Onlayn ictimai-siyasi qəzet
Tiflis və İrəvandakı gərginlik fonunda Azərbaycandakı daxili sabitlik kimləri narahat edir?
Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) Milli Şuranın mayın 19-da mitinq keçirməklə bağlı müraciətinə cavab verib. BŞİH mitinqin keçirilməsini məqbul saymayıb. Qeyd edilib ki, Bakı şəhəri, Yasamal rayonu, M. Seyidov küçəsi, 3155-ci ünvanda yerləşən Yasamal İdman-Sağlamlıq Kompleksinin stadionunda təmir işləri həyata keçirilir. Eyni zamanda, metronun 28 May və Nəriman Nərimanov stansiyalarının qarşısındakı ərazilər əhalinin daha sıx hərəkət etdiyi metro çıxışları olduğu, nəqliyyatın intensiv hərəkət etdiyi hissələrdə yerləşdiyindən həmin məkanlarda toplantıların keçirilməsi tıxacların yaranmasına və vətəndaşların sərbəst hərəkət hüququnun pozulmasına səbəb olacaq.
Qeyd edək ki, 19 may aksiyası üçün Milli Şura yeni tələb irəli sürüb. Milli Şuranın sədri Cəmil Həsənli “Azadlıq radiosu”na deyib ki, Azərbaycanın 22 fevral 2022-ci ildə Rusiya ilə bağlanmış müqavilədən (Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamədən söhbət gedir) imtina etməsini tələb edirlər. C.Həsənli iddia edir ki, bu sənəddə Azərbaycanın suverenliyini məhdudlaşdıran maddələr var.
Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimli və Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyinin rəhbəri Peter Mixalko arasında bir neçə gün əvvəl görüş olub. “Səfir Peter Mixalko ilə görüşdə Azərbaycan - Avropa əlaqələrini, Azərbaycanın Avropa İttifaqına inteqrasiya perspektivlərini müzakirə etdim. Cənab Mixalko ilə görüşdə həmçinin ölkəmizdəki siyasi məhbus, sərbəst toplaşmaq azadlığının təmin edilməsi, seçki islahatı problemlərini də müzakirə etdik”, - AXCP sədri Əli Kərimli “X” platformasında yazıb.
Son günlər AXCP sədrinin video-müsahibələrində bu görüşdən təsirləndiyi hiss olunmaqdadır. Gürcüstanda baş verən olaylara Qərb təsisatlarının, eləcə də Avropa Birliyinin fəal müdaxiləsi Ə.Kərimlini də “ruhlandırıb”. AXCP sədri “Meydan” TV-yə açıqlamasında 19 may mitinqinin anonsunu verib üstəlik onu da bildirib ki, əgər bu dəfə də mitinqə müsbət cavab almasa, gözlənilən parlament seçkisində iştirak etməyəcək. Təbii ki, Ə.Kərimli bunu birbaşa mitinq bəyanına razılıq verilməsi ilə əlaqələndirməyib, ümumi olaraq “indiki şərait qalacağı təqdirdə seçkidə iştirakın mümkünsüzlüyünü” vurğulayıb.
Hazırda dünyada cərəyan edən mürəkkəb proseslər, qanlı toqquşmalar fonunda Azərbaycan bir növ təhlükəsizlik adasına bənzəyir. Ölkədə sabitlik hökm sürür, dövlətimizin apardığı siyasət nəticəsində böyük qüvvələrin oyunları pozulur, vətəndaşlarımız bu qarışıqlıqdan kənarda, sakit şəkildə yaşayırlar. Ancaq təbii ki, buna mane olmaq istəyən xarici qüvvələr dayanmırlar. Hazırda Cənubi Qafqazın da döyüş arenasına çevrilməsi planlarının işə salındığı müşahidə olunur. Hər kəsə bəllidir ki, Milli Şuranın indiki vaxtda əsl məqsədi cəmiyyətdə qarşıdurma yaratmaq, sabitliyi pozmaq, xarici qüvvələrin ölkəmizə nüfuz edərək istədikləri siyasəti yürütmələrinə şərait yaratmaqdır. Siyasi dialoqu inkar edən və sağlam rəqabətə hazır olmayan radikalların hər zaman olduğu kimi, tək ümidi küçə iğtişaşlarıdır.
Bəhruz Məhərrəmov
Deputat Bəhruz Məhərrəmov Qərb dairələrinin Azərbaycandakı sabitliklə barışmadığını və Ə.Kərimli, C.Həsənli kimi “siyasət dələduzlarının” vasitəsilə hərəkətə keçdiyini qeyd etdi: “Gürcüstanda baş verənlər bir daha göstərir ki, Qərb Cənubi Qafqazda sabitlik və əməkdaşlıq mühiti arzu etmir və bu məqsədlə də bütün kartlarını işə salıb. Qərb Ermənistanda destruktiv fəaliyyətini çox rahatlıqla həyata keçirə bilir, çünki bu ölkədə istər müxalif dairələr, istərsə də iqtidarla, habelə ”müstəqil" revanşist kəsimlə maraqları uzlaşdırmaq mümkündür. Bütövlükdə Ermənistan dövləti mahiyyətcə layihə olduğu əl dəyişimlərinə hazırdır. Gürcüstanda isə 2004-cü ildən nəzarəti ələ almış Qərb İvanişvili hakimiyyətinə qədər çox rahat davrana bilirdi. Lakin sonrakı periodda, xüsusən son illər Tiflisin reallığı anlayaraq qərbin təsirlərindən qurtulmaq cəhdləri müşahidə olunur. Gürcü siyasi elitası üzərində nəzarəti zəifləyən Qərb prosesə özünün əsas silahına çevirdiyi üçüncü sektoru cəlb edib. Sirr deyil ki, bu gün Gürcüstanda fəaliyyət göstərən 25 minə yaxın QHT-nin 90 faizindən çoxu birbaşa Qərb tərəfindən maliyyələşdirilir və həmin təsisatlar və üzvləri də Qərbin iradəsinə uyğun idarə olunur. Baş verən son proseslər də göstərir ki, artıq Gürcüstanın daxili işlərinə məhz bu sektoru ayağa qaldırmaqla yaranan xaos vasitəsi ilə müdaxilə olunur. Qərbin məqsədi Gürcüstanda marionet hakimiyyət qurmaq və bu ölkəni Rusiya əleyhinə plasdarma çevirməkdir. Gürcüstanın milli qüvvələri 2008-ci il ssenarisini yaxşı xatırlayır və başa düşür ki, Qərbin tətbiq etdiyi ssenari bu ölkəni Ukraynaya çevirmək niyyəti güdür. Məlumdur ki, o zaman hakimiyyətə gətirilmiş Saakaşviliyə Rusiya ilə qarşıdurmaya sürüklənmiş, nəticədə gürcülər Cənubi Osetiya və Abxaziyanı itirmiş, Qərb isə Tiflisin arxasında dayanmamışdı və hazırda baş verənlər də məhz həmin proseslərin davamıdır".
Deputat Qərbin bu tipli insanlar vasitəsilə heç nəyə nail ola bilməyəcəyini yaxşı anladığını bildirdi: “Azərbaycanda vəziyyət tam fərqlidir. Əsası Ulu Öndər tərəfindən qoyulan düzgün və milli maraqların ehtiva oldunduğu siyasi kurs son nəticədə ölkənin tam siyasi və iqtisadi suverenliyinə gətirib çıxarıb. Eyni zamanda, xüsusən son 15 il ərzində Qərbin, o cümlədən ABŞ-nin Azərbaycandakı şəbəkəsinin fəaliyyəti məhdudlaşdırıldı, NED kimi təxribatçıların cəmiyyəti qiyama qaldırmaq cəhdləri ifşa edilərək qarşısı alındı, üçüncü sektorda maliyyə fəaliyyətinin şəffaflaşması üçün qətiyyətli addımlar atıldı. Bütövlükdə elə Qərbin özünün təcrübəsinə müvafiq olaraq xaricdən maliyyələşmə prosesi nəzarətə götürüldü. Belə olan halda Qərb Azərbaycanda bütövlükdə üçüncü sektor alətindən məhrum olduğu üçün ümidi Cəmil Həsənli, Əli Kərimov kimi satqın və xəyanətkar yaramazlara və digər onlara bənzərlərə qaldı. Əslində Qərb onların kim olduğunu, heç nəyə qadir olmadıqlarını yaxşı başa düşür, lakin bir atalar sözündə deyildiyi kimi, ”yoxa lənət". Yəni bu gün Qərbin Azərbaycanda təxribatçı məqsədlər naminə Kərimov kimi avantüristə məhkum qalması əslində Azərbaycanın qüdrətinin inikasıdır. Özünə “Milli Şura” deyən antimilli ünsürlərin mitinq tələbləri də ümumi proseslərin tərkib hissəsidir və birmənalı şəkildə Qərbin diqtəsidir. Çünki Gürcüstan və Ermənistandakı gərginlik fonunda Azərbaycanda daxili stabilliyin pozulması Qərb üçün ideal mühit ola bilər. Bu mənada təxribatçıların mitinq cəhdinin sərbəst toplaşma azadlığı ilə heç bir əlaqəsi yoxdur və yalnız Qərbin direktivlərinin muzdlu icrasıdır. Bu mənada Bakı Şəhər İcra Hakimiyyəti antimilli şuranın 19 may xəyanət niyyətinə yalnız ilkin obyektiv səbəblərə əsaslanaraq rədd cavabı verməsi yerində və düzgün qərar hesab edilməlidir. Bu ünsürlər isə nəhayət başa düşməlidirlər ki, onlar artıq tarixin zibilliyindədirlər və müasir Azərbaycanın siyasi səhnəsində bu tip üfunət iyi verən təlxəklərə yer yoxdur".
Cavanşir ABBASLI,
“Yeni Müsavat”
26 Noyabr 2024
25 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ