Onlayn ictimai-siyasi qəzet
Ekspert: “Tiflis Ermənistanın hətta Gürcüstana belə ərazi iddiasında olduğu faktını gözardı edirsə, deməli, burada çox ciddi təzyiqlərdən söhbət gedir”
Bugünlərdə Gürcüstan parlamentinin bir qrup üzvü İrəvanda səfərdə olub. Deputatlar saxta “erməni genosidi” abidəsini ziyarət edib, ora gül-çiçək qoyublar.
Bu fakt Gürcüstanla bağlı bəzi haqlı suallar doğurur. Əvvəla, o, uydurma soyqırımı iddiasını tanımayan ölkələr sırasındadır. O zaman qardaş dövlətə qarşı belə demarşın adı nə?
İkincisi, Türkiyə və Azərbaycan Gürcüstana strateji tərəfdaş ölkələr sayılır və Bakı və Ankara onun iki ən böyük xarici sərmayədarlarıdır. Türkiyə həmçinin illərdir NATO üzvü kimi Gürcüstan ordusunun modernləşdirilməsinə kömək edir. Nəhayət, Azərbaycan-Türkiyə-Gürcüstan üçlü formatında aktiv hərbi, diplomatik əməkdaşlıq mövcuddur.
Ümumiyyətlə, son aylarda, xüsusən də İrakli Qaribaşvilinin baş nazir vəzifəsindən getməsindən sonra Gürcüstanın sanki Azərbaycan və Türkiyənin maraqlarına zidd addımlar atmağa başladığı müşahidə olunur. Bu prosesin arxasında hansı səbəblər dayanır? Gürcüstan Azərbaycana nə üçün arxa çevirir?
Çingiz Qənizadə
Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri Çingiz Qənizadə “Yeni Müsavat”a bildirdi ki, Azərbaycan dövləti Gürcüstanın ən çətin anlarında yanında olmağı bacarıb: "1990-cı illərdən bəri Gürcüstanda enerji ilə bağlı qıtlıqlar yaşanarkən, Gürcüstanın ərazi bütövlüyünə müdaxilələr olarkən, Gürcüstanda daxili çəkişmələr olduğu zamanlar Azərbaycan dövləti həmişə Gürcüstanın maraqlarına uyğun davranıb. Eyni zamanda unutmayaq ki, Azərbaycanın neft boru kəmərləri də Gürcüstan ərazisindən keçməklə Gürcüstan iqtisadiyyatına çox ciddi şəkildə qazanclar gətirir. İki ölkənin münasibətləri həmişə normal olub. Bəzi hallarda Azərbaycanla Ermənistan arasında olan gərginliklər zamanı Gürcüstan vasitəçilik etmək niyyətində olub. Bu onun xoş niyyətindən irəli gələn addımlar idi. Amma indi qonşu dövlətdə baş nazir dəyişdikdən sonra Azərbaycan və Türkiyənin maraqlarına uyğun olmayan addımlar atılır. Ermənistan və Fransa neçə illərdir ki, Gürcüstanla Azərbaycanın münasibətlərində soyuqluq yaratmağa çalışırlar. Lakin Gürcüstan hökuməti onların bu məkrli planlarına xidmət edən addımlara getməməlidirlər. Ermənistan hazırda da həm Azərbaycanla, həm də Türkiyə ilə düşmənçilik eləyən bir ölkədir. Belə bir vəziyyətdə Gürcüstan parlamentinin üzvlərinin, hər hansı rəsmi şəxslərinin gedib Ermənistanda qondarma soyqırımı abidəsinin qarşısında baş əymələri, Ermənistanla əlaqələri gücləndirmələri, Ermənistana Gürcüstanın öz ərazisindən silah ötürülməsinə şərait yaratması Azərbaycana və Türkiyəyə üz döndərmək, arxa çevirmək kimi qəbul edilə bilər”.
Ç.Qənizadə hesab edir ki, Gürcüstan hökumətini son zamanlar Ermənistana dəstəyi artırmağa və beləliklə dolayısı ilə də olsa Azərbaycana qarşı arxa çevirməyə yönləndirən Avropa İttifaqı, Fransa və bir sıra Qərb ölkələridir: "Ancaq Tiflis unutmamalıdır ki, Azərbaycan və Türkiyə ilə münasibətləri, əlaqələri Gürcüstan üçün az qala həyati əhəmiyyət daşıyır. Ona görə də kənar təsirlər altına düşərək Azərbaycan və Türkiyəni narazı salması Gürcüstanın özünün özünə zərbə vurması effektini vermiş olar. Gürcüstan rəsmiləri, hökuməti bu məsələləri nəzərə almalıdırlar. Ermənistana səfər edəndə onların qarşısına protokol kimi saxta "soyqırımı" abidəsinin ziyarət edilməsi qoyulanda imtina etməyi bacarmalıdırlar. Bir dövlətin rəsmi şəxslərinin həmin qondarma abidənin qarşısına gül-çiçək qoyması və baş əyməsi qondarma “soyqırımı”nın tanınması kimi addımdır. Gürcüstan dövləti qondarma “erməni soyqırımı”nı tanımayıbsa, rəsmi şəxsləri də o cür addım atmamalıdır".
Ç.Qənizadə vurğuladı ki, Ermənistan kimi kiçik, iqtisadi imkanları cılız olan bir dövlət Gürcüstan iqtisadiyyatına hansısa ciddi bir fayda gətirə bilməz. Bunu rəsmi Tiflis də bilməmiş deyil: “Bu da onu deməyə əsas verir ki, Ermənistanla əlaqələrin gücləndirilməsi istiqamətində atılan addımlar iqtisadi faydalar əldə etmək istəyi deyil, Fransanın, Avropa İttifaqının Tiflis qarşısında istəkləri rol oynayır. Gürcüstan Ermənistanın hətta Gürcüstana belə ərazi iddiasında olduğu faktını gözardı edirsə, deməli, burada çox ciddi təzyiqlərdən söhbət gedir. Ermənistana qucaq açıb Azərbaycan və Türkiyə ilə münasibətləri korlamaq Gürcüstana yaxşı heç nə vəd etmir. Ümid edək ki, Tiflis yol verilən xətanı düzəldəcək”.
Etibar SEYİDAĞA,
“Yeni Müsavat”
27 Noyabr 2024
26 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ