İnsanlara hürriyət, millətlərə istiqlal!

Günel Səfərova İctimai Şuraya namizədliyini verməyib - ÖZƏL

Yanvarın 2-də Elm və Təhsil Nazirliyi yanında İctimai Şuraya seçkilər elan edilib. İctimai Şuraya üzvlüyə namizədlərin və seçkidə iştirak edəcək seçicilərin qeydiyyatı üçün sənədlərin qəbul müddəti 31 yanvar 2024-cü il tarixində başa çatıb.

Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın hazırkı sədri Günel Səfərova Musavat.com-a özəl açıqlamasında bildirib ki, budəfəki seçkidə namizədliyini irəli sürməyib.

O qeyd edib ki, elm və təhsil sahəsində fəaliyyətini davam etdirəcək:

“İctimai Şura bir mərhələ idi. Bütün mərkəzi qurumlar, yerli idarəetmə qurumlarının yanında ictimai şuralar normal fəaliyyət göstərsə, nəticə də müsbət olar. Təvazökarlıqdan uzaq olsa da, qeyd edim ki, biz işlək modeli qurmağın mümkünlüyünü sübut etdik. Bəlkə bu, başqa ictimai şuraların xətrinə dəyər, amma Elm və Təhsil Nazirliyinin əhatəliliyi genişdir. Elm və Təhsil Nazirliyi ilə bağlı tez-tez xəbərlər yayılır, çünki demək olar ki, hər kəsin evində təhsilə toxunan məsələ var. Bəlkə buna görə, fəaliyyətimiz gözə göründü. Elə sahələr var ki, orada o qədər də dinamika yoxdur. Şəxsi düşüncəm budur ki, əgər işlək sistem varsa, iş var. Gələcək fəaliyyətim də təhsillə bağlı olacaq, amma İctimai Şura formatında yox”.

Günel Səfərova fəaliyyəti dövründə hansı sahələrdə boşluq olduğu barədə də danışıb:

“Ali təhsillə bağlı az iş görə bildik. Təhsilin növbəti pilləsi və geniş sahə olduğu üçün az iş görə bildik. Orta ümumtəhsil məktəbləri geniş və ağır sahədir, buna görə də diqqətimizi daha çox bu sahəyə yönəltdik. Elm sahəsinə marağı artırmaq üçün araşdırma aparmaq lazım idi. Azərbaycanda elm populyar sahə deyil. Ali məktəb publik hüquqi şəxs olanda onlarla iş aparmaq çətinləşir. Növbəti İctimai Şuranın tərkibi tərəfindən bu və digər məsələlərə diqqət ayrılacağına ümid edirəm. Mərkəzi qurumda doğru koordinasiyanın qurulması da önəmlidir”.

G.Səfərova hələ konkret adlar açıqlanmasa da, bəzi namizədlər barədə də fikirlərini bölüşüb:

“Təhsilə konseptual yanaşan, gender məsələlərində Pərvanə Məmmədova kifayət qədər güclü kadrdır. Həmkarların hüquqlarının müdafiəsi, müəllimlərlə bağlı məsələlərin gündəmə gəlməsində Mirzə Cəfərzadənin önəmli rolu var. Gənc müəllimlərdən işləyən, pedaqoji təcrübəsi olanlardan biri Rüfət Əsədzadədir. Məleykə Əlizadə, İlqar Orucovun adını çəkə bilərəm. Düşünürəm ki, insana bağlı sistem qurmaq doğru deyil. Hadisələrlə bağlı mövqe bildirilməli, öncəsində baş verməməsi üçün lazımi təkliflər verilməli, çevik reaksiya olmalı, nəzarət gücləndirilməlidir. Resurslarımız kifayət qədər olmadığı üçün çətinliklərimiz olub. “İctimai iştirakçılıq haqqında” qanun dəyişməlidir. İctimai dinləmələr, rəy sorğusunun keçirilməsi və s. ilə bağlı alətlər var. Bunun üçün büdcə kifayət deyil. Məsələn, Gədəbəydə hadisə olub, ora getmək lazımdır, necə gedək? Bunun bəlli mexanizmi olmalıdır. Əgər Emin Əmrullayevin ictimai nəzarətə yanaşması sağlam olmasa idi, İctimai Şuranın tərkibində kimlərin olmasının o qədər də əhəmiyyəti olmazdı. Səmimi şəkildə İctimai Şuranın fəaliyyətinin mənim sədrlik etdiyim dövrdən daha yaxşı olmasını istəyirəm”.

SABUHİ .png (101 KB)

Elm və Təhsil Nazirliyinin ictimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin müdiri Səbuhi Rzazadə isə Musavat.com-a bildirib ki, İctimai Şuraya qeydiyyat, namizədlər və s. barədə yaxın günlərdə ictimaiyyətə məlumat veriləcək.

Nigar HƏSƏNLİ,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

22 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR