Onlayn ictimai-siyasi qəzet
Yozef Göbbels 3-cü Reyxdə təbliğat naziri vəzifəsini tutaraq Hitlerin ən yaxın silahdaşı olmaqla yanaşı, həm də onların arasında olduqca yaxın ailəvi dostluq münasibətləri hökm sürüb. Nasist Almaniyasında Göbbelsin ailəsi ictimaiyyətə ən nümunəvi ailə kimi təqdim olunub. Şəxsən Hitler dəfələrlə xalqa müraciətində əsl alman ailəsinin necə olması haqqında danışanda Göbbelsin ailəsini nümunə göstərib. Fürer Göbbelsin həyat yoldaşı, nasist partiyasının ən fəal üzvlərindən biri olan Maqda Göbbelsə də böyük hörmətlə yanaşıb. Amma çox keçməmiş bu “nümunəvi” ailədə baş verən hadisələr ölkə rəhbərlərinin kabinetlərində müzakirə mövzusuna çevrilib. Hətta məsələ o dərəcədə ciddiləşib ki, Hitler öz müdaxiləsini vacib sayıb.
Hadisənin əsas “qəhrəmanı” Çexoslovakiyadan gələn aktrisa Lida Baarova olub. Qeyd edək ki, 1914-cü ildə Praqda anadan olan Baarova hələ konservatoriyada təhsil aldığı illərdən öz istedadı ilə fərqlənib, rejissorların diqqətindən yayınmayıb. 17 yaşından filmlərə dəvət alan Baarova qısa müddətdə uğur qazanaraq ölkəsinin tanınmış və sevilən aktrisalarından birinə çevrilib.
20 yaşı olanda Baarova Almaniyanın məşhur “UFA” kinostudiyasından dəvət alıb və o, düşünmədən bu dəvəti qəbul edib. Öz ölkəsində, Çexoslovakiyada böyük populyarlıq qazanmasına baxmayaraq Almaniyada daha böyük uğurlar əldə edəcəyinə şübhə etməyib. Aktrisa yanılmayıb, o, Almaniyada daha da məşhurlaşıb, amma təkcə kinoda yox...
Çəkilişlərin birində gözlənilməz bir hadisə Baarova üçün yeni imkanlar açıb. Adolf Hitler Almaniyanın kino sənayesi ilə maraqlananda təsadüfi seçim nəticəsində Baarovanın da rol aldığı filmin çəkiliş meydançasına baş çəkib. İstedadı ilə yanaşı gözəlliyi ilə də seçilən aktrisa Hitlerin diqqətini cəlb edib. Fürer həm də onu görkəmcə gənc yaşlarında intihar etmiş bacısının qızına oxşadıb. Ayaqüstü tanışıqlıqdan sonra Hitler Baarovanı bir neçə dəfə öz tədbirlərinə dəvət edib. Bəlkə də belə dəvətlərin sayı çox ola bilərdi. Amma sonrakı hadisələr fürerlə aktrisanın münasibətlərini tam əks tərəfə dəyişib.
Baarova Berlin yaxınlığındakı Şvanenverder adasında yaşayıb. Ada ilə Berlin arasında körpü olub. Bu ada yaşayış məkanı kimi ən prestijli yerlərdən biri sayılıb. Məhz Göbbels də bu adada yaşayıb və aktrisa onunla qonşu olub. Onların qonşuluq münaibəti zaman-zaman başqa bir müstəviyə keçib. Göbbelslə Baarovanın arasında ciddi sevgi münasibətləri yaranıb.
Nazirlə aktrisanın münasibətləri Göbbelsin ailəsində böyük narazılıq yaradıb və bu münasibətlər artıq heç kim üçün sirr olmayıb. Bütün cəhdlərə baxmayaraq Maqda Göbbels həyat yoldaşını Baarovadan ayıra bilməyib. Nəhayət, o, bu məsələdə Hitlerdən kömək istəyib. Fürer məsələyə konkret münasibət bildirərərk Göbbelsə aktrisa ilə əlaqələrini birdəfəlik kəsməyi əmr edib. Bu əmrlə barışa bilməyən təbliğaq naziri Hitlerlə açıq danışığa gedib, vəzifəsindən istefa verib aktrisa ilə xaricə köçmək planını ona açıqlayıb. Sözsüz ki, Hitler Göbbelsin bu planına qarşı çıxıb. Çıxılmaz və gərgin vəziyyətdə qalan Göbbels hətta həmin ərəfədə intihara da cəhd edib.
Sevgililəri ayırmaq üçün Hitlerin göstərişi ilə daha real addımlar atılıb. Rejissorlara Baarovanı filmə çəkməyə qadağa qoyulub. Əvvəlcə çəkildiyi filmlərin nümayişinə də qadağalar tətbiq edilib. Onunla bağlanan bütün müqavilələr ləğv edilib. Aktrisanı zəhərləməyə də cəhd ediblər. 1941-ci ilin əvvələrində məhdudiyyətlər içərisində qalan Baarova Almaniyadan mədəni şəkildə qovulub.
Yenidən Praqaya qayıdan aktrisa bir müddət italyan və ispan rejissorları ilə işləyib. Amma Almaniyada baş vermiş hadisələr onun əvvəlki yaradıcılıq həvəsini və şöhrətini ona qaytara bilməyib.
İkinci Dünya müharibəsi sona çatdıqdan sonra Baarova həbs edilib. Onu nasist Almaniyasına işləməkdə ittiham ediblər. Aktrisa məhkəməyə çox çətinliklə sübut etməyi bacarıb ki, o hələ müharibə başlanmazdan əvvəl, 1934-cü ildə Almaniyaya gedib. Bütün bu sübutlara baxmayaraq o, 19 ay dəmir barmaqlıqlar arasında qalıb. Onun azadlığa çıxmasında tanımadığı pərəstişkarlarından birinin, Yan Kopetskinin böyük rolu olub. Kopetski Çexoslovakiyanın informasiya naziri olan əmisinin köməkliyi ilə aktrisanı həbsxandan çıxara bilib və Baarova azadlığa çıxdıqdan sonra onunla ailə həyatı qurub.
Çexoslovakiyada Baarovaya qarşı münasibət birmənalı olmayıb. Bu baxımdan aktrisa öz ölkəsində rahat yaşaya bilməyib. Baarova həyat yoldaşı ilə birgə Avstiyanın Zaltsburq şəhərinə köçüblər. Göbbelslə məhəbbəti daşa dəyən Baarovanın Kopetski ilə də münasibətləri uzun sürməyib və onlar ayrılmağa qərar veriblər.
İkinci dəfə Baarova Avstriyada ixtisasca ginekoloq olan Kurt Londuolla ailə həyatı qurub. 1980-ci ildə Londuol vəfat edib.
Həyat yoldaşının vəfatından sonra Baarova maddi sıxıntılar içərisində yaşayıb. Aktrisanı bu sıxıntalardan yazdığı “Mənim şirin acılarım” kitabı xilas edib. Böyük oxucu auditoriyası toplayan kitab aktrisaya kifayət qədər gəlir gətirib. Baarova ilk dəfə bu kitabda Göbbelslə sevgi münasibətləri haqqında bütün olanları işıqlandırıb.
Həyatını kükrəyən dənizə bənzədən Lida Baarova 2000-ci ildə 86 yaşında vəfat edib.
İlham Cəmiloğlu, Musavat.com
03 Dekabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ