Onlayn ictimai-siyasi qəzet
Fərid Şahbazlı: “Azərbaycan dövləti nəinki parlamentdə, hakimiyyətin müxtəlif qollarında gənc kadrların çalışmasına böyük maraq göstərir”
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Aynur Sofiyeva bildirib ki, YAP-ın namizədləri arasında gənclər də var.
“İlk dəfə namizəd olan şəxslərin adı da siyahıda yer alıb. Parlamentdə olan veteran deputatların adı siyahıya əlavə edilib”.
Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov isə MSK-nın iclaslarından birində deyib ki, dairə seçki komissiyalarında yaradılmış ekspert qruplarının tez-tez dəyişməsinin tərəfdarı deyil. “Ekspert qruplarına təlimlər keçirik, onlar təcrübə qazanırlar. Hazırda ekspert qruplarının tərkibinin 1/3-i əvvəlki şəxslərdir. Bu, çox azdır”, - deyə MSK sədri bildirib. O qeyd edib ki, 375 ekspertin əksəriyyəti hüquqşünas olmalıdır. MSK-nın sədr müavini Rövzət Qasımov isə vurğulayıb ki, ekspertlərin seçimində xüsusilə gənclərə üstünlük verilib.
Göründüyü kimi, Azərbaycanda gənclərin xüsusilə siyasətdə fəallığının artırılması üçün işlər görülür. Müxtəlif sahələrdə uğurları ilə ölkənin gələcəyi üçün çalışan gənclərin dövlət idarəetməsində də uğur qazanması üçün şans yaradılır. Bəs gənclər özləri necə, siyasətdə iştiraklılığı necə görürlər?
Fərid Şahbazlı
“İslahatçı Gənclər” İctimai Birliyinin sədri Fərid Şahbazlı “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, gənclərin parlament seçkilərində iştirakına kompleks məsələ kimi yanaşmaq lazımdır: “Azərbaycanda olduqca uğurlu dövlət gənclər siyasəti həyata keçirilir. Bu siyasətin əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulub. Heydər Əliyev hakimiyyətə gələndən sonra Azərbaycanda gənclər siyasəti dövlət siyasətinin prioritet istiqamətinə çevrilib. Gənclər və İdman Nazirliyi yaradılıb, gənclər forumları keçirilməyə başlanıb, gənclərlə mütəmadi görüşlərin təşkili genişlənib. Gənclərlə bağlı qanunvericilik bazasının hazırlanması üçün təşəbbüslər çoxalıb. Gənclər siyasəti bu gün də davam etdirilir. Cənab Prezidentin rəhbərliyi altında gənclərin beynəlxalq rəqabətə tab gətirəcək keyfiyyətli təhsil alması, özünü ifadə edə bilməsi üçün çoxsaylı işlər görülüb, layihələr, dövlət proqramları icra olunub. Bütün görülən işlərin təməlində Azərbaycan gəncliyinin milli-mənəvi dəyərlərə, dövlətçiliyə bağlı, eyni zamanda dünyadakı rəqabət prosesinə dözəcək qədər intellektual, mobil gənclər ordusu görmək istəyi dayanır. Təsadüfi deyil ki, bundan əvvəlki bütün seçkilərdə hakim Yeni Azərbaycan Partiyası tərəfindən gənclərə üstünlük verilib. Partiyanın sıralarından gənc millət vəkilləri seçilib.Parlamentin tarixində 25-26 yaşında deputat seçilənlər var. Bu, şübhəsiz ki, Azərbaycan dövlətinin gənclərin dövlət idarəetməsində iştirakına göstərdiyi marağın və diqqətin nəticəsidir”.
F.Şahbazlı vurğuladı ki, Azərbaycan dövləti nəinki parlamentdə, hakimiyyətin müxtəlif qollarında gənc kadrların çalışmasına böyük maraq göstərir: “Təsadüfi deyil ki, Prezident İlham Əliyev daim çıxışlarında gənclərə inandığını, gənclərin də daim ona güvənə biləcəklərini vurğulayır. Hesab edirəm ki, bu, çox vacib mesajlardır. Ölkənin demək olar ki, bütün bölgələrində gənclər evi tikilib. Bu gün həm Yeni Azərbaycan Partiyasının sıralarından, həm də bitərəflər arasından gənclərə üstünlük verilməsi gənclərlə bağlı siyasi iradənin göstəricisidir. Bələdiyyələrdə, Prezident Administrasiyasında, parlamentdə, bir sözlə, dövlətin bir çox strukturunda çox sayda gənc mütəxəssisə rast gəlinir. Gənclərin olduğu hər yerdə dinamika, fəallıq var. Gənclər bütün proseslərin hərəkətverici qüvvəsidir. Bu baxımdan düşünürəm ki, növbədənkənar parlament seçkilərində gənc namizədlər fəallıq nümayiş etdirəcəklər və parlamentin işində yaxından iştirak edəcəklər”. Gələcək Azərbaycan Partiyasının sədri Ağasif Şakiroğlu növbədənkənar seçkilərlə bağlı Sherg.az-ın suallarını cavablandırarkən bildirib ki, seçkilər Prezident İlham Əliyev cənablarının 2019-cu ildə başlatmış olduğu böyük islahatlar paketinin növbəti uğurlu mərhələsi olacaq: “Parlamentdə təkcə danışanlar deyil, həm də xalqla işləyən, innovativ metodları özündə birləşdirən modern gənclər çoxluq təşkil edəcək. O gənclər ki, dövlətinin - onun rəhbərliyinin siyasi kursunu dəstəkləyir. Düşünürəm ki, parlament gəncləşməli və dövlətçiliyimizin güclənməsi istiqamətində yürüdülən siyasəti dəstəkləyən gənclər çoxluq təşkil etməlidir. Gələcək gənclərindir. Ölkəmizin parlamentində siyasi vitrini dəyişmək zəruridir. Heç şübhəsiz ki, gənclərin səhvləri ola bilər. Heç kim qüsursuz deyil. Ancaq gəncliyin səhvi, çılğınlığı bəzi qrup maraqlarına, "5-ci kolon" maraqlarına xidmət edərək dövlətçiliyimizə zərər vurmaq istəyən insanların etdiklərindən min dəfələrlə kiçik ola bilər. Gənclərin parlamentçilik təcrübəsini formalaşdırmaq lazımdır. Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə gənclər gələcək üçün formalaşdırılmalıdır".
Yazını hazırladı: Nigar HƏSƏNLİ
21 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ