İnsanlara hürriyət, millətlərə istiqlal!

Gediş haqlarının bahalaşması gələn ilə qala bilər

Tarif siyasətinin yenidən formalaşması fonunda Bakı metrosundakı tariflərə baxılacağı da güman edilir

Nazirlər Kabineti Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə sərnişindaşıma sahəsində təkliflər hazırlamağı tapşırıb. Bu barədə nazirlikdən bildirilib. “Sərnişindaşıma sahəsində fəaliyyət göstərən özəl nəqliyyat şirkətləri ictimai nəqliyyatda mövcud problemlərin aradan qaldırılması, nağdsız ödənişə tam keçidin sürətləndirilməsi, bu sahədə tarif (qiymət) siyasətinə yenidən baxılması barədə müraciət edib.

Müraciətdə göstərilən məsələlərlə bağlı optimal qərarın verilməsində kompleks yanaşma tələb olunduğunu nəzərə alaraq, Nazirlər Kabineti nazirliyə bu sahədə xidmətin davamlılığının və rəqabətin təmin edilməsi, xidmət səviyyəsinin yüksəldilməsi məqsədilə aidiyyəti dövlət qurumlarının, bu sahədə fəaliyyət göstərən iri təsərrüfat subyektlərinin nümayəndələrindən ibarət işçi qrupun yaradılması və qaldırılan məsələlərin həlli yollarının müəyyənləşdirilməsi üçün təkliflər hazırlanmasını tapşırıb. Təkliflər hazırlanaraq hökumətə təqdim olunacaq", - deyə məlumatda qeyd olunub.

Tarif siyasətinin yenidən formalaşması fonunda ictimai nəqliyyatda gediş haqqının qaldırılacağı istisna olunmur. Bəs görəsən, bu digər nəqliyyat vasitələrinə də şamil olunacaqmı? Eyni zamanda nəqliyyat sektorunda yaranan problemlərin həllində nə kimi dəyişikliklər gözlənilir?

Nəzərə çatdıraq ki, ictimai nəqliyyatda gediş haqqı 30 qəpikdən başlayaraq hesablanır. Şəhər və qəsəbələrarası marşrut xətlərində isə bu qiymət artan tariflə dəyişə bilir.

Avtomobil almaq istəyən şəxslərin qarşısında bu iki problem dayanır –  ekspert açıqlayır - 28.06.2021, Sputnik Azərbaycan

 Eldəniz Cəfərov 

Nəqliyyat məsələləri üzrə ekspert Eldəniz Cəfərov mövzu ilə bağlı “Yeni Müsavat”a bunları şərh dedi: “Oktyabrın 3-də Nazirlər Kabinetində baş nazirin sədrliyi ilə yol-nəqliyyat problemlərinə həsr olunmuş geniş bir müşavirə keçirildi. Yəqin ki, bu müşavirənin keçirilməsində əsas məqsəd paytaxtda olan xroniki tıxaclar, əsas da ictimai nəqliyyatdakı problemlərlə əlaqədardır. Nağdsız ödənişə tam keçidi gücləndirmək üçün özəl daşıyıcılara da müəyyən şərait yaratmaq lazımdır. Ötən həftə özəl daşıyıcıların açıqlamalarından belə bəlli oldu ki, ”Bakıkart"dan istifadəyə görə  onların gəlirlərinin 5 faizi komissiya kimi onlardan alınır. Ona görə özəl daşıyıcılar müəyyən etiraz yaradıb. Daha sonra “BakıKart”ın balansının artırılması problemdir, dayanacaqlarda terminalların olmaması da  “Bakıkart”ın balansının artırılmasını çətinləşdirir. Bu səbəbdən də özəl daşıyıcılar üçün ictimai nəqliyyatda daşınma artıq rentabelli olmur. Yəni bu özəl daşıyıcıların səbəbi ilə deyil, tənzimləməli olan qurumların zəif işləməsi, əks istiqamətdə fəaliyyət göstərməsi səbəbindən özəl daşıyıcıların belə bir problemləri meydana çıxıb. Onlar zərərə işlədiklərini bildirirlər. Mən düşünürəm ki, qiymətlərin yüksəlməsi ola bilər ki, bu ilin sonuna qədər baş verməsin. Ola bilər ki, qiymətlərin qaldırılması əvəzinə həmin özəl daşıyıcılara müəyyən subsidiyalar ayrılsın.

Avtomobil idxalı asanlaşa bilər: DGK-nin yeni xidməti | No Comment

Yasin Mustafayev 

Nəqliyyat məsələləri üzrə ekspert Yasin Mustafayev də mediaya açıqlamasında deyib ki, sərnişin daşımaları hər zaman rentabelli işləmir və dövlət dəstək göstərməzsə, bu sahə rentabelli çalışmır: “Misal üçün, bir avtobusla əgər 60 nəfər adam daşınırsa, nəticədə onun qazancı 18 manat olacaq. Avtobusun şəhərin bir başından digər başına bu qədər pula getməsi real bir rəqəm deyil”. Ekspert əlavə edib ki, daha yaxşı keyfiyyət üçün qiymət artımına getmək qaçılmazdır: “Qiymət 50 qəpiyə qədər arta bilər”.

Tarif siyasətinin yenidən formalaşması fonunda Bakı metrosundakı tariflərə baxılacağı da güman edilir. Amma “Bakı Metropoliteni” QSC-nin mətbuat katibi Bəxtiyar Məmmədov açıqlamasında  deyib ki, qiymət siyasətində yenilənmə ilə bağlı məsələ gündəmdə deyil.

Xatırladaq ki, bir neçə ay əvvəl özəl daşıyıcı şirkətlər mövcud tariflərə yenidən baxılması və özəl daşıyıcılara dövlət dəstəyinin artırılması ilə bağlı Tarif (qiymət) Şurasının sədri, iqtisadiyyat naziri Mikayıl Cabbarova və Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizova müraciət ünvanlamışdı. Onların müraciətlərinə cavab olaraq bildirilmişdi ki, hazırda Bakıda ictimai nəqliyyatda gediş haqqının dəyişdirilməsi məsələsi Tarif (qiymət) Şurasında müzakirə olunmur. Gediş haqqının 70 qəpiyədək qaldırılacağı iddia olunmuşdu.

Afaq MİRAYİQ,
“Yeni Müsavat”

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

13 Oktyabr 2024

12 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR