları ilə bazarda rəqabət apara bilmir. Amma bu səbəblərin hamısının başında iqtisadi rəqabətə söykənən azad bazarın, azad istehsalın olmaması durur.
Lakin niyə dərd çəkək? Əsas festivaldır. Xalça olmasa da, festivalı bəsimizdir. Nar bağları quruyur? Cəhənnəmə ki. Nar bayramımız var! Çay bahalaşır, əvəzində çay festivalı edərik. Alça bayramı, qarpız günü, ipəkqurdu törəni... Maşallah, hamısından olmalıdır.
Bircə, deyəsən, “Halva festivalı”mız hələlik yoxdur. Çox lazımlı festivaldır. Xalqı yığırsan, toplu şəkildə “halva, halva, halva” deyirlər, dağılışırlar. Hamının da ağzı şirin olur.
23 Noyabr 2024
22 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ