İnsanlara hürriyət, millətlərə istiqlal!

Gədəbəyin deputatı parlamentdə Söyüdlü hadisələrindən danışdı  

Milli Məclisdə Gədəbəy seçicilərini təmsil edən deputat Sevinc Hüseynova parlamentdə çıxış etmək istədiyini bildirdi və spiker ona bu imkanı yaratdı.

Musavat.com xəbər verir ki, deputat öncə bu məsələyə həssaslıqla yanaşıb, münasibət bildirən həmkarlarına təşəkkür etdi. Əlavə etdi ki, hazırda hadisələrlə bağlı rayonda hüquq-mühafizə orqanları iş aparır, həmçinin dövlət komissiyası yaradılıb: “İlkin məlumatlar olsa da, nəticələri gözləməliyik”.

Ardınca S.Hüseynova baş verənlərlə bağlı fikirlərini bölüşdü:

“Gədəbəy Ermənistanla 23 km-lik sərhəddə yerləşən dağlıq rayondur. Söyüdlü kəndi rayonun ən böyük və dağlıq kəndidir. Əhalinin əsas məşğuliyyəti əkinçilik və maldarlıqla məşğul olur. Akademik Qoşqar Əhmədli də bu kənddə doğulub. Söyüdlü Birinci və İkinci Qarabağ müharibələrində öz sözünü deyib. Doğma rayonumda baş verən hadisə məndə də təəssüf və narahatlıq doğurur. Dağın başında min bir əziyyətlə ev-eşik quran, vətənə və dövlətə layiq övlad yetişdirən insanların sağlamlıq məsələlərindən narahat olmaları təbiidir. Həmçinin polis əməkdaşının oradakı bacılarımıza qarşı kobud rəftarı təbii ki, qəbuledilməzdir və bununla bağlı araşdırma aparılır. Əminəm ki, buna hüquqi qiymət veriləcək. Amma suallar yaranır, necə olur ki, təsərrüfat işlərinin qızğın vaxtında bizim ağbirçəklərimiz kənddən xeyli uzaqda yerləşən gölün yaxınlığında eyni vaxtda yerləşir və polislə üz-üzə gəlir, özü də ölkəmiz üçün həssas bir məqamda?”

Deputat dedi ki, məkrli dairələr məqsədlərinə çata bilmədilər və bunun qarşısı hüquq-mühafizə orqanları tərəfindən alındı:

“Ümid edirəm ki, sakinlər tərəfindən qaldırılan problemlər də öz qanuni həllini tapacaq. Bu hadisələri törədənlər də öz cəzasını alacaq”.

S.Hüseynova onu da bildirdi ki, Söyüdlüdə qızıl istehsalı ilə məşğul olan şirkət ABŞ-a məxsusdur.

E.Paşasoy,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR