İnsanlara hürriyət, millətlərə istiqlal!

Güzəştli mənzillərin satışı üçün sadə mexanizm yoxdurmu - ekspertlərin təklifi

“Şərtlər elə sıralanmalıdır ki, həmin mənzillərin bölüşdürülməsi zamanı ədalət də qorunsun, insanlarda sual yaranmasın”

Güzəştli mənzillərin satışı bu dəfə də baş tutmayıb. Sentyabrın 15-də prosesə start verilərkən Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) “Güzəştli Mənzil” informasiya sistemində problem yaranıb.

“ASAN Login” sistemində yüklənmə olduğundan problemlər yaranıb.

Ardınca açıqlama yayıldı ki, yenə də Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) mənzillərinin satışı prosesinə kiber müdaxilələr olub. Bu barədə Azərbaycan Dövlət Təhlükəsizliyi Xidməti, MİDA, Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi birgə məlumat yayıb.

Bildirilib ki, MİDA-nın növbəti layihəsi - Yasamal Yaşayış Kompleksinin ikinci mərhələsində 815 mənzilin 15.09.2022-ci il tarixində güzəştlə satışı prosesi başlamamışdan öncə ictimai əhəmiyyətli infrastruktur obyektləri olan dövlət orqanlarının informasiya sistemlərində əlavə yüklülük doğuran texniki nasazlıqlar aşkar edilib.

Qeyd olunan halların hazırkı mərhələ üzrə güzəştli şərtlərlə mənzil seçimi prosesinin obyektiv nəticələrinə mümkün təsirləri nəzərə alınaraq mənzil satışının vaxtı təxirə salınıb.

Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən başlanılmış ilkin araşdırmalar zamanı Elektron Hökumətin İnkişafı Mərkəzinin “ASAN Login” sisteminə ölkə hüdudlarından xaricdə yerləşən qlobal hostinqlərə məxsus İP aralıqlardan istifadə edilməklə iri həcmli kiberhücumun olduğu aşkar edilib.

Faktla bağlı DTX-nın İstintaq baş idarəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 273.4-cü (İctimai əhəmiyyətli infrastruktur obyektlərinin kompüter sisteminə və ya kompüter məlumatlarına qanunsuz müdaxilə) maddəsi ilə cinayət işi başlanılmaqla istintaq və əməliyyat-texniki tədbirlər həyata keçirilir.

Hazırda aidiyyəti dövlət orqanları ilə birgə qeyd olunan kiberhücum kanalları tam təsbit edilərək bloklanıb.

Güzəştli şərtlərlə mənzil seçiminin tarixi ilə bağlı ictimaiyyətə ən qısa zamanda məlumat veriləcək.

Qeyd edək ki, bundan əvvəl də MİDA Yasamal Yaşayış Kompleksinin mənzillərinin satışı zamanı qanunsuz müdaxilələr aşkarlanmışdı və nəticələr ləğv olunmuşdu. İkinci dəfə isə proses baş tutmadı.

Hər ikisi sistemdəki çatışmazlıqlara görədirsə, bunu daha sadə mexanizmlə etmək mümkün deyilmi?

Ekspertlər hansı alternativ variant təklif edir? Dünyada belə təcrübələr necə icra olunur?

Bir iddia da budur ki, elektron qayda həm də bir növ şansa - kompüterdən sürətli istifadə bacarığına, internet sürətinin yüksəkliyinə də bağlıdır, bu isə obyektivliyə şübhə yarada bilir. Mürəkkəbdən ən sadə varianta doğru getmək olmazmı?

Natiq Cəfərli: “Azərbaycanda qiymət artımı getdikcə sürətlənəcək” – Qərb  Xəbər

Natiq Cəfərli

İqtisadçı ekspert Natiq Cəfərli “Yeni Müsavat”a bildirdi ki, Mənzil İnşaatı Dövlət Agentliyinin fəlsəfəsi kökündən yanlış olduğu üçün dəfələrlə təkrarlanan, həmin ideyanı, hətta qurumu da gözdən salan vəziyyət yaşanır: “800 mənzilə 30 mindən çox insan iddia edirsə və bunu bir ”tıklama" yarışmasına çevirirlərsə, bu, məntiqsiz yanaşmadı. Sistemin çökməsi də bunu sübut edir. Azərbaycanda qanunvericiliyə görə, MİDA-nın tikdiyi mənzillərə ehtiyacı olan və buna hüququ çatan 10 minlərlə insan var. Bu mənzilləri almağa hüququ çatanlarla bağlı şərtlər öncədən müəyyənləşməlidir ki, şübhə yaradacaq suallar qalmasın. Əgər bunu bacarmırlarsa, məsələn, 2-3 min insanın haqqı çatırsa, amma mənzil sayı 800-dirsə, cəmiyyətin güvəndiyi insanlardan ibarət komissiya təşkil edilərək lotereya üsulu ilə həmin mənzillərin bölüşdürülməsi daha məntiqlidir. Kredit imkanları genişlənməlidir ki, eyni şərtlərlə ev almaq mümkün olsun. Mənzillərin sayı azdırsa, insanlarda ciddi xəyal qırıqlığı yaratmaqdansa, başqa mexanizm işlənib hazırlansa, yaxşı olar. Şərtlər elə sıralanmalıdır ki, həmin mənzillərin bölüşdürülməsi zamanı ədalət də qorunsun, insanlarda sual yaranmasın. Şəhid, qazi və aztəminatlı gənc ailələrə üstünlük verilməlidir".

İnformasiya texnologiyaları üzrə mütəxəssis, Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz güzəştli mənzillərin satışı prosesini izləmək üçün MİDA-nın media üçün təşkil etdiyi konfransda şəxsən iştirak edib. O,  açıqlamasında qeyd edib ki, sistemdə yüklülük kiber hücumla əlaqəli olub: “Baxıram ki, bir çoxları yazıblar ki, MİDA sistemi çöküb. Bu doğru deyil. Çökən MİDA-ya qədər olan sistem - Asan Login sistemidir. Əslində çökmək də demək olmaz, sadəcə, cavabdeh şəxslər satışdan öncə müəyyən ediblər ki, Asan Loginə edilən müraciətlər normalda olduğundan kəskin artıb. Onlar da doğru olaraq bunu kiber hücum olaraq dəyərləndiriblər və satışı məqbul hesab etməyiblər. Yəni satışın dayandırılması təklifini Asan Loginə cavabdeh qurum, Elektron Hökumətin İnkişafı Mərkəzi, onun səlahiyyətli nümayəndəsi verib.Yeri gəlmişkən, satış prosesinə az qalmış eGov Mərkəzin rəsmi nümayəndəsinin rəsmi açıqlama verərək problemin MİDA-da deyil, Asan Logində olmasını bildirərək rəngi qaçmış və bir qədər də yazıq görkəmdə olan MİDA nümayəndələrini ”xilas" etməsini müşahidə etmək də bir ayrı məsələ idi. Anlaşılmaz odur ki, nə üçün dövlət resursuna ola biləcək təhdid, kiber hücum öncədən nəzərə alınmayıb. Kiber hücum haradan olub? Bunun ötən satışın ləğvi ilə hər hansı əlaqəsi varmı?Bəlkə də Azərbaycan-Ermənistan sərhəddində baş verənlərlə bağlıdır? İndi adi bir proqramçı da pulsuz resurslardan istifadə edib DDoS hücum təşkil edə bilərsə görəsən nə üçün məsul şəxslər bunu nəzərə almayıblar? İndi bu tip hücumları zərərsizləşdirməyin heç bir problem olmadığı bir zamanda aidiyyəti qurumların səhlənkarlığı təəssüf doğurur".

Nigar HƏSƏNLİ,
“Yeni Müsavat”

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

13 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR