İnsanlara hürriyət, millətlərə istiqlal!

Gürcüstan və Rusiya - əbədi düşmən, yoxsa...

Prezident Zurabişvili bəyan edib ki, ölkəsinin yalnız bir düşməni var, o da Rusiyadır; təhlilçi: “Gürcülərin Abxaziya və Cənubi Osetiya işğalına münasibəti bizimkindən fərqlənir”

“Əsrlər boyu belə bir təəssürat olub ki, Gürcüstanın bir düşməni var və bu, Rusiyadır”. “Yeni Müsavat” xəbər verir ki, bu barədə Gürcüstan prezidenti Salome Zurabişvili yerli KİV-ə müsahibəsində deyib. Onun sözlərinə görə, bəziləri bunu bu gün də anlamır. 

“Ola bilsin ki, bəziləri bunu anlamır, bəziləri anlamaq istəmir, bəzilərinə isə bu sərf edir. Lakin bu fakt hər şeydə görünür”, - o deyib. Rusiya və Gürcüstan arasında son 20 ildə baş verənlərin fonunda hazırda bu iki ölkəni düşmən hesab etmək olar. Ancaq bu iki dövlət gerçəkdənmi əsrlər boyu düşmən olub və bundan sonra da - əbədi düşmən olaraq qalacaqlar. Əsas sual isə budur: coğrafi qonşu ilə əbədi düşmənçilik davam etməlidirmi? Rusiya ilə bu cür davranmaq Gürcüstana nə qazandırır? Axı əbədi düşmənçiliyə dair tarixi faktlar azdır. SSRİ-nin ən azı iki rəhbəri - Stalin və Beriya gürcü olublar. O halda hansı tarixi ədavətdən söhbət gedir? Hazırda Rusiya-Gürcüstan münasibətləri kövrəkdir. Qaribaşvili iqtidarı çalışır ki, rusun pəncəsini tapdalamasın, ticarət dövriyyəsini artırsın. Hətta Avropa Birliyini tənqid etmişdi ki, siz Rusiya ilə iqtisadi əməkdaşlığı tam dayandırmamısınız, bizdən niyə tələb edirsiniz?! İkinci istiqamət isə Aİ-yə inteqrasiyadır. Artıq Gürcüstan namizəd statusu da qazanıb. Prezident Zurabişvili həmin xəttin müdafiəçisidir. Yəni ölkədə baş nazirlə prezidentin siyasi kursları fərqlənir. Əgər Gürcüstan Aİ-yə üzv olarsa, Moskva bunu böyük qəzəblə qarşılamayacaq, çünki münasibətlər Saakaşvili dövründə olduğu kimi, kəskin deyil.

“Cənubi Qafqaz üçün yeni ildə təhlükəli ssenarilər var”. Rusiyalı politoloq Stanislav Tarasov belə deyib. O, Bakı və İrəvan arasında bir sıra sualların cavabsız qaldığını bildirib: “Burada əsas rəqabət geosiyasi marşrutlar və onların sponsorları arasında cərəyan edəcək. Cənubi Qafqazda ötənilki proseslərin davamını görəcəyik. Danışıqlarda eyni məntiq hakim olacaq. Ötən il hər iki tərəf bir çox məsələlərdə razılığa gəldiklərini və sazişi imzalamağa yaxın olduqlarını açıqlayıblar. Lakin hesab edirəm ki, saziş imzalansa belə, münaqişə yekunlaşmayacaq. Regionu "qaynadacaq" bəzi suallar var. Bir sıra razılaşdırılmayan məsələlər qalsa da, Bakı və İrəvan sülh sənədini imzalamaq istəyirlər. Rusiya, İran, Gürcüstan, AB, ayrı-ayrı ölkələr prosesə müdaxiləyə və görüşlər təşkil etməyə çalışırlar. Bu, yəqin ki, sənəd imzalanana kimi davam edəcək. Lakin bəzi məsələlər regional atmosferin sabitləşməsinə imkan verməyəcək".

Ramiyə Məmmədova: Qələbə hər zaman doğrunun yanındadır - KAFKASSAM -  Kafkasya Stratejik Araştırmalar Merkezi

 Ramiyə Məmmədova

Siyasi ekspert Ramiyə Məmmədovanın “Yeni Müsavat”a bildirdiyinə görə, Gürcüstan Avropa ailəsinin bir üzvünə çevrilməkdədir, lakin Rusiya ilə ehtiyatlı siyasət aparır: “Gürcüstana rus turistlərin yenidən ayağı açılıb. Gürcü xalqı da anlayır ki, onun potensialı döyüşməyə çatmaz. Saakaşvilini hələ də gürcü cəmiyyəti qınayır ki, Rusiya üstümüzə qaldırdın. Beş günlük müharibə gürcü xalqına dərs oldu. Hazırda Abxaziya və Cənubi Osetiyada yerli xalqlar yaşayır. Onlar etnik təmizləməyə məruz qalmayıblar, Gürcüstan dövləti qaçqın problemi ilə qarşılaşmayıb. Ona görə də onun torpaqları yağmalansa da, Qarabağ münaqişəsi, bizim ərazilərin işğalı kimi olmadı. Necə ki, Krım ilhaq edilib, amma yenə də orada tatarlar yaşayırlar. Qarabağda isə azərbaycanlıların hamısı didərgin salındı, mülki insanlar öldürüldü. O baxımdan gürcü cəmiyyətinin Rusiya tərəfindən işğal edilmiş Abxaziya və Cənubi Osetiyaya münasibəti fərqlənir. Bu gün gürcülərin gündəmində torpaqlara sahiblənmək yoxdur. Onlar Qərb ölkəsi olmaq, inkişaf haqda düşünürlər. Məncə, Zurabişvili kimi siyasətçilər vəziyyəti ağırlaşdırmasalar yaxşı olar.

Gürcüstan Rusiya ilə dost deyil, amma əbədi düşmən də qalmayacaq”. Təhlilçi hesab edir ki, Abxaziya və Cənubi Osetiya probleminin həlli müşkül görünür: “Hətta Rusiya əlini çəksə və gürcü ordusu oraya daxil olsa belə, yenə də münaqişə həllini tapmayacaq. Çünki abxazların, osetinlərin gürcülərə olan münasibəti dəyişməyəcək. Misal üçün, biz xunta rejimini məhv etdik, dinc erməni əhalisinə təhlükəsizlik zəmanəti verdik, amma onlar qalmadılar. Səbəb sadədir - ermənilərin bizə nifrəti, baxışı dəyişməyib. Bizimlə birgə yaşamaq istəmədilər. Onlar yaxşı bilirdi ki, dinc ermənilərə hər hansı təzyiq olmayacaq, ancaq bizə düşmən hissi qaldığı üçün çıxıb getdilər. Eləcə də abxazlar, osetinlər gürcülərlə bir dövlət kimi yaşamaq istəməzlər. Artıq münaqişənin 30 ildən çox yaşı var. Sadəcə, onlar da inkişaf etmirlər, Rusiyanın təsiri altındadır. Rusiya onlara nə vəd edə bilər ki?!”

Emil SALAMOĞLU,
“Yeni Müsavat” 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

29 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR