Onlayn ictimai-siyasi qəzet
İsveçrə hökuməti Özbəkistanın keçmiş prezidenti İslam Kərimovun böyük qızı Gülnarə Kərimovanın müsadirə edilmiş aktivlərindən təxminən 182 milyon dolların Daşkəndə qaytarılmasına dair qərar qəbul edib.
Musavat.com Özbəkistan Ədliyyə Nazirliyinə istinadən xəbər verir ki, proses iki ölkə hökuməti arasında imzalanan “Müsadirə olunmuş aktivlərin bölüşdürülməsi haqqında saziş” əsasında həyata keçirilib.
Sənədi Özbəkistanın ədliyyə naziri Əkbər Taşkulov və İsveçrənin Daşkənddəki səfiri Konstantin Obolenski imzalayıblar: "Müqavilə çərçivəsində təqribən 182 milyon ABŞ dolları Özbəkistana qaytarılacaq. Sözügedən vəsaitlər Özbəkistan Respublikasının ayrı-ayrı vətəndaşları tərəfindən qeyri-qanuni yolla əldə edilib və 2012-ci ildə Kərimovaya qarşı İsveçrə Baş Prokurorluğu tərəfindən qaldırılmış cinayət işi çərçivəsində tamamilə müsadirə edilib".
Ədliyyə Nazirliyinin məlumatına görə, vəsaitlər BMT-nin “Uzbekistan Vision 2030” çoxtərəfli trast fondu vasitəsilə qaytarılacaq.
Fond 2022-ci ilin yayında Gülnarə Kərimovanın İsveçrədə cinayət işi zamanı müsadirə olunmuş aktivlərinin qaytarılması üçün yaradılıb. 2024-cü ilin avqustunda Özbəkistan və İsveçrə fond vasitəsilə 131 milyon dolların qaytarılmasına dair saziş imzalayıblar. Yeni sazişin imzalanması ilə Özbəkistana qaytarılan vəsaitin ümumi həcmi 313 milyon dollara çatacaq.
Rəsmi Daşkənd bəyan edir ki, “Uzbekistan Vision 2030” proqramı vasitəsilə geri qaytarılan vəsait Özbəkistan əhalisinin rifahı üçün, xüsusən də səhiyyə və təhsil sahələrində sosial əhəmiyyətli layihələrin həyata keçirilməsinə sərf olunacaq.
Qeyd edək ki, 2015-ci ilin avqustunda G.Kərimova hədə-qorxu ilə pul tələb etməkdə və vergidən yayınmaqda, 2017-ci il dekabrın 18-də isə başqa bir iş üzrə 10 il müddətinə azadlıqdan məhrum edilib. 2020-ci ilin martında Daşkənd Şəhər Cinayət Məhkəməsi cinayət birliyi yaratmaq, hədə-qorxu ilə tələb etmə və oğurluq maddələri ilə bağlı cinayət işi üzrə onun cəzasını 13 il 4 aya qədər artırıb.
Özbəkistanın Baş Prokurorluğu bildirib ki, Ədliyyə Nazirliyi ilə birlikdə Kərimovanın 1,3 milyard dollardan çox gəlirinin qaytarılması məsələsi ilə bağlı bir sıra xarici ölkələrlə, o cümlədən ABŞ, İsveçrə, Fransa, Rusiya və Latviya ilə iş aparılır, bəzi ölkələrdə də cinayət işləri araşdırılır.
2017-ci ilin dekabrında ABŞ Maliyyə Nazirliyi Kərimovanı Qlobal Maqnitski Aktı çərçivəsində sanksiyalar siyahısına əlavə edib. Maliyyə Nazirliyinin məlumatına görə, Kərimova "dövlət subyektlərini biznesləri müsadirə etmək, bazarları inhisara almaq, rüşvət istəmək və hədə-qorxu ilə tələb etmək üçün cəlb edən güclü mütəşəkkil cinayətkarlıq sindikatına rəhbərlik edib".
Musavat.com
06 Fevral 2025
ŞƏRHLƏRŞƏRH YAZ