Onlayn ictimai-siyasi qəzet
16 yaşlı Yamal tarixin bir addımlığında...
Futbol üzrə Avropa Çempionatının bitməsinə sayılı günlər qalır. Artıq finalçılardan biri məlumdur. Meydan sahibi Almaniyanı 1/2 mərhələsində mübarizədən kənarlaşdıran İspaniya millisi yarımfinalda güclü Fransa kollektivini də (2-1) yarışmadan kənarda qoyub.
İyulun 10-da isə sonuncu finalçının adına aydınlıq gələcək. Qardaş Türkiyəni həm də futbol şansları hesabına məğlub edərək yarımfinala yüksələn Hollandiya yığması İngiltərəni turnirdən kənarlaşdırmaq üçün meydana çıxmışdı. Bakı vaxtı ilə saat 23:00-da başlayan oyun gecə saatlarında olduğu üçün qəzetimizdə son nəticəni oxuculara çatdırmaq mümkün olmadı...
Bu çempionatın ən gənc kollektivlərindən sayılan ispanların yarımfinal oyunu da göz oxşayıb. Xüsusilə bu qarşılaşma İspaniya yığmasının 16 yaşlı ulduz oyunçusu Lamin Yamal üçün daha əlamətdar olub. O, hesabda geri olduqları vaxt möhtəşəm qolla hesabı bərabərləşdirib. İspaniyanın Fransanı məğlub etməsi ilə paralel Lamin Yamal haqqında bütün dünya danışır. O, oyunun ən yaxşı futbolçusu ünvanına sahib olmaqla yanaşı, Avropa çempionatları tarixinin qol vuran ən gənc oyunçusu adını qazanıb. Əgər İspaniya çempion olarsa, bu, 16 yaşlı oyunçu üçün yeni bir tarix olacaq, hələ finalda qol vursa, bununla tarixə yeni bir səhifə yazacaq...
“Biz xoşbəxtik. İndi daha çox sevinirik. Oyunu oxumağı bilən və əla şəkildə oynayan bəzi dahi oyunçularla fəxr edirik”.
QOL.az xəbər verir ki, bu sözləri İspaniya millisinin baş məşqçisi Luis De La Fuente Avro-2024-ün yarımfinalında Fransaya qalib gəldikləri oyundan sonra mətbuat konfransında deyib.
O, 2:1 hesablı qələbəni belə şərh edib: “Müdafiədə mükəmməl oynadıq, əks-hücumlar üçün imkanlarımız oldu, təhlükəli anlar yaratdıq. Rəqibin bir az da açıq oynamasını istəyirdik. Hesab edirəm ki, ümumilikdə inamlı oyun keçirdik. Futbolçularım nümunəvi işlər görürlər. Onlar fərdi qaydada yaxşı oynayırlar, amma həmişə komandanın xeyrinə çalışırlar. Bu oyunçularla işləmək imkanım olduğu üçün fəxr edirəm”.
La Fuente bildirib ki, finalda hansı rəqiblə qarşılaşmalarından asılı olmayaraq turnirin qalibi olmaq əzmindədirlər: “Biz tarix yazmağa davam etmək istəyirik. Dincəlmək istəmirik. Berlində finalda mübarizə aparmaq üçün kifayət qədər motivasiyamız var idi. Finalda kimin olmasının fərqi yoxdur. Biz öz yolumuzu bu çempionatda görürük. İstənilən rəqib güclü olacaq və ona qucaq açıb gözləyəcəyik. Biz qalib gəlmək istəyirik”.
“İspaniya sübut etdi ki, çox yaxşı komandadır. Hesabı açmaq bizə qismət oldu, lakin rəqib topa daha yaxşı nəzarət etdiyi üçün bizə problem yaratdı”.
QOL.az xəbər verir ki, bu sözləri Fransa millisinin baş məşqçisi Didye Deşam Avro-2024-ün yarımfinal mərhələsində İspaniyaya uduzduqları oyundan sonra mətbuat konfransında deyib.
O, komandasının dinamik oynamadığını və hücuma lazım olan qədər çıxmadığı üçün məğlubiyyətdən qaça bilmədiklərini qeyd edib: “Bu gün İspaniya öz ustalığını nümayiş etdirdi. Bir az gecikdik və yəqin ki, komanda o qədər də yaxşı formada deyildi. Bu da bəzi texniki xətalara səbəb oldu, xüsusən də hücumumuzda. Biz kifayət qədər irəli getmədik. Buna görə də lazım olan yerdəyik”.
Qeyd edək ki, Avropa Çempionatının final oyunu 14 iyul tarixində keçiriləcək.
Fazil Mustafa
Böyük Quruluş Partiyasının sədri, deputat Fazil Mustafa öncəliklə futbolun bu qədər siyasiləşməsinin əleyhinə çıxış etdi: “Futbola, ümumiyyətlə, ispan və ya fransız kateqoriyasından baxmaq doğru deyil. Ümumiyyətlə, bu siyasi baxış nə deməkdir? Futbol bir sənətdir. Özü də gözəl bir sənətdir. Bu sənətdə kimin daha gözəl oyunu, oyun hazırlığı varsa, qalib gəlməlidir. Bu fransızdır deyib bu idman sənətinə baxmaq olmaz. Məsələn, bizim Fransa dövləti ilə problemimiz ola bilər, amma bir fransız yazarı ilə problemimiz yoxdur ki? Viktor Hüqonu aşağılamalı deyilik ki. Ona görə də Fransa futboluna da elə baxıram. Kilian Mbappe dünyanın ən güclü oyunçularından biridir. Nəsil olaraq Fransa bir qədər daha yaşlı idi. Texnika baxımından ispanlardan geri qalırdı. Çünki ispanların uşaq futbol məktəbi daha çox inkişaf etmişdi. Çempionatda bu önə çıxdı. Yaxşı mənada hər kəsi heyrətləndirdilər. Ona görə də hər hansı bir şəkildə bunu İspaniya-Fransa qarşıdurması kimi qələmə vermək doğru deyil. Bunu bir sənət qarşıdurması rəqabəti kimi götürmək lazımdır. Bu sənəti bu gün ispanlar daha yaxşı nümayiş etdirdilər və qalib gəldilər. İndi Fransa da qalib gələ bilərdi. Sadəcə, ispanlar daha hazırlıqlı idilər və qalibiyyəti haqq etdilər”.
Şahin Diniyev
“Səbayel” futbol klubunun baş məşqçisi Şahin Diniyev ispanların bu nəticəni haqq etdiklərini söylədi: “Əvvəl də sizinlə danışanda demişdim ki, İspaniyanın şansları çoxdur. Daha bir final izlədik, İspaniya-Fransa qarşılaşması ilə. Dediyim kimi də oldu. Çox gərgin bir oyun keçirildi. Sona qədər hansı tərəfin qalib gələcəyi məlum deyildi. Fransanın bərabərlik şansları da oldu. Çox çətin bir oyun idi. Həm Almaniya-İspaniya, həm də İspaniya-Fransa oyunları erkən finallar kimi boşuna sayılmamalıdır. Belə finallar daha maraqlıdır. Bilmirəm, o biri finalda nələr olacaq, mən artıq iki final oyunu izlədim. İspanların cüzi üstünlükləri var idi və ondan da istifadə etməyi bacardılar. Ümumiyyətlə, İspaniyanın təcrübəlilərlə birlikdə sintez yaratması onun işinə yaradı. Fiziki baxımdan gənclər daha enerjili idi, daha çox qaçırdılar. Burada təcrübəli oyunçuların əməyi daha çox idi. Çünki oyunun ritmini əllərində saxlaya bilirdilər. Nə zaman sürətin artırılmasını, nə zaman azadılmasını bilirdilər. İspaniya bu sarıdan yaxşı vəhdət qurmuşdu. Bu oyundan sonra İspaniya göstərdiyi oyunla bir daha sübut etdi ki, çempionluğa ən layiqli komandadır. Amma belə oyunlar bir kərə də ola bilər. Onun üçün də İspaniyanın çempion olduğunu deməyə tələsməyək. Sadəcə, hər cəhətdən, həm taktiki, həm fiziki, həm də oyun baxımından İspaniya mükəmməl idi. Həm də İspaniya bəxtə görə deyil, oyununa görə Fransaya qalib gəldi”.
Natiq Muxtarlı
Tanınmış idman yazarı Natiq Muxtarlı yarımfinalda əsl futbolun qalib gəldiyindən danışdı: “İspaniya-Fransa oyununda futbolun təntənəsi yaşandı. Aydın idi ki, Fransa əks-hücumlara bel bağlayacaq. Oyunun əvvəlində bu taktikaları özünü doğrultdu, qol vurdular. Bundan sonra təbii ki, daha sıx müdafiə olunub, ispanların boşluqlar verməsini gözləyəcəkdilər. Amma İspaniya təlaşa düşmədi, oyun fəlsəfəsindən qopmadı. Və qısa zamanda hesabı öz xeyirlərinə dəyişdilər. İspaniya topa mükəmməl nəzarət edirdi, istədiyi vaxt təzyiqi artırır, istədiyi vaxt oyunun tempini aşağı salırdı. Futbolçuların meydanda topsuz hərəkəti də fantastik idi. İspaniya hesabda önə çıxdıqdan sonra bəlli oldu ki, Fransanın alternativ oyun sistemi - "B" planı yoxdur.
Ona görə də qalan vaxt ərzində İspaniyanın diktə etdiyi plana əsasən meydanda o tərəf-bu tərəfə qaçmalı oldular. Yarımfinal oyunundan əvvəl qeyd etmişdik ki, bu qarşılaşma İspaniya üçün əsl finalıdır. Hesab edirdim ki, bu oyunun qalibi Avropa çempionu olacaq. İspaniya Fransa ilə oyunda yarımfinalı yox, məncə, həm də finalı qazandı. İngiltərə və ya Niderlandın finalda İspaniyanın qarşısını alacağını gözləmirəm. İngiltərənin oyun sistemi Fransanın sisteminin bir qədər zəif imitasiyasıdır. Niderland yarımfinalda cəsarətli oyun sərgiləsə, İngiltərə finalda olmayacaq.
İspaniyanın Fransanı məğlub etməsi, yaradıcı futbolun təntənəsi, ultramüdafiə sisteminə vurulan sərt şapalaq oldu. İspaniya Avropa çempionu olsa, 2026-cı ildə keçiriləcək dünya çempionatında “avtobus” qurmaq istəyən komandaların sayı azalacaq.
Fransa qalib gəlsəydi, bu tendensiya inkişaf edəcəkdi, futbolun cazibədarlığına ölümcül zərbə vurulacaqdı. İspaniya-Fransa yarımfinalında təkcə ispanlar yox, həm də futbol qalib gəldi, azarkeşlər qazandı".
Kənan Məstəliyev
Futbol mütəxəssisi Kənan Məstəliyev pireneylilərin mükəmməl oyunla finala qədər irəlilədiklərini vurğuladı: “İlk yarımfinalın nəticəsini məcazi mənada "xeyirin şər üzərində qələbəsi" kimi qələmə vermək olar. Fransa bütün turnir boyu darıxdırıcı, baxımsız, həddindən artıq praqmatik futbol nümayiş etdirir, haqlı da tənqidlərə məruz qalırdı. İspanlar isə heç bir oyunlarını “yola vermədilər”. Yaxşı oynadılar, azarkeşlərin sevdiyi, rəngarəng, bəzən aqressiv oyunla həm nəticə, həm də rəğbət qazandılar. Yarımfinal matçında da ilk 15-20 dəqiqəni çıxmaq şərtilə dominatlıq məhz pireneylilərin tərəfində idi. La Fuente gənclərlə təcrübəlilərin əla sintezini yaradıb, bundan maksimum yararlanır. Adları saysaq, Rodri fantastik oynadı, Lamin Yamal isə meqa ulduzdu. 16 yaşında belə oynayan birinin gələcəyini təsəvvür belə etmək olmur. Hücumda yaşlı Morata əla oynadı, Fabian Ruis orta xətdə böyük kömək etdi, Navasla Naço müdafiəni toparlaya bildilər. Çox uzatmaq olar, amma ispanlar finala layiq idilər və rəqibin kimliyindən asılı olmayaraq çempionluğa əsas namizəddilər".
Cavanşir ABBASLI,
“Yeni Müsavat”
24 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ