Onlayn ictimai-siyasi qəzet
Mütəxəssislər gənc orqanizmi kofe “fırtına”sından qorumağı zəruri sayırlar, çünki...
Son zamanlar reklamların və eyni zamanda kofeşopların dəb halı alması bəzən istəmədən də olsa kofe meylliliyini artırır. Xüsusən də gənclər kofeyə daha çox həvəslənir ki, bu da onların orqanizmində fəsadlara yola aça bilər.
Kofe asılılığı son zamanlar dünyanın bir çox yerlərində ciddi problemə çevrilib. Onun tərkibindəki kofein səbəbindən insanlar qısa zamanda özlərini enerjili, gümrah hiss edə bilirlər. Həmçinin qəhvənin tərkibindəki antioksidant maddələr bioloji qocalmanın qarşısını müəyyən qədər alır ki, bu da çox önəmlidir. Bundan əlavə, kofenin tərkibində olan polifenol, hansı ki, şərabın da tərkibində var, insanların əhval-ruhiyyəsini, enerjisini artırır və yorğunluğun aradan qaldırılmasına kömək edir.
Gənclərdə film və seriallarda gördükləri kofeyə meyl artır
Psixoloq Təranə Əliyeva bildirir ki, əslində gənclərin son zamanlar kofeyə aşırı meyl etməsi daha çox xarici film və seriallardan təsirlənməsinin nəticəsidir. Millət olaraq daha çox çaya üstünlük verməmizə baxmayaraq, kofenin yaratdığı cool görüntü, kofeşoplardakı aura, eləcə də zehni fəaliyyətlə məşğul olan insanların yuxusunun qarşısını almaq üçün kofenin faydaları bu meylliliyin artmasının səbəblərindəndir: “Bəzən də insan psixoloji olaraq özünü inandırır ki, kofe ancaq gümrahlıq, yuxusuzluq və müsbət əhval-ruhiyyə yaradır. Əslində isə bu, sırf psixoloji özünütəlqindir”.
Həkimlər bildirir ki, yeməkdən 30-40 dəqiqə sonra kofe qəbul olunsun, yaxud səhər və günorta yeməyi arasındakı arada kofe içilə bilər. Eyni zamanda qəhvənin müsbət təsirlərini hiss edə bilmək üçün mütləq onu qatqısız və yaxud əlavə inqridentlər olmadan qəbul etmək lazımdır. Əlavə inqrident deyərkən nə nəzərdə tutulur? İstər süd, şəkər, qaymaq, yaxud hər hansı dadlandırıcının olmamasına xüsusi diqqət etmək lazımdır.
Gün ərzində içiləcək norma
Kofenin tərkibindəki antioksidant maddə həm də xərçəng yaranmasının qarşısını almaqda böyük rol oynayır, mərkəzi sinir sisteminin funksiyasını yaxşılaşdırır, zehni qabiliyyəti artırır. Ancaq gün ərzində 200 milliqramı keçməmək şərti ilə qəbul etmək tövsiyə olunandır, çünki artıq qəbul olunduğu halda zərərləri olacaq. Bəzən kofeni həddindən böyük fincanlarda, müxtəlif qatqılarla qəbul edirlər ki, bu da həm həzm sisteminin pozulmasına, həm də artıq kalori qəbul olunmasına səbəb olur. Eyni zamanda acqarına içilən kofe bir çox hallarda mədədə turşuluğu artırdığı üçün qastrit, mədə xəstəlikləri yarana və ya orqanizmin kofeinlə zəhərlənməsi halı baş verə bilər.
Artıq miqdarda qəbul olunan qatqılarla dolu qəhvə birbaşa orqanizmin şəkər balansının pozulmasına gətirib çıxardır ki, bu da piylənməyə, şəkərli diabetə, həmçinin yuxu sisteminin tamamilə pozulmasına gətirib çıxarır. Kofe asılılığı olan gənclərdə iştahsızlıq baş verir ki, bunun nəticəsində orqanizm zəifləyir, immun sistemi aşağı düşür. Məsləhət görülür ki, kofeni qəbul edərkən ağartılardan, xüsusilə kalsium tərkibli ağartı məhsullarından ən azı 2 saatdan tez istifadə olunmasın. Çünki əsasən südlü kofe içənlərin orqanizmində vitamin və mineralların azalması baş verir. Südlə kofe reaksiyaya girərək orqanizmin daxili orqanlarının, maddələr mübadiləsinin pozulması ilə nəticələnir.
Zehni oyadır, fiziki performansı yüksəldir, əhvalı yaxşılaşdırır - faydası bu!
Amma kofeinin gənclərin, xüsusən də idmançıların orqanizminə göstərdiyi müsbət təsirləri də yaddan çıxarmamalıyıq. Belə ki, düzgün miqdarda istifadə edildikdə qəhvənin bir çox müsbət təsiri ola bilər:
Zehni oyanıqlığı artırır.
Kofein beyin fəaliyyətini stimullaşdıraraq diqqət, fokus və yaddaşı müvəqqəti yaxşılaşdıra bilər. Bu səbəblə tələbələr və ofis işçiləri arasında çox məşhurdur.
Fiziki performansı yüksəldir.
Kofein əzələlərin yorgunluğa qarşı dözümlülüyünü artırır. İdmançılar məşq və yarışlardan əvvəl kofein qəbul etdikdə daha yaxşı nəticələr göstərə bilərlər.
Əhval-ruhiyyəni yaxşılaşdırır.
Kofein dopamin adlı “xoşbəxtlik hormonu”nun ifrazını artıraraq əhvalın yaxşılaşmasına kömək edir.
Metabolizmanı sürətləndirir.
Kofein yağ yandırma prosesini aktivləşdirərək maddələr mübadiləsini sürətləndirə bilər. Bu, arıqlamaq istəyənlər üçün əlavə üstünlük yaradır.
Baş ağrılarına qarşı təsirlidir.
Kofein bəzi baş ağrısı və miqren dərmanlarının tərkibinə daxil edilir. Damar daraldıcı təsiri sayəsində ağrını azalda bilər.
Tip 2 diabet və Parkinson riskini azalda bilər.
Bəzi elmi araşdırmalar qəhvə içən insanlarda tip 2 diabet və Parkinson xəstəliyi riskinin daha az olduğunu göstərib.
Yuxunu pozur, həyəcanı artırır, həzmi çətinləşdirir - bu da ziyanı
Kofeinin zərərləri:
Həddindən artıq və ya həssas bədənlərdə kofein bir sıra mənfi təsirlər göstərə bilər:
Yuxu pozğunluqları.
Gecə saatlarında qəbul edilən kofein yuxuya getməni gecikdirə və yuxu keyfiyyətini azalda bilər. Yuxusuzluq problemi olanlara axşam saatlarında kofein tövsiyə edilmir.
Asılılıq və dözümlülük.
Kofeindən davamlı istifadə edildikdə, bədən ona alışa bilər. Bu zaman əvvəlki təsiri görmək üçün daha çox miqdarda istifadə lazım olur və asılılıq formalaşa bilər.
Narahatlıq və həyəcan hissi.
Kofein bəzi insanlarda ürək döyüntüsü, əsəbilik, titrəmə və narahatlıq hissi yarada bilər. Xüsusilə panik pozuntusu və anksiyetesi olan insanlar diqqətli olmalıdır.
Həzm problemləri.
Boş mədəyə qəhvə içmək qastrit və mədə turşusunun artması kimi problemlərə yol aça bilər.
Təzyiqin qalxması.
Kofein qəbulundan sonra bəzi insanlarda qısamüddətli qan təzyiqi artışı müşahidə oluna bilər. Yüksək təzyiqi olanlar həkim tövsiyəsinə əsasən istifadə etməlidirlər.
Yuxarıda da qeyd etdik ki, gündə nə qədər kofe qəbul etmək sualı özü ilə çoxsaylı müzakirələr də yaradır.
Əksər mütəxəssislər gün ərzində 200-400 mq kofein qəbulunu təhlükəsiz hesab edirlər. Bu da təqribən:
2-4 fincan qəhvə
4-5 stəkan qara və ya yaşıl çay
2 ədəd enerji içkisi (məsləhət görülmür) edir.
Hamilə qadınlar üçün bu miqdar daha az olmalıdır (gündə maksimum 200 mq).
Kofeinsiz alternativlər varmı?
Əgər kofeindən uzaq durmaq istəyirsinizsə, aşağıdakı alternativlərə üstünlük verə bilərsiniz:
Bitki çayları (çobanyastığı, nanə, melissa),
Kofeinsiz qəhvə,
İlıq limonlu su,
Meyvə smuziləri və ya təbii şirələr.
Kofein düzgün və nəzarətli istifadə edildikdə faydalı təsirlər göstərə bilər. Lakin həddindən artıq qəbul və ya şəxsi həssaslıqlar səbəbilə zərərli təsirləri də nəzərə alınmalıdır. Əsas qayda bədəni dinləmək və balanslı istifadəyə diqqət yetirməkdir.
SEVINC
19 Aprel 2025
ŞƏRHLƏRŞƏRH YAZ