İnsanlara hürriyət, millətlərə istiqlal!

“Gözəlim, gəl, sənə mən minilməmiş “Porşe” alım”

 

Kim nə deyir, desin, şeir janrlarının içində ən ləzzətlisi meyxana deyənlərin işlətdikləri və pis günə qoyduqları müxəmməsdir. Müxəmməs “beşlik” deməkdir, “xəmsə” sözü də ordandır.

Bu, uzun və çeynənmiş söhbətdir, yenidən açıb-bükməyə ehtiyac yoxdur, ancaq onu da deməliyəm ki, bu vəzndə parlaq əsərlər yaradanlar olub – Dahi Füzulidən Sabirə qədər. Vahid də bu janrda əla satirik şeirlər yazıb. Hətta sovet vaxtı “Kirpi” jurnalında bu vəzndə yaxşı şeirlər çıxardı – Rəhim Saraylı, Rüfət Zəbioğli, Rüfət Əhmədzadə yazardı. Zəbiolunun yazdığı, böyük aktyorumuz Yaşar Nurinin qiraət etdiyi şeirin bir misrası hələ də yadımdadır: “Sənə pul göstərərəm, Yalta bilərsən Ələti”.

Təəssüf ki, bir çox meyxana deyənlər o vəzni, ümumiyyətlə, sözü ucuzlaşdırdılar. Söz çəkisini itirdi, döndü avazla oxunan ritmik bir şeyə. İndi kimin səsi, intonasiyası, deklamasiyası yaxşıdır, o da yaxşı şair hesab olunur.

Gerçəklik isə budur ki, istənilən şeir növü bədahatən deyilməməlidir. Bədahatən deyiləndə vəzn, qafiyə, heca, söz sırası, ritm, ahəng, hər şey pozulur. Üstəlik, dərinlik olmur, ortaya çoxlu söz yığını, mənasız ifadələr çıxır. Bir də bu janrda yazılan şeirlərin sosial-siyasi satira xəttini gətirib şəxsi planda söyüşmə səviyyəsinə calamaq olmaz.

Uzun sözün kəsəsi, dünən mənə müxəmməs bəhrində yazılmış bir şeir göndəriblər, xoşuma gəlib. Adının çəkilməsini istəməyən eloğlu bu şeiri sosial şəbəkədə qarşısına çıxan bir videonu görəndən sonra yazıb. O, həmin videonu göndərib, baxmışam. Gerçəkdən də satiraya gələn mənzərədir.

Təsəvvür edin, bir toyxanadır, gənc və gözəl müğənni nəsə bir “çıkkıdı-çık” tipli mahnı oxuyur, daha doğrusu, yola verir. Bazburutlu olduğu əlindən-qolundan (özü, üzü, dazı görsənmir) bilinən bir kişi yüzlük dollar əskinaslarını bir-bir qadının ovuclarına təqdim edir (müəllifin efvemizm-yumşaltma qaydalarına nə dərəcədə riayət etdiyinə diqqət edin). Müğənni gülümsər çöhrə ilə yüzlükləri götürür və əlində kübar cəmiyyət qadınlarının yelpiyi kimi tutaraq oxumaqda davam edir. Videoya təkrar baxanda görürsən ki, qolu görünən naməlum kişi müğənni qıza 13 yüzlük – 1300 dollar pul verib. Halal xoşu olsun.

Amma sual çıxır: kişidə bu səxavəti tətikləyən nədir? Ərz etdim ki, qızın nə düz-əməlli səsi var, nə də oxuduğu mahnı üzə çıxarmalı bir şeydir. Sadəcə, onun maçolarda səxavət damarını coşduran biçimli əndamı, gözəl sayılacaq sifəti, eləcə də pul ilə əldə oluna bilmə ümidi yaradan görünüşü, jestləridir. Vəssalam. Bu bəsdir ki, kişi startda 1300 dollarından keçsin. Sonrası da razılaşma yolu ilə, inşallah.

Bax, aşağıda təqdim etdiyim, eloğlunun göndərdiyi şeir həmin kişinin dilindən yazılıb. Belədir:

Gözəlim, gəl, sənə mən minilməmiş “Porşe” alım,
Bas qazı, “ğorrrr” eləsin, qalxsın səsi ərşə, alım.

Ceyranım, rəva deyil, aşiqini ta az yalvart,
Oxumaq istəyirsən, seç, bu mikrofon, o Harvard.
Qorxma, bu haqq-hesabdan xəbər tutsa bizim arvad,
Saçlamaz səni, yetər ki, ona da bir şey alım,
Gözəlim, gəl, sənə mən minilməmiş “Porşe” alım.

Gözəllərə halaldır gözəl maşın, bəzək-düzək,
Nazlıya naz yaraşır, biz də məcburuq ki, dözək.
İstəsən, qışda gedək, sürək yamaclarda xizək,
Ya da bir kəlmən ilə, orda sənə kirşə alım,
Gözəlim, gəl, sənə mən minilməmiş “Porşe” alım.

Pullu oğlanlar indi dördüylə birdən yaşayır,
Pulsuz subaylar isə, tində qarnını qaşıyır.
Norveç, İsveç dadanıb, Taylanddan arvad daşıyır,
Yollanım Tokioya, mən də sütül geyşa alım?
Gözəlim, gəl, sənə mən minilməmiş “Porşe” alım.

Səyahət istəyirsən, gedək ildə iki dəfə,
İstanbul, Madrid, Roma, Paris və London tərəfə.
Yay tətilində uçaq, İbizida baxaq kefə.
Ya da mən okeanda sənə yeni Seyşel alım.
Gözəlim, gəl, sənə mən minilməmiş “Porşe” alım.

Dillərdə dastan olub pul qazanmaq fərasətim,
Həcilərdən ötədir yar yolunda səxavətim.
Heç nədən yoxdu qorxum, var belə bir cəsarətim,
Təkcə bədxahlar bunu yazmasalar föhşə, alım,
Gözəlim, gəl, sənə mən minilməmiş “Porşe” alım.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

27 Yanvar 2025

BÜTÜN XƏBƏRLƏR