İnsanlara hürriyət, millətlərə istiqlal!

Geridönüşü olmayan proses başladı - Paşinyan həm qorxur, həm qorxudur

Ermənistanla Rusiya arasında gərginlik pik həddə - Moskva İrəvanın bu xəyanətini bağışlamayacaq

Rusiyanın ictimai kanalında - “Birinci kanal”da Paşinyan haqda olan proqram Ermənistanın hazırkı hakimiyyəti ilə Krem rəhbərliyi arasında münasibətlərin hansı həddə pisləşdiyini təsdiq etdi. İrəvan Rusiya səfirinə nota verməklə reaksiyasını bildirdi, amma Paşinyanın qorxuları bununla bitmir.

“Yeni Müsavat” qeyd edir ki, verilişdə əvvəlcə Paşinyanın siyasi karyerasına “işıq” tutulur. Hətta Paşinyanın demədiyi sözlərdən (məsələn, Qarabağla bağlı) “sitat” da gətirilir. Paşinyanı sərt tənqid edən verilişin hazırlanmasının səbəbi həm də onun Brüsseldə, PA-da çıxışı, ayaqüstü alqışlanması və orada qərbmeyilli, Rusiyaya qarşı kursu elan etməsidir və bunu verilişin müəllifləri gizlətməyiblər. “Anqlosaksların marionetkası” adlandırılan Paşinyanın “cinayətə görə” həbs edildiyi də xatırladılır: 2008-ci il seçkilərində Serj Sərkisyanın qalib gəldiyi, buna baxmayaraq, Nikolun xalqı spekulyasiya edərək, aksiyalar keçirdiyi yada salınır və 11 nəfərin qətlə yetirilməsi, yüzlərlə insanın yaralanmasına səbəb olan 2008-ci il 1 mart qırğını Paşinyanın üzərinə atılır.

2018-ci ilin aprelindəki “məxməri inqilab” zamanı Paşinyanın hətta atasının ona inanmadığı, “daha ağıllı şəxslərin baş nazirliyə namizəd olmasını” istədiyi kadrlar da yayılır. Qısa avtobioqrafik süjetdən sonra isə Roma statutunun ratifikasiya edildiyi xatırladılaraq, studiya müzakirələrinə başlanılır. Müzakirələrdə Ermənistan sərhədlərinin rus sərhədçiləri tərəfindən müdafiə olunduğu xatırladılır, Paşinyanın ünvanına ağır ifadələr işlədilir: onun dəli olduğu, Qərbin Saakaşvili, Paşinyan kimi “psixi pozğunluğu olan insanlardan” istifadə etdiyi bildirilir. Ermənistanın baş naziri isə hakim “Vətəndaş müqaviləsi” Partiyasının İdarə Heyətinin qapalı iclasında Rusiyanın həmlələrindən qorxduğunu gizlətməyib. Bu barədə “Johovurd” qəzeti açıqlama yayıb. Adıçəkilən mətbu orqan qeyd edir ki, Paşinyan iclasda partiya yoldaşlarına hazırda rusların hakimiyyəti onun əlindən almaq istədiyini, ona görə də onun qorunub saxlanması üçün sərt və dəqiq addımlar atılmalı olduğunu bildirib. “Məsələ burasındadır ki, Paşinyan da onun hökumətinin anti-Rusiya addımlarının nəticəsiz qala bilməyəcəyini, özünün qeyri-sabit xarici siyasəti nəticəsində Rusiyanın artıq Ermənistanı etibarlı tərəfdaş hesab etmədiyini, Ermənistanda hakimiyyətin dəyişməsini istədiyini çox yaxşı başa düşür. Belə ki, Nikol Paşinyan partiya yoldaşlarına, ilk növbədə, əsas silahlarından istifadə etməyi, yəni cəmiyyəti parçalayıb nifaq salmağı tapşırıb”. O, “Vətəndaş Müqaviləsi”nin üzvlərinə erməni ictimaiyyətində anti-Rusiya əhval-ruhiyyəsini dərinləşdirməyi, əvvəlki hakimiyyətin Rusiyanın köməyi ilə geri qayıtmaq istədiyini hər cür bəyan etməyi göstəriş verib.

Bu planları həyata keçirmək üçün o, bütün resurslardan - saxta məlumatlardan, qərbpərəstlərdən, deputatlardan istifadə etmək və bu tezislərdən bütün platformalarda yararlanmaq göstərişi verib. Analitik əmindir ki, indi Paşinyan nə qədər Qərbə doğru inteqrasiya edib bununla bağlı addımlar atmaq istəsə də, bu, çox ağrılı bir prosesdir və elə də olacaq. Paşinyanın hakimiyyətdən düşürülə biləcəyi istiqamətində risklər böyükdür. Rusiyanın Ermənistana qarşı olan aqressiyasının digər səbəbi isə ondan ibarətdir ki, Moskva tam istədiyinə nail olmadığına qəzəblidir. Bu qəzəb isə sonda ya Ermənistanı, ya da Paşinyanı mütləq yandıracaq. Artıq geridönüşü olmayan proses başlayıb. Ermənistan parlamentinin spikeri Alen Simonyan isə bu gərginlik fonunda Rusiya səfirinin XİN-ə çağırılmasına münasibət bildirib. Onun sözlərinə görə, Ermənistan heç vaxt Rusiya ilə münasibətlərdə özünü müttəfiq və ya tərəfdaş olmayan tərəf kimi göstərməyib. Simonyan qeyd edib ki, Rusiyanın “Birinci kanal”ında yayımlanan, səfirin XİN-ə çağırılmasına səbəb olan verilişdə Ermənistanın yüksək rütbəli məmurlarının ünvanına təhqiramiz ifadələr işlədilib və bu tip verilişin hazırlanması ilk belə hal deyil. Ermənistan parlamentinin sədri Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarovanın bəyanatını, təbliğatla məşğul olan məşhur şəxslərin açıqlamalarını və təhqirlərini də xatırladıb. Simonyan bildirib ki, bu cür addımlar Ermənistan cəmiyyətində əks-effekt yaradır. “Qoy, gələn dəfə belə bir addım atmamışdan əvvəl iki dəfə düşünsünlər”, - Simonyan vurğulayıb.

Göründüyü kimi, köhnə müttəfiqlər arasında əsəb müharibəsi gedir. Paşinyan özü də “Voll Strit Jurnal”a müsahibəsində Rusiyanın yüksək rütbəli məmurlarının, o cümlədən TŞ sədrinin müavini Medvedyevin ona qarşı təhqiramiz ifadələr işlətməsinə və dövlət çevrilişinə çağıran sözlərinə necə münasibət göstərdiyi ilə bağlı sualı cavablandırıb. “Bu yanaşma bir-birinin daxili işlərinə qarışmama, diplomatik etiket qaydaları da daxil olmaqla, bir çox qaydaları pozur və təbii ki, şəxsi ölçüdə problemlər yaradır”, - o bildirib.

Ermənistanın dünyaya qapısı açılır" - Qabil Hüseynli Yeni Sabah

Qabil Hüseynli

Bu mövzuda “Yeni Müsavat”a danışan professor Qabil Hüseynlinin fikrincə, Paşinyan mürəkkəb gedişlər edir və artan xətt üzrə davam edən bu addımları günün birində onun başında partlaya bilər: “Xüsusən də Fransanın bölgəni qatıb-qarışdırmaq cəhdləri açıq görünür. Bu ölkə çox məkrlidir və Cənubi Qafqazda yeni düzənin əleyhinədir. Fransanın Ermənistanı silahlandırması da Rusiya ilə əlaqədardır. Rusiya-Ermənistan gərginliyi getdikcə artacaq. Amma qabaqdan qış gəlir və bu ölkənin qaz təchizatında Rusiya mühüm rol oynayır. Kim söyləyə bilər ki, Rusiya qışın orta çağında qaz kəmərini bağlamayacaq? Ermənistana neft məhsulları ilə bağlı təzyiqlər də göstərilməsi mümkündür. Üstəlik, Rusiya qəzetləri məsələnin həlli barədə müxtəlif versiyalar səsləndirir. Misal üçün, Gümrüdəki hərbi bazanın hərəkətə keçə biləcəyinə eyham vururlar. Ümumiyyətlə, bölgədə Ermənistan üçün mürəkkəb vəziyyət yaranıb. Bu da Qərbin, Fransanın regiona daxil olmaq səyləri ilə əlaqədardır”.

Azad MƏSİYEV

Azad Məsiyev

Siyasi ekspert Azad Məsiyevin bildirdiyinə görə, ABŞ Rusiyanın müttəfiqlərini onun üzərinə qaldırmaqdadır. Ekspert hesab edir ki, bu strategiya Rusiyanı dünya siyasətində təkləməyin tərkib hissəsidir və Paşinyan da bu öhdəliyi götürməklə hakimiyyətə gəlib: “Ermənistan tam klounlaşdırılıb. Ölkədə "JEK" müdirindən yüksək vəzifəli şəxsə qədər sorosçulardan ibarətdir. Ona görə bütün addımlar Rusiya əleyhinə yönəlib. Artıq Paşinyan Putinə cinayətkar gözü ilə baxır və bunu da Roma əsasnaməsini ratifikasiya etməklə göstərdi. Halbuki Rusiya yeməyib, Ermənistanı yedirdib, indi üzünə ağ olur. Ona görə Moskva İrəvanın bu xəyanətini bağışlamayacaq. Artıq Ermənistanı müalicə etmək də mümkün deyil, cərrahi əməliyyatla məsələ kökündən həllini tapmalıdır". A.Məsiyevin fikrincə, Rusiyanın əlində erməni lobbisi, siyasi-iqtisadi təzyiq mexanizmləri var, rus hərbçiləri Ermənistan sərhədlərini qoruyur: “O baxımdan, Rusiya müttəfiqinin ondan imtina etməsini cavabsız qoymayacaq. Bu əlaqələr Azərbaycana da təsir edir. Xüsusən də sülh danışıqlarına... Çünki sülh sazişi ilə bağlı danışıqların Moskvada aparılmasına Rusiyanın mənəvi haqqı çatır. Amma Ermənistan körpüləri yandırdığı üçün sülh danışıqlarının da Rusiyada aparılmasını çətinləşdirir”.

Emil SALAMOĞLU
“Yeni Müsavat”

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

29 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR