İnsanlara hürriyət, millətlərə istiqlal!

Gəlinlər üçün xüsusi telefon

Deyir 3x3 basketbol üzrə qadın milli komandamız Avropa Kubokunun təsnifat mərhələsində, qrup oyununda Kosovoya qalib gələrək yarımfinalda Malta ilə oynayacaqmış.

Nə qədər gözəl xəbərdir... Hətta az qalırsan altından ənənəvi reklamımızı yazasan: “Azərbaycan şərqdə qadınlara səsvermə hüququ verəndə İsveçrədə hələ qadınlar inək otarırdı”, “Cənnət anaların ayaqları altındadır”, “Gör müstəqil ölkəmizdə qadın hüquqları nə qədər qorunur” və sairə.

Doğrudan da qadınların basketbol oynadığı yerdən hər cür insan azadlığı gözləmək olar. Əfqanıstan deyil ki, qadınların evdə səbətlə danışmağı da qadağan olunsun. Bizim qızlar hətta səbətə top atırlar! Bəh-bəh...

Lakin gərək bu “milli komandanın” xəbərlərini eləcə uzaqdan izləyəsən, heç oyuna canlı-cansız, istənilən şəkildə tamaşaya durmayasan. Çünki dilxor olacağın mütləqdir. Nəyə görə? Ona görə ki, bu basketbol komandasının Azərbaycana dəxli Paşinyanın Qurban bayramına dəxli qədər olar, ya olmaz.

Buyurun, “sastavı” yazıram: Aleksandra Möllenhauer, Dina Ulyanova, Arika Karter, Brianna Freyzer. Heç olmasa damazlıq kimi də içlərinə “Fatmabəyim”dən, “Bibixanım”dan-filandan qatmayıblar. Bunun nəyi Azərbaycan komandasıdır? Bu komanda lap dünya çempionu olsa, bizim nəyimizə lazımdır? Nə üçün Azərbaycan qadınları özləri basketbol oynamır, əvəzində pulla belə saxta “milli” düzəldilir?

Əlbəttə, Brianna Freyzer anadan Biləcəridə doğulsaydı, Sulutəpədə məşqə getsəydi, sözümüz yox idi, qloballaşan dünyada yaşayırıq. Belə deyil axı.

Mövzu açılmışkən, bu yaxında mobil telefon şirkətimizə qarşı xalq üsyan püskürmüşdü. Deyirdilər danışıq qiymətini qaldırıblar, soyğunçuluq baş alıb gedir. Lakin mən həmin şirkətin tərəfindəyəm. Əcəb eləyirlər. Bizə mobil telefon işlətmək kimi ağır günaha batmaq lazımdırmı?

Havadan yazmıram. Vaxtaşırı kriminal hadisələrə dair xəbərlərdə oxuyuruq, eşidirik, görürük: qadınları mobil telefon işlətdikləri üçün yaralayır, öldürürlər. Qaynana intervü verir, deyir gəlini gizli telefon işlətdiyi yerdə tutduq. Ata danışır, deyir qızımın mobil telefonla danışdığını gördüm, dözmədim, eşşək balası kimi çırpdım.

Azərbaycanda mobil telefon işlədən qadın artıq günah yiyəsi sayılır, biləsiniz. Zibil işi olmasa niyə telefonu var – “məntiq” budur. Sən də deyirsən basketbol oynasınlar... Basketbolu gavur balaları oynayar, biz də baxarıq, eybi yoxdur. Təki himnimiz səslənsin axırda.

Hesab edirəm ki, elçiliyə gedəndə ağsaqqal-ağbirçəklər, yengə və toyxana işçiləri ilk növbədə bu məsələni öyrənməlidir: qızın əli mobilniyə dəyib, ya dəyməyib? Vatsapda, əstəgfürullah, Feysbukda-zadda profili vardırmı? Yutubda gəlin bəzəmək videolarına qardaşının ünvanı ilə baxır, yoxsa öz adına, öz şəkliylə (!!!) profil qayırmışdır?

Hələ ən pozğun kateqoriya var, onlar Tik-toka girənlərdir, heç adını tutmaq lazım deyil, evdə qarısalar məsləhətdir.

Məncə biznesmenlərimizin yaradıcı qabiliyyəti olsaydı çoxdan Çində zavodlara sifariş verib gəlinlər üçün xüsusi, özəl telefonlar istehsalını təşkil etməliydilər. Bu telefonlar məhz qayınata və qayınana əlinə keçmədən, internetə gizli girmək üçün düzəldilməlidir. Texnoloji, fiziki olaraq bunu necə etmək olar, hələlik bir ideyam yoxdur, ancaq ən azı üz tanıma, əl izi funksiyaları tipində nələrsə düzəltmək olar. Məsələn, “gəlin üzü” funksiyası aktiv edilirsə əşya yalnız gəlin ona baxarkən telefon olur. Qayınata, ər, baldız, elti, yengə, ərin xalası arvadı və sairə yoldaşlar əşyanı əlinə götürsə dərhal sarımsaqdöyənə çevrilir. Ya da nə bilim, xəkəndaza.

Bundan başqa, Arvad-Uşaq Komitəmiz, başda Bahar xanım olmaqla, gərək telefon işlətməyin üsulları üzrə gəlinlərə təlimlər keçsin. Morze kodu, Eniqma açarı, esperanto dili, lazım gəlsə klinqonların əlifbası istifadə edilsə nə qədər gəlin sağ qalar.

İndi söz əlaqədar təşkilatlarındır. Yazın görüm siz nə qədər milli komandasınız.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

09 Iyun 2025

BÜTÜN XƏBƏRLƏR