İnsanlara hürriyət, millətlərə istiqlal!

Gicbəsər fenomenlərin dövranı

 

Bir də görürsən, gənclər öz aralarında birindən bəhs edirlər, baxırsan, hamısı onu tanıyır, amma sən tanımırsan. Deyəndə ki, vallah, mən onu tanımıram, heyrətdən gözləri bərəlir, sənə ötən əsrdə qalmış biri kimi baxırlar, sanki sən Üzeyir Hacıbəyovu, Səməd Vurğunu tanımırsan.

Deyirlər, əmi, sən onu necə tanımırsan, İnternetin yoxdurmu, adam bloqerdir, maraqlı videolar çəkir, paylaşımlar edir, sosial media fenomenidir.

Btş-altı il qabaq yeniyetmə oğlum mənə o fenomenlərdən birindən, Hüseyn Əzizoğludan danışanda dedim, onu tanıyıram. Uşaq sevindi. Amma mən Hüseyni orna görə tanıyırdım ki, onu saytımıza işə götürmüşdük, bizə videolar çəkəcəkdi. Bir həftə işlədi, sonra necə fenomen oldusa, getdi sərbəst işləməyə. Maraqlı videoları vardı, indi bilmirəm, hardadır, nə edir.

Yox, yeni əsrdən o qədər də geri qalmamışam. Balaəlini tanıyıram. Rəşad Dağlını da, Mehman Əhmədlini də. Ümumiyyətlə, meyxanaçıların hamısını. Tosu Zəngilanlının adını eşitmişdim, amma videolarına baxmamışdım. Açığı, onun videoları tez-tez qabağıma çıxırdı, amma xəstə adamın ələ salınmasına baxa bilmirdim. Yazıq gənc ikən ölməsəydi, sosial şəbəkələri fəth etməkdə davam edəcəkdi.

Amma heç demə sosial şəbəkələrimizin milli seqmentində çoxlu fenomenlər varmış – hamısının da öz “kruqu”, öz auditoriyası.

Onların haqqında tez-tez peşəkar mediada da yazırlar, ordan xəbər tuturuq ki, bəli, belədə belələri də var. Hesab edin ki, iki qonşu adalarda yaşayırıq, arada 5-6 yüz kilometr məsafə var, birində sosial media fenomenləridir, o birində peşəkar media mənsubları. Amma arada gediş-gəliş də var. Ona görə də hamı bir-birini tanımasa da, hər halda xəbərləşmək olur.

Məsələn, onların birinin başına bir iş gələndə xəbər tuturuq ki, heç demə, o çox məşhur imiş. O gün qəzaya düşən Nicat Şakirlinin mövcudluğundan elə xəbər tutduq. Adam “Nikosayağı” (yeri gəlmişkən, bu, onun adı, soyadı və ya təxəllüsü deyil) rubrikası ilə videolar paylaşırmış və çoxlu izləyicisi varmış.

İndi dünyanın hər yerində elədir. Daha Co Dasen, Alen Delon, Elvis Presli, Maykl Cekson fanatları yoxdur, əvəzində hər ölkədə çoxlu səfeh-səfeh, gic-gic videolar çəkən, paylaşımlar edən fenomenlər var. Təcrübə göstərir ki, ağıllı və faydalı videolar (səyahətə, tarixə, kulinariyaya, elmə aid) paylaşanlar gicbəsər videolar təqdim edən fenomenlərdən geri qalırlar.

Bir çox ölkələr sırf o fenomenləri cilovlamaq, əl-ayaqlarını yığmaq üçün bəzi şəbəkələri qapatmaq istəyirlər. Nə etsinlər? Görürlər ki, bütün ölkələrin proletarları birləşməsə də, artıq bütün ölkələrin gicqulu fenomenləri bu platformalarda birləşiblər. Müxtəlif meymunluqlar edənlər, durduq yerdə qol götürüb oynayanlar, tül geyinib ekran qarşısında ora-bura gəzişənlər, qarda-boranda tayqanın, Alyaskanın dərinliyinə gedib çadır quranlar, it-pişiklə oynayanlar, şəxsi məsələlərini bidədəb söyüşlərlə müzakirə edərək videosunu paylaşanlar, təbiət qoynunda yemək bişirənlər, canlı yayım açaraq səy-səy kameraya baxanlar (onlar da özlərini bloqer saylr) və sair və ilaxır. Aləm qarışıb bir-birinə.

Hətta qanunla qadağan olunmuş hərəkətlər edərək, bunları videoya çəkib paylaşanlar da var. Məsələn, bu günlərdə Özbəkistanda Gülnora adlı bir gənc bloqer qadın ərinə ikinci arvad hədiyyə etdiyi barədə video çəkib paylaşıb. Özbək xalqı (hətta qonşuluqdakı qırğızlar və taciklər də) həyəcanlanıblar. Onlar neçə vaxtdır qımıldanırlar, başqa dərdləri yoxmuş kimi ikinci, üçüncü arvad almağın qanuniləşdirilməsini istəyirlər. Ona görə yüz minlərlə insan tökülüşüb fenomen arvadın fenomenal videosunu izləyiblər və təxminən belə şərhlər də yazıblar: “Əsl arvad belə olar” (Söz yox, qadını söyənlər və qınayanlar da olub).

Videoya hüquq-mühafizə orqanları da baxıblar və qadını məhkəməyə çəkiblər ki, çoxarvadlılığı təbliğ edirsən. O da deyib, vallahi, videonu zarafatla çəkmişəm. Xüləs, onu cəzalandıracaqlarmış, amma nəzərə alıblar ki, iki uşağı var, birini də gözləyir.

Görünür, bizdə də çəkdikləri videolarda hansısa hüquq pozuntularına yol verən fenomenləri lazımi yerə dəvət etməlidirlər ki, gəl cavab ver. Necə ki bir ara “nəşə basım, zırranım” deyənləri aparıb içəridə başa salmışdılar, eləcə avtoxuliqanları da, yekəbaş-yekəbaş hərəkət edənləri də ağıllandırmaq lazımdır. Yoxsa and olsun Zukerberqin cəddinə, sosial şəbəkələr dünyanı kütləvi dəliliyə aparır.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

22 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR