Onlayn ictimai-siyasi qəzet
“Türkiyənin İŞİD-lə apardığı mübarizə konkret və real təhlükələrə əsaslanan terrorla mübarizə modelidir”.
Musavat.com xəbər verir ki, bunu Türkiyənin xarici işlər nazirinin müavini Nuh Yılmaz deyib.
O bildirib ki, Türkiyə, İraq, Suriya, İordaniya və Livan bu təhlükəyə qarşı birgə mexanizm yaradıb.
Nuh Yılmaz dünyada xarici siyasət və təhlükəsizlik məsələlərinin müzakirə edildiyi 30-dan artıq forumun olduğunu, lakin Antalya Diplomatiya Forumunun bu forumlar arasında xüsusi yer tutduğunu vurğulayıb.
“Antalya Diplomatiya Forumunun fərqli tərəfi odur ki, biz burada real insanların real problemlərini müzakirə edirik. Digər forumlarda əsasən transatlantik dünyanın problemləri Qərb baxış bucağından müzakirə olunur”, - Yılmaz əlavə edib.
O bildirib ki, Antalya Diplomatiya Forumunda aclıq, yoxsulluq, Qəzza məsələsi və onun bütün aspektləri, Suriyaya qarşı sanksiyalar, Ukraynadakı müharibə, Sudandakı vətəndaş müharibəsi və Somali kimi mövzular gündəmə gətirilir:
“Bu baxımdan, digər forumlarda toxunulmayan problemlər Antalya Diplomatiya Forumunda masaya yatırılır”.
Nuh Yılmaz əlavə edib ki, qlobal və regional problemlərin necə detallı şəkildə həll olunacağı və bu məsələlərin necə idarə ediləcəyi Antalya Diplomatiya Forumunda müzakirə olunur:
“Birləşmiş Millətlər Təşkilatından sonra dünyadakı ən böyük diplomatiya forumu Antalya Diplomatiya Forumudur. Bu forumda xüsusilə dünyanın unudulmuş bölgələrindən bir çox lider, diplomat, alim və bu sahədə söz sahibi olan şəxslər toplaşaraq qlobal problemləri burada müzakirə edirlər”.
Yılmaz bildirib ki, Suriya məsələsində 8 dekabr öncəsi və sonrası olmaqla yeni bir mərhələdən danışmaq lazımdır:
“Türkiyənin strateji məsələsi daha çox terror və miqrasiya ilə bağlı idi. Türkiyə bir tərəfdən ölkəyə olan miqrasiyanı dayandırmağa çalışırdı, digər tərəfdən isə bölgədəki terror təhlükəsini idarə etmək, nəzarət altına almaq və yerindəcə bu təhlükəni aradan qaldırmaqla məşğul idi. Bu gün isə Suriyada artıq yeni bir idarəçilik mövcuddur və bu dəyişikliyə uyğun olaraq məsələlərə yenidən yanaşmaq lazımdır”.
Nazir müavini Suriyadakı terror probleminin Türkiyə üçün vacib olduğunu, lakin bunun ilk növbədə Suriya rəhbərliyi üçün bir suverenlik məsələsi olduğunu deyib və əlavə edib:
“Əgər Suriya rəhbərliyi ölkəsinin bütün ərazilərinə nəzarət etmək istəyirsə və əsl milli dövlət olmaq niyyətindədirsə, o zaman terror təşkilatlarının idarə etdiyi bölgələrdə onların hərbi strukturlarını dağıtmalı və bu qrupları aradan qaldırmalıdır. Bu səbəbdən bu məsələ artıq daha çox Suriya mərkəzi hakimiyyətinin həll etməli olduğu bir problemə çevrilib”.
Yılmaz qeyd edib ki, bu prosesi diqqətlə izləyirlər və Türkiyəyə yönələn hər hansı bir terror təhlükəsi olarsa, keçmişdə olduğu kimi, bu dəfə də lazımi tədbirləri görməyə hazırdırlar.
Nuh Yılmaz İŞİD-dən də danışıb. Bu terror təşkilatının bütün bölgə üçün təhlükə təşkil etdiyini, bəzi ölkələrdə rejimləri devirdiyini, bəzi ölkələri isə parçaladığını qeyd edib. Əlavə edib ki, Türkiyə bu məsələni son dərəcə ciddi qəbul edir.
Yılmaz vurğulayıb:
“Əsas problem ondan ibarətdir ki, İŞİD təhdidi bəhanəsi ilə bölgəyə xarici güclər müdaxilə edir və ikinci mərhələdə isə bəzi terror təşkilatları İŞİD-lə mübarizə adı altında Suriyada öz varlıqlarını qanuniləşdirməyə çalışırlar. Biz Türkiyə olaraq bunu qəbul etmirik. Bu səbəbdən İŞİD-lə mübarizəni ciddi qəbul edirik və bu mübarizədə həm Suriya, həm də İraqın yanındayıq.
Bu məsələ yalnız Türkiyənin deyil, region ölkələrinin ortaq problemidir. Buna görə də Türkiyə, İraq, Suriya, İordaniya və Livan bir araya gələrək bu təhlükə ilə mübarizə üçün ortaq bir mexanizm yaradıb. Bu çərçivədə bir əməliyyat mərkəzinin yaradılması qərara alınıb. Bu əməliyyat mərkəzi vasitəsilə, təbii ki, Suriya dövlətinin prioritetləri əsasında və onun rəhbərliyində lazımi tədbirlər görüləcək.
Beləliklə, bölgəyə müdaxilə edən xarici ölkələrin bəhanələri əllərindən alınacaq, regionun təhlükəsizliyi təmin olunacaq və İŞİD məsələsindən bəhanə kimi istifadə edərək öz varlığını qanuniləşdirməyə çalışan terror təşkilatlarının qarşısı alınacaq. Türkiyə bu sahədə əlindən gələni etməyə hər zaman hazırdır”.
Aytən Novruz
Musavat.com
15 Aprel 2025
14 Aprel 2025
ŞƏRHLƏRŞƏRH YAZ