Onlayn ictimai-siyasi qəzet
Həm eks-prezident Donald Trampın, həm də indiki ABŞ prezidenti Cozef Baydenin dönəmində ABŞ ordusunun baş qərargah rəisi vəzifəsini icra etmiş general Mark Milli “Taliban”la bağlı dedikləri sensasiya səciyyəsi daşıyır.
Yox, general Milli heç bir dəhşətli sirrin, müdhiş cinayət sözləşməsinin üstünü açmayıb, amma 2021-ci ildə ABŞ qoşunlarının Əfqanıstandan çıxarılmasına dair elə bir açıqlama verib ki, ABŞ-da olmasa da, dünyanın yerdə qalan hissəsində siyasət adamlarının təbəssümünə səbəb olur, eyni zamanda ABŞ əleyhdarlarının əlinə bu ölkənin siyasətini tənqid etmək üçün səbəb verir.
Dünən general Mark Milli ABŞ Konqresinin Nümayəndələr Palatasının xarici əlaqələr komitəsində deyib ki, əgər 2021-ci ilin yayında ABŞ qoşunlarını Əfqanıstandan çıxarmasa, radikal “Taliban” hərəkatının döyüşçüləri ilə toqquşmalı olacaqmış.
Bu ifadədədən sonra ağıla gələn ilk sual budur: Bəs onda 20 il əvvəl Əfqanıstana niyə girmişdiniz?
O vaxt Əfqanıstan bütünlüklə “Əl-Qaidə” təşkilatının lideri Üsamə bin Ladenin və molla Məhəmməd Ömərin rəhbərliyi ilə “Taliban”ın əlində idi. Əfqanıstana daxil olmaq “Taliban”la amansız çarpışmaya girmək demək idi və ABŞ NATO-nu üzünə tutaraq bunu etməkdən çəkinmədi. Uzun çəkməyən, amma qırğınlarla müşayiət olunan döyüş əməliyyatlarından sonra ABŞ hərbi kontingenti “Taliban”ı Pakistanla sərhəddəki Tora-Bora dağlarına və Şimali Vəziristan (Pakistan) əyalətinə sıxışdırdı. Ancaq partizan müharibəsi bitmədi. “Taliban” vaxtaşırı olaraq ABŞ və NATO qüvvələrinə, eləcə də ABŞ-ın Əfqanıstanda bərqərar etdiyi hakimiyyətin yerli orqanlarına hücum edir, Pentaqon isə bunun cavabını “talibançılar”ın göründüyü yerləri ağına-bozuna baxmadan bombalamaqla verir, mülki insanlar arasında böyük tələfatlara səbəb olurdu.
Bu, “Taliban”la müharibə deyildimi?
Onu da qeyd edək ki, ABŞ bu mənasız müharibədə bir neçə trilyon dolları aşan məbləğdə maddi zərərə uğrayıb. Nə qazandığını isə demək çətindir.
Yəni ABŞ-ın öz hərbi kontingentini Əfqanıstandan çıxarmasının səbəbi heç də, Millinin dediyi kimi, “Taliban”la mümkün toqquşma deyil. Böyük ehtimalla ABŞ özünü Əfqanıstanın 40 milyonluq əhalisini saxlamaq, dolandırmaq, təhlükəsizliyini təmin etmək kimi yüklərdən xilas etmək üçün bu lənətlənmiş ölkəni tərk edib. Ancaq bir neçə ildir bunu elə qələmə verirlər ki, Əfqanıstana müdaxilənin yanlış olduğu qənaəti yaranmasın. Əsas rəy belə olmalıdır: 2001-ci ildə Əfqanıstana girəndə də düz hərəkət etmişik, 2001-ci ildə Əfqanıstandan da çıxanda da.
Bu “girib-çıxma”da neçə yüz min insan ölüb – bu, artıq statistikadır.
Bu intervensiya nəticəsində ABŞ əsas məqsədinə çatıbmı? Birmənalı demək olar ki, çatmayıb. Ölkədə demokratik rejim bərqərar etmək mümkün olmadı. 20 ildən sonra hakimiyyət yenidən “Taliban” terrorçularının, ölkəni daş dövrünə qaytarmağa çalışan və qismən də qaytarmış, onu quldarlıq ictimai formasiyasının qayda-qanunları ilə idarə edən qüvvələrin əlindədir. Ölkə əhalisinin yarıdan çoxu qaçqın və köçkündür. Əfqanıstanda iqtisadiyyat deyilən bir şey yoxdur, ən gəlirli sahə narkotik bitkilər əkib-becərmək və onun emalıdır. Qadınlar qul, kölədir. Ölkədə müasir sivilizasiyanın bütün əlamətləri məhv edilib. Musiqi yasaqlanıb, musiqiçilər ya həbs edilir, ya öldürülür.
ABŞ Əfqanıstanı, bax, belə bir vəhşi rejimin ixtiyarına verib, çıxıb. Yoxsa uzun saqqallı, köhnə-köşkül əlbisəli döyüşçülər Tora-Boranın mağaralarından çıxıb pikaplara doluşaraq, başları üzərində “Kalaşnikov” oynada-oynada bütün Əfqanıstanı götürə bilməzdilər. Ortada təhvil-təslim razılaşması olmasaydı, ABŞ ordusu istənilən saatda bir neçə “Tomohavk”la onları yenidən gəldikləri yerə qədər qovardı. Amma Pentaqon bunu etmədi, öz modern silahlarını hərbi bazalarda tərk edərək, canlı qüvvələri təyyarələrə dolduraraq, yüz minlərlə insanı qəddar “Taliban”ın olmayan mərhəmətinin öhdəsinə buraxaraq, çıxdı.
Bəs nə əcəb “Taliban”ın başına pul kəsdiri eks-prezident Həmid Kərzay Əfqanıstanı tərk etmədi və hələ də asudə şəkildə Kabulda yaşayır, hətta yeri gələndə “Taliban”a ağsaqqallıq edir?
Çünki ABŞ və “Taliban”ın anlaşmasında Kərzay və onun kimi “Amerikanın uşağı” olan şəxslərə toxunulmaması ilə bağlı müddəalar da var.
Belə iddialar var ki, ABŞ indinin özündə də “Taliban”a maddi yardım göstərir ki, ölkədə hakimiyyətini möhkəmlətin, işlərini yoluna qoysun, bəzi problemləri həll etsin.
Ona görə də ABŞ ordusunun keçmiş qərargah rəisi Mark Millinin “əgər biz qoşunların 100%-ni geri çəkməsəydik, yenidən “Taliban”la müharibəyə girəcəkdik” deməsi qeyri-səmimi olduğu qədər də gülünc ifadədir.
Orası da var ki, ABŞ qoşunlarının Əfqanıstandan çıxarılması qərarı Tramp adminstrasiyasına məxsusdur.
Araz Altaylı, Musavat.com
22 Noyabr 2024
21 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ