Onlayn ictimai-siyasi qəzet
Akif Nağı: “Onlarla bağlı dövlət səviyyəsində təşkilatlar yaradılmalıdır”
Bu günlərdə Azərbaycan dövləti çox önəmli bir məsələnin həllinə nail oldu. İranda həbsdə olan Fərid Səfərli Azərbaycana qaytarıldı. Xatırladaq ki, Almaniyanın Yena Universitetinin tələbəsi Fərid Səfərli 2023-cü il fevralın 20-də İrana səfər etmişdi. Martın 4-dən etibarən onunla əlaqə kəsilmişdi. Sonradan onun İranda saxlanması barədə məlumatlar verildi.
İki ilə yaxın davam edən danışıqlardan sonra Azərbaycan Respublikası Prezidentinin tapşırığına uyğun olaraq, Azərbaycan Respublikasının vətəndaşı, 2023-cü ildə İran İslam Respublikasında saxlanılmış Fərid Səfərli beynəlxalq hüquqi əməkdaşlıq və qarşılıqlı prosedur çərçivəsində yanvarın 18-də İran İslam Respublikasından təhvil alınaraq ölkəmizə qaytarılıb.
Yada salmaq yerinə düşər ki, elə həmin il Azərbaycanın İrandakı səfirliyində törədilmiş terror aktından sonra Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) İrana səyahət etmək istəyənlərə xəbərdarlıq edib. Bu xəbərdarlığa baxmayaraq, İrana səfər edən Fərid Səfərli, məlum olduğu kimi, casusluqda ittiham olunaraq həbs edildi.
Azərbaycanda zaman-zaman xüsusilə gənclərin diqqətli davranmağının önəmi vurğulanır. Ayrı-ayrı şəxslərin və ya qruplaşmaların təsiri altına düşməmək üçün vaxtaşırı maarifləndirmə tədbirləri keçirilsə də, çağırışlar edilsə də, təəssüf ki, həyat təcrübəsinin yetərsizliyi səbəbindən müşkül duruma düşənlər olur.
Akif Nağı
Azad Vətən Partiyasının sədri Akif Nağı “Yeni Müsavat”a açıqlamasında mövzu ilə bağlı fikirlərini bölüşdü. A.Nağı hesab edir ki, gənclər dövlət siyasətinə cəlb olunmalı, xalq və dövlət üçün səmərəli fəaliyyət göstərməlidirlər: “Əgər boşluq varsa, ondan istifadə edənlər tapılır. Fərid Səfərlinin hansı təsir altına düşdüyünü bilmirik, amma hər halda, onun saxlanması müəyyən məqsəd üçün idi. Bu gün qonşu və uzaq ölkələr Azərbaycan gəncliyinin "beynini yumaqla" öz ideyalarının təbliğatçısına çevirməyə çalışırlar. Məlumdur ki, İrandan dini istiqamətdə, başqa ölkələrdən isə tamam başqa formada təbliğat aparılır. Gənclər dini təbliğatın təsirinə daha tez düşürlər. Gənclərin dinə sədaqətli olması yaxşı haldır, amma bundan başqa məqsədlər üçün istifadə edildikdə bu dövlət üçün təhlükəyə çevrilir. Eyni zamanda Azərbaycanda digər dinlərin təbliğatçıları var. Azərbaycan gəncləri öz dövlətinə sadiq olmalıdırlar. Hesab edirəm ki, təşkilati baxımdan müəyyən problemlər var, boşluqları qeyri-hökumət təşkilatları səviyyəsində aradan qaldırmağa çalışırlar. Gəncləri təşkilatlarda bir araya toplamaq yaxşı fikirdir, amma düşünürəm ki, dövlət səviyyəsində təşkilatların yaradılmasına ehtiyac var. Müstəqillikdən öncəki illərdə belə təşkilatlar var idi ki, onlar da müəyyən təsirlərə malik idilər. Fikrimcə, həm QHT-nin düzgün yönəldilməsi, həm də dövlət səviyyəsində gənclərlə bağlı təşkilatların yaradılmasına ehtiyac var. Dünya ölkələrində, məsələn, Rusiyada milliyyətçi təşkilatlar yaradırlar ki, gənclər öz tarixinə bağlı olsunlar. ABŞ-da da buna bənzər dövlət himayəsi altında olan təşkilatlar var".
A.Nağı xaricdə yaşayan Azərbaycan gənclərinin zərərli təsirlərə düşməməsi üçün də tövsiyələrini bölüşdü: “Məsələn, Türkiyədə gəncləri bir araya toplayan dərnəklər, müxtəlif konfranslar təşkil olunur. Gənclərin asudə vaxtını səmərəli keçirməsi üçün universitetlər təşəbbüs göstərirlər. Amma yad təbliğatlardan yan keçmək mümkün deyil. Bəzi universitetlər öz yanaşmasından irəli gələrək də təbliğat aparırlar. Gənclər də istər-istəməz o təbliğatın təsiri altına düşürlər. Düşünürəm ki, diaspor təşkilatlarımız zəif fəaliyyət göstərirlər. Türkiyədə, Avropada, ABŞ-da gənclər tamamilə yad, Azərbaycana uyğun olmayan təbliğatın təsiri altına düşürlər. Gənclər gələcək deməkdir. Bəzi ölkələr də bu qüvvədən istifadə etməyə çalışır. Bu baxımdan, Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəlikləri, eyni zamanda diaspor təşkilatları gənclərlə iş istiqamətində xüsusilə diqqətli olmalıdırlar. Diaspor təşkilatlarının gənclərlə əlaqəsi demək olar ki, yoxdur. Bunun bir yolu tapılmalı, gəncləri ən azı diaspor fəaliyyətinə cəlb etmək lazımdır”.
Yazını HAZIRLADI: Nigar Həsənli
23 Yanvar 2025
ŞƏRHLƏRŞƏRH YAZ