İnsanlara hürriyət, millətlərə istiqlal!

“Göyün yeddinci qatı”na yüksələn əməkdaşlıq və Məhəmməd Şərif bəyin Şuşa həsrəti

 

Bayaq təsadüfən rastlaşdım. Bu, qarlı-şaxtalı havada ailəsinə çörək qazanan sadə azərbaycanlı 3 müttəfiq, qardaş dövlətin bayraqlarını özünün “çörək ağacı”na – arabasına sancıb. Məncə təkcə bu fakt, bir görüntü (foto) bəs edərdi Azərbaycanın gerçək dostunun, əsl müttəfiqinin kim olduğu qənaətinə gələsən.

WhatsApp Image 2025-02-24 at 15.47.57.jpeg (354 KB)

Bu, hər hansı direktivlərlə, sərəncamla, tapşırıqla ərsəyə gətirilməyib, sadə vətəndaşın ürəyindən gələn qardaşlıq tablosudur. Ölkəmizdə hər kəs çətin günün dost-qardaşlarını tanıyır. Qardaş Türkiyənin yeri məlum, əsrlərə dayanan, yaradılışdan bəlli olan qardaşlığımız var. Pakistanı çağdaş dövrümüzdə daha çox kəşf etdik. 1947-ci ildə yaradılan Pakistan dövləti Azərbaycanın müstəqilliyini tanıyan 3-cü dövlətdir. Birinci təbii ki, Türkiyə idi. Birinci Qarabağ müharibəsi dövründə Pakistanın Azərbaycana hərtərəfli dəstəyi də unudulmayıb. O zaman Azərbaycana gələn pakistanlıların bir çoxu elə ölkəmizi özlərinə ikinci Vətən seçib, burada qaldılar, ailə qurdular, işlədilər. Pakistan məhz torpaqlarımızın işğalına görə Ermənistanla diplomatik əlaqələr qurmaqdan imtina etdi və “kadastr sənədi” olmayan bu “maşa” ölkənin müstəqilliyini tanımayan tək dövlət oldu. Azərbaycanla Pakistan arasındakı diplomatik əlaqələr 1992-ci il iyun ayının 9-da qurulub. Bundan sonra Bakıda Pakistanın, 1997-ci ilin avqustunda isə İslamabadda Azərbaycanın daimi nümayəndəliyi açılıb. Pakistan İslam Respublikasının 1992-1993-cü ilin əvvəllərində Azərbaycana 1 milyon dollar həcmində yardım etməsi də unudulmayıb. Həmçinin BMT Təhlükəsizlik Şurasında Azərbaycan torpaqlarının işğaldan azad olunmasını tələb edən qətnamələrin qəbulunda İsrailin mühüm rolu olub.



1993-cü il aprelin 30-da Ermənistan – Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı BMT Təhlükəsizlik Şurasının 822 saylı qətnaməsinin qəbul edildiyi iclasa isə Pakistan sədrlik edib. İslamabadın dəstəyini bütün platformalarda, beynəlxalq forumlarda gördük, həmçinin İslam Əməkdaşlıq Təşkilatında. Pakistan Senatının Xarici İşlər Komitəsi 2012-ci il fevralın 1-də Xocalı soyqırımını rəsmən tanıyıb. Pakistan-Azərbaycan əlaqələrinin indiki, yüksək səviyyəyə qalxmasında ötən illərin sınaqları öz sözünü deyib. 2016-cı ilin aprel döyüşlərində bir sıra ermənipərəst ölkələr Azərbaycanı ittiham etdikləri zaman Pakistanın Müdafiə Nazirliyi Azərbaycan bayrağını rəsmi “Facebook” səhifəsinin profil şəkli etmişdi. Belə rəvayətlər var ki, azərbaycanlı mesenat Hacı Zeynalabdin Tağıyevin xeyirxahlığı pakistanlıların qan yaddaşını, hətta dərsliklərinə yazılıb. 2007-ci ildə Pakistanda baş verən zəlzələdən dərhal sonra Prezident İlham Əliyevin tapşırığı ilə Azərbaycandan 40 həkim, xeyli dərman, tibbi avadanlıq və təlim keçmiş xilasedici dəstə Pakistana göndərildi. Bundan əlavə, qardaş ölkəyə 1,5 milyon dollar həcmində maddi yardım ayrıldı. Heydər Əliyev Fondu isə Müzəffərabad şəhərinin Rara qəsəbəsində orta məktəb tikdirdi və 2008-ci ilin 9 fevralında təhvil verildi.

Bəşəriyyətin Heydər Əliyev dühası

Ümummilli lider Heydər Əliyevin 1994-cü ilin dekabrında Kasablankada Pakistanın ovaxtkı Baş naziri Benazir Bhutto ilə görüşündən sonra Bakı-İslamabad əlaqələrinin inkişafı sürətlənib. 1995-ci ilin oktyabrında Pakistan Prezidenti Sərdar Faruk Əhməd Xan Leqarinin Bakıya, 1996-cı ilin 9 aprelində isə Heydər Əliyevin İslamabada rəsmi səfəri iki ölkə arasında əlaqələrin gələcək inkişafı üçün möhkəm təməllər yaradıb.

Prezident İlham Əliyevin hakimiyyətə gəlişindən sonra bu münasibətlər daha da irəli aparılıb. 2004-cü il iyunun 8-də Pakistan prezidenti Pərviz Müşərrəf Azərbaycanda üçgünlük səfərdə olub. Azərbaycan Respublikası və Pakistan İslam Respublikası arasında Birgə Bəyannamə imzalanıb. Növbəti ilin 12 aprelində isə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Pakistana iki günlük rəsmi səfər edib və ölkələrarası münasibətlər müzakirə olunub, 6 əməkdaşlıq sazişi imzalanıb.

Azərbaycan - Pakistan münasibətləri...

44 günlük müharibə günlərində də qardaş Pakistanı yanımızda gördük. Pakistan Azərbaycana hər cür dəstək verməyə hazır olduğunu bəyan etdi, bütün diplomatik platformalarda yanımızda oldu, haqq-ədaləti müdafiə etdi. Bütün bunları Azərbaycan vətəndaşı görürdü təbii ki. Ona görə də evlərin eyvanlarından üç bayrağın – Türkiyə, Pakistan və Azərbaycanın – asılması təsadüfi deyildi, dar ayaqda arxa-dayaq olan ölkələrə, xalqlara ürəkdən gələn təşəkkür əvəzi idi! Bir çox əcnəbi turistlər, media mənsubları, hətta rəsmilər bu birliyə, qardaşlığa həsəd aparırlar, hətta bəzən qısqanclıqla dilə gətirirlər, “belə şey görməmişdik”, deyərək. Amma bu dostluq, qardaşlıq, qarşılıqlı sevgi sınaqlardan keçib ərsəyə gəlib. Tam təmənnasız! İndi Azərbaycanın olduğu yerdə Pakistan əleyhinə kimsə artıq-əskik danışa bilməz, dərhal cavabı verilər. Həmçinin Türkiyənin. Necə ki, əvvəllər də belə olub. Bəzən elə Hindistanın Ermənistan üçün əsas silah alıcısı olaraq önə çıxmasında Azərbaycan-Pakistan münasibətlərinə “cavab” elementləri axtarılır. Amma Azərbaycanın prinsipial mövqeyi var, Pakistanın ərazi bütövlüyünü dəstəkləyirik və çətin gündə ortaya kişi mövqeyi qoyan ölkələrlə əlaqələrimizi daim irəli aparmaqda qərarlıyıq! Əbəs yerə İlham Əliyev “Bizim münasibətlərimiz iki qardaş ölkə arasında olan münasibətlərdir”, deməyib. Pakistanın Azərbaycana yüksək səviyyədə münasibət göstərməsinin, əsas məsələmiz olan Qarabağ məsələsində sərgilədiyi ədalətli mövqeyin cavabında ölkəmiz hər zaman qardaş ölkəyə diqqətlə yanaşıb, ağır günlərində yanında olub. 2010-cu ildə Pakistanda baş vermiş sel fəlakətinin nəticələrinin aradan qaldırılması məqsədilə Azərbaycan Pakistana 1 milyon, 2011-ci ildə 2 milyon ABŞ dolları həcmində maddi yardımlar edib. 2012-2018-ci illərdə Heydər Əliyev Fondunun prezidenti, Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın dəstəyi və təşəbbüsü ilə Həmzə Xeyriyyə Fondu xüsusi qanköçürmə və kiçik laboratoriya ilə təchiz olunub, 1 ədəd təcili tibbi yardım avtomobili və 2000 ədəd qanköçürmə paketi təqdim edilib, Xayber Göz Fondunun yeni blokunun və gözləmə otaqlarının tikintisi üçün maddi yardımlar göstərilib, Dera İsmayıl Xan bölgəsində Heydər Əliyev Su Təchizatı sistemi yaradılıb. Bu müstəsna xidmətlərinə görə Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva 2013-cü ildə Pakistanın nüfuzlu “Könüllü qadınlar” təşkilatı və “Daily Times” qəzeti tərəfindən “Humanizmin Simvolu - 2012-ci İlin Qadını” mükafatı ilə təltif olunub. 2015-ci ildə isə Pakistan Prezidenti Məmnun Hüseyn Mehriban xanım Əliyevanı “Hilal-e Pakistan” ali ordeni ilə təltif edilməsinə dair sərəncam imzalayıb. Mehriban xanım Əliyeva bu orden ilə təltif olunan ilk birinci xanımdır. Pakistan Prezidenti Məmnun Hüseyn ordeni 2015-ci il martın 11-də ölkəmizə rəsmi səfəri zamanı Mehriban xanım Əliyevaya məmnunluqla təqdim edib. Ümumi sahəsi 881,913 kvadrat kilometr, əhalisinin sayı 212 milyondan çox olan bir ölkənin, nüvə dövlətinin Azərbaycanla bərabərhüquqlu münasibəti qürurlandırır. Biz daha bir nəhəng dövlətlə münasibətlərdə bunu haqq etmişik! Azərbaycan Silahlı Qüvvələri ilə Pakistan Ordusu arasında əlaqələr yüksələn xətlə inkişaf edir. Azərbaycanın JF-17C çoxməqsədli döyüş təyyarələrini əldə etməsi də düşmənin yuxusuna haram qatan faktlardandır. 2024-cü il sentyabrın 25-də Prezident İlham Əliyevə Pakistan istehsalı olan müasir təyyarələrin təqdim edilməsi, Ali Baş Komandanın müasir təyyarənin sükanı arxasında əyləşməsi əməkdaşlığımızın “göyün yeddinci qatındakı” məqamı oldu.

Leqal.info - Şahbaz Şərif Pakistanın yeni baş naziri seçilib » Leqal.info  İnformasiya Agentliyi

Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif ölkəmizə dövlət səfərinə gəlib. Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən yüksək sayğı ilə qarşılanan Pakistanın Baş nazirinin 44 günlük müharibənin simvolu olan Zəfər Parkını ziyarətlə səfərə başlamasının dərin anlamı və böyük mənası var. Yeri gəlmişkən, dövlət protokoluna böyük Zəfərimizin rəmzi olan ünvanın salınması çox gözəl təşəbbüsdür və bu, ənənəvi hal almalıdır. Ölkəmizə təşrif buyuran rəsmilərdən kimlərsə Zəfər abidəsini ziyarət etmək istəməyəcəksə, deməli, Azərbaycanın haqq etdiyi qələbəsi boğazından keçməyib, ona münasibətimiz özünə layiq olmalıdır. Qardaş Pakistanın Baş naziri isə hava şəraitinə belə baxmayaraq, Böyük Zəfərimizə sayğısını səmimi şəkildə ifadə etdi.

post-img

Azərbaycan ilə Pakistan arasında mövcud olan strateji əməkdaşlığın səmimi dostluq və qardaşlıq prinsiplərinə əsaslanması, hər iki dövlətin tarix boyu bir-birinə dəstək olması, beynəlxalq aləmdə ortaq maraqlara əsaslanan siyasətin yürüdülməsi, siyasi, diplomatik, iqtisadi, hərbi, mədəni-humanitar sahələrdə, parlamentlərarası münasibətlərdə inkişafı ürəkaçandır. Dostlar bu münasibətdən məmnundur, düşmənlər narahat. Dünyanın aparıcı nüvə dövlətlərindən, ən güclü ordularından birinə sahib ölkələrindən olan Pakistanla yüksək səviyyəli münasibətlər Azərbaycanın təhlükəsizliyi naminə olduqca vacibdir. Eyni zamanda hər iki ölkənin tarixin sınaqlarından çıxmış müttəfiqliyi Azərbaycan və Pakistanın strateji əhəmiyyətini artıracağın, regionda və dünyada sabitliyə töhfə verəcəyinə inanırıq.

Budur, Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif Azərbaycan Prezidenti İlham Əliyevlə görüş zamanı Şuşaya səfər etmək istəyini bildirib.

Sitat: “Mən çox istərdim ki, sabah Şuşaya səfər edim, lakin, bildiyiniz kimi, kəskin hava şəraiti var. Mən bu ilin iyulunda keçiriləcək konfransa gələn zaman həmin yerlərə məmnunluqla səfər edərdim. O vaxt biz həmin əsrarəngiz məkanları görə bilərik”.

İlham Əliyev və Baş nazir Məhəmməd Şahbaz Şərif mətbuata bəyanatlarla çıxış  ediblər » Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

Dostluq, qardaşlıq budur! Azərbaycan xalqı və dövləti üçün Şuşanın önəmi barədə əlavə təfərrüatlara ehtiyac yoxdur, bunu bütün dünya bilir. Prezident İlham Əliyevin 44 günlük müharibənin ilk günlərində “Şuşasız işimiz yarımçıq qalar”, tarixi sözləri də yaddaşımıza həkk olunub və Şuşanın “yarı canımız” olduğuna şübhə yeri qoymur. Dost Pakistanın Baş naziri də məhz bu önəmi bildiyindən Şuşanı ziyarət etmək istəyir. Şuşa ucalığında qardaş Türkiyə ilə müttəfiqlik andı içmişik növbəti dəfə. Bəlkə elə Pakistanla da bənzər müttəfiqlik sazişinə imza atacağıq...Hər halda Şuşaya getməkdən məhz ermənilərin təsiri altında olduqları üçün imtina edənləri utandıracaq istəkdir! Çox təşəkkürlər, Şahbaz bəy, bu istəyiniz qardaşlığımızı daha da yüksəklərə qaldırır – Şuşa Zirvəsinədək! Şuşa ziyarətinin həsrətində olan hər kəs bizim doğmamızdır!

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Fevral 2025

BÜTÜN XƏBƏRLƏR