İnsanlara hürriyət, millətlərə istiqlal!

Gürcüstanı 3+3 formatına qoşmaq mümkün olacaqmı - perspektiv...

Siyasi şərhçi: “Tiflislə Moskvanı barışdırmağın yollarını axtarmaq mənasız vaxt itkisindən başqa bir şey olmaz”

Oktyabrın 24-də Tehranda 3+3 formatında 5 ölkənin - Azərbaycan, Türkiyə, İran, Rusiya və Ermənistanın XİN başçılarının növbəti görüşü baş tutdu. Bir sıra mühüm məsələlər müzakirə olunsa da, konkret qərarlar verilməsindən hələlik danışmaq tezdir. Həm də ona görə ki, bu platformada Gürcüstanın iştirakı nəzərdə tutulsa da, Tiflis toplantılara qatılmır. Səbəb isə belə izah edilir ki, onların Gürcüstan ərazilərini işğal edən ölkənin də təmsil olunduğu formatda iştirakı istisnadır.

Bunu Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili Rusiya xarici işlər naziri Sergey Lavrovun Gürcüstanın 3+3 formatında iştirakı ilə bağlı bəyanatına münasibət bildirərkən deyib.

Spiker qeyd edib ki, Gürcüstanın şərtləri Rusiyaya bəllidir və bu ərazilərin işğaldan azad edilməsidir.

“İlk addım Gürcüstan ərazilərinin işğaldan azad edilməsidir. Biz ilk dəfə deyil ki, Rusiyadan bu cür bəyanatlar eşidirik. Bizim mövqeyimiz onlara aydındır”, - Papuaşvili bildirib.

Gürcüstanın tələbi şübhəsiz ki, çox ağır tələbdir və Rusiyanın bunu edəcəyi inandırıcı görünmür. Belədə 3+3 formatının perspektivi necə olacaq? 3+2 ilə işlər alınarmı? Gürcüstan və Rusiyanı barışdırmağın yolu nədir?

Abutalıb Səmədov partiyasını niyə bağladı? – Özü danışdı - GlobalInfo.az

Abutalıb Səmədov

Siyasi şərhçi Abutalıb Səmədov “Yeni Müsavat”a bildirdi ki, 44 günlük müharibədən sonra Azərbaycanın və Türkiyənin irəli sürdüyü 3+3 formatında Gürcüstan əvvəlcə iştirak etmək istəyirdi. Bu barədə Gürcüstanın xarici işlər naziri David Zakaliani açıq şəkildə demişdi ki, Gürcüstan mütləq 3+3 formatında iştirak etməlidir, baxmayaraq ki, Rusiya ilə əməkdaşlıq bizim üçün çətindir: “Sonra ABŞ prosesə müdaxilə elədi. Müdafiə naziri Ostin 2021-ci ilin oktyabr ayında Gürcüstana səfərə gəldi və öz münasibətini bildirdi ki, Gürcüstanın 3+3 formatında iştirakı nə qədərki Rusiya işğal etdiyi əraziləri azad etməyib mümkünsüzdür. Gürcüstan da sonradan bu bəyanatı təkrarladı və sözügedən formatın 2021-ci ildə Moskvada xarici işlər nazirlərinin müavinləri səviyyəsində keçirilən görüşündə iştirak eləmədi. Bu da təbii ki, bu platformatının əhəmiyyətini müəyyən qədər azaltdı və təsadüfi deyil ki, 2021-ci ilin dekabrında ilk görüş keçirildi və növbəti görüşü isə təxminən iki sonra-bugünlərdə keçirmək mümkün oldu. Əslində bu görüşü də uğurlu və nəticəli saymaq qeyri-mümkündür. Çünki Ermənistan sülh sazişinin müzakirəsini düzgün saymadı, eyni addımı iki il əvvəl keçirilən Moskva görüşündə də atmışdı və demişdi ki, sülh sazişi məsələsi Minsk Qrupu çərçivəsində müzakirə olunmalıdır. İndi artıq Minsk Qrupu yoxdur və indi Qərbin vasitəçiliyi tələbini İrəvan irəli sürür. Üstəlik, burada iştirak eləyən dövlətlər arasında prinsipial məsələlərə münasibətdə ciddi fikir ayrılığı var. Bu səbəbdən də bu platformanın gələcəyi o qədər də yaxşı görünmür”.

Siyasi şərhçi güman eləmir ki, Gürcüstanın iştirak etmədiyi 3+3 formatında ardıcıl ciddi fasilələr olmadan görüşlər keçirmək və ciddi qərarlar qəbul etmək mümkün olsun: “Gürcüstanın 3+3 formatında iştirakı təbiidir ki, arzuolunandır. Ancaq nə qədər ki, Rusiyanın işğal etdiyi torpaqlarını Tiflis azad etmək tələbini irəli sürür, bu iştirak yəqin mümkünsüzdür. Çünki Rusiya Gürcüstanın bu formatda iştirakı xatirinə Abxaziyadan və Cənubi Osetiyadan imtina etməyəcək. Ona görə Gürcüstanı və Rusiyanı barışdırmağın yollarını axtarmaq mənasız vaxt itkisindən başqa bir şey olmaz. Baxmayaraq ki, son aylar Gürcüstanla Rusiya arasında müəyyən yaxınlaşma meylləri hiss olunmaqdadır. Ola bilsin ki, 3+3 formatı üçün bundan sonra da fasilələrlə yenə də 5 dövlətin təmsilçilərinin toplantıları olacaq, ancaq Gürcüstanın ən azı yaxın illərdə buraya qoşulması və ciddi qərarların qəbul olunması çox çətindir. Həm də ona görə çətindir ki, iştirakçılar arasında bir sıra məsələlərə ciddi yanaşma fərqi var, maraqların toqquşması vəziyyəti mövcuddur. Bu da həmin formatın işinin səmərəsini xeyli azaldacaq”.

Etibar SEYİDAĞA,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

29 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR