İnsanlara hürriyət, millətlərə istiqlal!

“Green card”la ABŞ-a getmək istəyənlər - onları hansı həyat gözləyir...

“Ev kirayələmək və təməl ehtiyaclarını ödəmək üçün mütləq işləmək lazım gəlir, humanitar fənlər üzrə oxuyanlar isə yeni peşə öyrənməlidirlər”

ABŞ hər il olduğu kimi, yenə də “Green card” lotereyası elan edib. Yaşamaq hüququ verən “Green card” lotereyasına müraciətlər 5 oktyabrda başlayıb. Son illərdə Azərbaycandan da xeyli vətəndaş bu lotereyanın qalibi olub. Ancaq sosial şəbəkələrdə yazılan rəylərdən belə başa düşülür ki, qalib elan edilmək hələ o demək deyil ki, şəxs Amerikaya gedib çıxa biləcək. Bunun çox uzun bir yolu var və kifayət qədər də xərc tələb edir. Son illərdə qalib olanların maksimum 50 faizi Amerikaya gedib çıxa bilib.

Həyatı sıfırdan başlamaq olar, amma hər halda, bu riskdir. Həmçinin bu xətlə ABŞ-a getmək o demək deyil ki, dərhal bütün ehtiyacların qarşılanacaq. Ən ağır işlərdə çalışmağa hazır olmalısan.

“Yeni Müsavat”ın əməkdaşı Gülnar Süleymanova da ötən il “Green card” udub: “İlk dəfə idi "Green card"a müraciət edirdim və qalib oldum. Bu barədə 2000-ci illərin əvvəlində eşitmişdim, amma udmaq şansının az olduğunu bilirdim. Amerikada yaşayan bir tanışımın da məsləhəti ilə bu il qeydiyyatdan keçdim. Amerikada yaşamağı əvvəl sadəcə xəyal edə bilərdim, indi isə bu, mənim üçün artıq real olur.  Əvvala onu deyim ki, getmək istəyənlər qeydiyyatdan özləri keçsələr, daha yaxşı olar, sadə prosesdir. Nəticələr açıqlananda qalib olmusansa, yeni proses başlayır. DS 260 formasını doldurmaq lazımdır. Bu vaxta qədər heç bir məbləğ tələb olunmur. 

11168400_601701426639826_4276507250796256191_n.jpg (216 KB)

Gülnar Süleymanova

Qaliblər daha sonra Tiflisdəki ABŞ səfirliyinə dəvət olunur. Xərclər bundan sonra başlayır. Sağlamlıq nəzarətindən keçmək, Gürcüstana getmək və orada təxminən 2-4 həftə qalmaq lazımdır ki, vizanı alıb qayıdasan. ABŞ-a getmək üçün təxminən 5000-10000 manat lazım olur.

Qaldı ki, qaliblərin 50 faizinin getməməsinə, burada əsas məsələ odur ki, müraciət edənlərin çoxu, sadəcə, “Green card”ın adını eşidib müraciət edirlər, prosesdən və şərtlərdən xəbərsiz olurlar. Çoxu da attestatı olmadığı üçün səfirlikdən imtina alır. “Green card”a müraciət edirsənsə, mütləq attestatın olmalıdır, yəni 11 illik təhsilini başa vurmuş olmalısan, yoxsa getmək şansın qalmır. Bunu nəzərə almaq lazımdır. Sənədlər qaydasındadırsa, qarşında heç bir əngəl olmur və rahatlıqla viza almaq mümkündür. Getdikdən sonra ev kirayələmək və təməl ehtiyaclarını ödəmək üçün mütləq işləmək lazım gəlir, humanitar fənlər üzrə oxuyanlar isə yeni peşə öyrənməlidirlər. Bunun üçün təxminən 2 il vaxt olur, çünki qalib gəldikdən sonra ABŞ-a 1 il 6 ay və ya 2 il sonra gedib çıxa bilirsən. Proses belədir.

Fürsət və imkan tapıb yeni peşə öyrənə bilməyənlər də narahat olmasın. İlk aylarda karqo şirkətlərində, dil və xüsusi bacarıq tələb etməyən işlərdə işləyib yeni peşə öyrənmək mümkündür. Əsas odur ki, gedən insan əməksevər və çalışqan olsun, bu zaman qarşısına qoyduğu məqsədə doğru irəliləyəcək.

Mən jurnalistika fakültəsini bitirmişəm, 10 ildən çoxdur ki, ixtisasım üzrə çalışıram. ABŞ-da isə İT üzrə çalışmağı düşünürəm.

ABŞ fürsətlər və şanslar ölkəsidir, qalib olan hər kəsə bol şans diləyirəm".

Qeydiyyatdan keçmək üçün rəsmi sayt var. Heç bir ödəniş etmədən qeydiyyatdan keçmək olar. İlk növbədə məlumatları dəqiq qeyd etmək lazımdır. Qeydiyyat üçün fotonu evdə də çəkmək olar, üzün aydın düşməsi kifayətdir. Prosedurun uğurla tamamlanması barədə bildiriş aldıqdan sonra müvafiq kod göndərilir. Qalib gələn şəxs müsahibəyə çağırılır. Əgər məlumatlarda problem olsa, şəxs qara siyahıya düşür. May-iyun aylarında qaliblərin adı açıqlanır. Dünya üzrə təqribən 100-130 min qalib olur və onların yalnız 45, bəzən də 50 mini viza ala bilir. Yəni qalib gəlmək bir yana, viza da almaq lazımdır. Viza üçün təsdiq gələrsə, verilən kodla sıra nömrəsi alınır. Bu, dünya üzrə konsulluğa çağırılma ardıcıllığını bildirir. Və sıra nömrəniz nə qədər kiçik olsa, viza almaq şansı bir o qədər çox olur. “Green card” qalibi özü ailəsini də apara bilər. Ailəyə həyat yoldaşı və uşaqlar daxildir. Sıra nömrəsi 25 minə qədər olan adamların viza almaq şansı 90 faizdir.

Bəxtiyar Hacıyev — Vikipediya

Bəxtiyar Hacıyev 

İctimai-siyasi fəal Bəxtiyar Hacıyev “Yeni Müsavat”a bildirdi ki, qeydiyyat prosesi kifayət qədər sadə olsa da, bəzi işbazlar vətəndaşlara təmənnasız kömək edə biləcəklərini deyərək onları aldadırlar: “Əksər hallarda lotereyada iştirak edənləri sosial media üzərindən tapırlar. Lakin ofisi olanlar da var ki, vətəndaşlarla müqavilə imzalayırlar. Çox zaman müqavilə şərtlərini oxumayanlar aldanırlar. Bu cür işbazlar qeydiyyat üçün pul almırlar, lakin vətəndaşları başqa formada pul tələsinə salırlar. Lotereyada qalib gələnlərin təsdiq kodları onların əlində olur ki, bundan istifadə edirlər. Belə ki, kod üçün 1500, 2000 dollar və daha artıq məbləğ tələb edirlər. Əksər hallarda insanlar buna razı olurlar, çünki düşünürlər ki, lotereyada qalib gəliblərsə, bu pulu verməyə dəyər. Lakin sonrakı proses barədə tam məlumatlı olmurlar. Hər ölkə üçün müəyyən edilmiş say var. Elə ölkələr var ki,  5 min nəfər, elə ölkələr də var ki, 5 nəfər "Green card" udur".

Qeyd edək ki, müraciətlər 8 noyabra qədər qəbul ediləcək. 2021-ci ildə Azərbaycandan “Green card” üçün edilən müraciətlərin sayı 108 805 nəfər olub. Azərbaycandan qalib olanların sayı isə 1260 nəfər təşkil edib.

Nigar HƏSƏNLİ,
“Yeni Müsavat”

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

12 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR