Onlayn ictimai-siyasi qəzet
Zaman-zaman ictimaiyyət arasında qadınların geyimi ilə bağlı müzakirələr aparılır, bu müzakirələr də çox zaman mübahisələrlə bitir. Geyimi əxlaq meyarı hesab edənlər əsasən bu cür polemikaların yaranmasına səbəb olurlar. Onlar çox zaman din faktorunu önə çəkərək açıq-saçıq geyinənləri tənqid edirlər, bəzən onlara əxlaqsız deyərək təhqir edirlər, bu isə əks tərəfin narazılığına səbəb olur. Bəs görəsən, geyim əxlaq norması kimi dəyərləndirilə bilərmi? İnsanı geyiminə görə qınamaq doğrudurmu?
Elvüsal Məmmədov
Şərqşünaslıq İnstitutunun aparıcı elmi işçisi, Azərbaycan İlahiyyat İnstitutunun dosenti, fəlsəfə üzrə fəlsəfə doktoru Elvüsal Məmmədov mövzu ilə bağlı “Yeni Müsavat”a fikirlərini bölüşüb: “Geyiminə görə bu və ya digər qadını əxlaqsızlıqda ittiham etmək həm dini nöqteyi-nəzərə görə doğru deyildir, həm də əxlaqın qiymətləndirilməsi kimi mürəkkəb problemi kompleks deyil, tək bir parametr əsasında həll etməyə cəhd göstərməkdir. Əvvəla, geyimdə Allahın qoyduğu qaydalardan kənara çıxan fərd İslam hüququnda əxlaqsız deyil, asi (Allahın qaydalarını pozan, günahkar) kimi tövsif edilir. Üstəlik, geyiminə görə bir qadına əxlaqsız demək, onun ismətini şübhə altına almaq, bununla da ona iftira atmaq (qəzf əl-mühsənat) mənasına gəlir. Qadının ismətini şübhə altına almaq, ona böhtan atmaq isə böyük və həlakedici günahlardan (kəbairü mubiqat) sayılır. Müsəlman hüququnda qadının geyimdə Allah tərəfindən qoyulan qaydalardan kənara çıxması əxlaq məsələsi kimi deyil, şəriət hökmlərinə münasibət məsələsi kimi öyrənilir. Odur ki, belə bir hal baş verdikdə problemi əxlaq məsələsi kimi həll etmək İslam hüquq təcrübəsi və ənənəsindən kənara çıxmaqdır”.
İlahiyyatçı deyib ki, İslam dini mövqeyində dayanaraq, geyimi üzündən qadına əxlaqsız deyənlər hüquqi (fiqhi) status (əl-hökm əş-şər’i) və əxlaqi davranış anlayışları arasında fərq qoymağı bacarmayan şəxslərdir: “O ki qaldı əxlaqi kimliyin qiymətləndirilməsinə, bu mürəkkəb problemin həlli tək parametrlə kifayətlənməyi deyil, kompleks yanaşma tələb edir. Geyim tək bir parametrdir, odur ki, birbaşa nəyinsə göstəricisi ola bilməz, fərdin həyat tərzi (davranışları, danışığı, başqalarına münasibəti...) sərf-nəzər edilə bilməz. Nəzərə alaq ki, liberal-dünyəvi cəmiyyətlərdə bu gün ayıb sayılan şey sabah ayıb sayılmaya bilir, məhz bu baxımdan müəyyən geyim formasına üstünlük vermək, hər şeydən əvvəl, mövcud vəziyyətə uyğun hərəkət edən fərdin şüurlu, yaxud şüursuz seçimindən başqa bir şey deyildir, yaxud mövcud dəb, yaxud mədəni paradiqmalara uyğun davranmaqdır. Fikrimizcə, təkcə geyiminə görə bir xanım haqqında əxlaqsız sözünü işlətmək onun kimliyini, şəxsiyyətini zənn altına almaqdır, cəmiyyətdə adını qara çıxarmaqdır. Üstəlik, geyimin indiki dövrdə pop-mədəniyyətin təsiri ilə şüurlu seçimdən daha çox dəb ifadə edən seçim halına gəlməsi bizi daha ehtiyatlı hərəkət etməyə vadar edir.
Geyim nə əxlaqın, nə də əxlaqsızlığın birbaşa göstəricisidir. Bir şəxsin əxlaqlı olub-olmamağını təkcə geyimlə əlaqələndirmək əsəbi-emosional və sadəlövh yanaşmanı ifadə edir. Dediklərimdə əxlaqsız həyat sürməyi hər kəsə məlum fərdlərin geyim-keçimi müzakirə olunmur. Söhbət tanımadığımız fərdləri geyiminə görə əxlaqsızlıqda ittiham etməkdən gedir".
Rəsul Mirhəşimli
Araşdırmaçı jurnalist, dini sahə üzrə mütəxəssis Rəsul Mirhəşimli deyir ki, İslam dini əxlaqın gözəlliyinə üstünlük verən din və ya düşüncə sistemidir: “Həzrət Məhəmmədin (s) əxlaq barədə buyurduqlarını bir yerə toplasaq, bir kitaba sığmayacaq qədər geniş kəlamlar ortaya çıxar: ""Mən gözəl əxlaqı tamamlamaq üçün göndərildim”. Bir müsəlmanın dəyəri əxlaqının gözəl olması ilə ölçülür. Bu barədə Həzrət Peyğəmbər (s) ona ən sevimli olanların gözəl əxlaq sahibləri olduğunu buyurmuş, “Allah qatında ən sevimli qullar kimlərdir” sualına da “Əxlaqı ən gözəl olanlardır” cavabını verib.
Allah-Təala insanlığı inancsızlığın zülmətindən çıxarıb iman və gözəl əxlaqın işığına qovuşdurmaq üçün peyğəmbərlər və səmavi kitablar göndərib. Allah insanları heç zaman rəhbərsiz buraxmamış və sonuncu kitab olaraq Qurani-Kərimi və sonuncu peyğəmbər Həzrət Məhəmmədi (s) göndərib. İslam dininin əsas məqsədi Tovhid inancını bütün insanların konüllərinə həkk etməsi və onların gözəl əxlaq sahibi fərdlər olmalarıdır. Allah-Təala Qurani-Kərimdə buyurur: “Ey kitab əhli! Sizə kitabda (Tövratda və İncildə) gizlətdiyiniz şeylərin bir çoxunu bildirən, bir çoxunu da sizə bağışlayıb üstünü vurmayan (və ya sizdən bir çoxunu bağışlayan) Peyğəmbərimiz gəldi. Artıq Allah tərəfindən sizə bir nur və açıq-aydın bir Kitab (Quran) gəldi. Allah Öz lütfünə sığınanları onunla (Peyğəmbərlər və Quran vasitəsilə) əmin-amanlıq (sülh) yollarına yönəldər, onları Öz iznilə zülmətdən nura çıxarar və düz yola istiqamətləndirər!” (“Maidə” surəsi, ayə 15-16).
“İman baxımından möminlərin ən kamili ailəsinə şəfqət və mərhəmət göstərən, əxlaqı gözəl olandır”.
Gözəl əxlaqı qorumaq Allah-Təalanın əmridir. Eyni zamanda ictimai davranışın və insanlıq qürurunun ucalmasının vacib cəhətidir. Bir insanın elədiyi pis hərəkətlərin ailədən başlayaraq bütün cəmiyyətə qədər zərəri vardır. Bunun üçün əxlaqa zidd hərəkətləri görüb, onun yanından etinasızlıqla ötmək bu çatışmazlıqların yayılmasına şərait yaratmaq deməkdir. Gözəl əxlaq zidd davranışları nəsihət və təsirli sözlərlə düzəltməyə çalışmaq, yaxşı xarakterli olmağa təşviq etmək cəmiyyət üçün önəmli bir vəzifədir.
İnsan dünyaya tərtəmiz halda gəlir. Əgər ata-ana tərəfindən gözəl tərbiyə edilib, gözəl xasiyyətlər aşılanırsa, gözəl əxlaqlı olaraq yetişir. Düzgün tərbiyə olunmayan və ruhunu çirkin xasiyyətlər örtərsə, ondan gözəl əxlaq gözləməyə də dəyməz. Necə ki, bədənimiz xəstəliklərdən müalicə oluna bildiyi kimi, ruhumuz da pis vərdişlərdən müalicə oluna bilir. Sevimli Peyğəmbərimizi (s) də insanlara “Əxlaqınızı gözəlləşdirin” buyurmuşdur.
Qurani-Kərimdən bəzi ayələri misal göstərməklə onların işığında qeyd etmək istədiyimiz əsas məsələ odur ki, biz bu dünyada müvəqqəti zaman içərisində yaşayırıq. Əxlaqı gözəlləşdirməklə insan Yaradanın sevimli bəndəsinə çevrilə bilir. Gəldiyimiz qaynağa geri dönəcəyimiz bir gün vardır. İnsanın insana göstərdiyi sayğı və sevgi müqəddəs Kitabımızın bizə öyrətdiklərindəndir. Bu sevginin qazanılması isə gözəl əxlaq sahib olmaqdan keçir".
Yazını hazırladı: Afaq MİRAYİQ
21 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ