Onlayn ictimai-siyasi qəzet
“G7 ölkələrinin müdafiə nazirlərinin İtaliyanın Neapol şəhərində keçirilən birgə toplantısı bir ilkdir. Buna qədər belə bir format olmayıb. Neapolda ABŞ, Almaniya, Fransa, Kanada, İngiltərə, İtaliya və Yaponiyadan ibarət G7 ölkələrinin müdafiə nazirləri ilə yanaşı, NATO-nun baş katibi Mark Rutte də iştirak edib. G7 formatında olan müdafiə nazirlərinin tarixdə ilk dəfə keçirilən görüşdə geosiyasi, sosial və iqtisadi problemlər, o cümlədən müdafiə və təhlükəsizlik məsələləri müzakirə edilib”.
Bu fikirləri Musavat.com-a “Atlas” Araşdırmalar Mərkəzinin sədri, politoloq Elxan Şahinoğlu deyib.
Müdafiə nazirlərinin birgə bəyanatına diqqət çəkən politoloq qeyd edib ki, bəyanatda Ukrayna müharibəsi, Yaxın Şərq və Tayvan ətrafında gərginləşən vəziyyət əks olunub:
“Bəyanatda vurğulanıb ki, dondurulmuş Rusiya aktivlərindən əldə edilən gəlirlər Ukraynaya dəstək, o cümlədən hərbi yardım üçün istifadə olunacaq. Bəyanatda Ukraynaya qısa və uzunmüddətli perspektivdə hərbi yardımın davam etdiriləcəyi göstərilib.
Bundan başqa G7 ölkələrinin müdafiə nazirləri Ukrayna ordusunun bölmələrinin döyüş qabiliyyətinin artırılması və hərbi hazırlığının artırılması məqsədilə təlim təşəbbüslərini dəstəkləyəcəklərini vəd ediblər. Bu vədlərin yerinə yetirilib-yetirilməyəcəyini zaman göstərəcək. Ukrayna nə NATO üzvlüyünə qəbul olunur, nə də ona verilən raketlərdən Rusiyanın içərilərindəki hərbi mərkəzlərinə zərbə endirilməsinə icazə verilir. Halbuki bu ikisi Ukrayna Prezidenti Volodimir Zelenskinin “Qələbə planı”nın əsas bəndləridir. Ukraynanın G7 ölkələrinin hökumətləri tərəfindən vəd edilən 50 milyard dollarlıq kreditin də nə zaman Kiyevə təqdim ediləcəyi ilə bağlı konkret tarix yoxdur”.
E.Şahinoğlu G7-nin müdafiə nazirlərinin Çinin Tayvan yaxınlığındakı hərbi təlimlərindən də narahatlıqlarını ifadə etdiklərini vurğulayıb:
“Biz bir daha təsdiq edirik ki, Tayvan boğazı boyunca sülh və sabitliyin qorunması beynəlxalq təhlükəsizlik və rifah üçün zəruridir”, - qeyd edilən bəyanatda Çinin ada ətrafındakı hərbi təlimləri təxribat kimi qiymətləndirilib.
Bəyanatda vurğulanıb ki, Çinin Cənubi Çin dənizində geniş dəniz iddiaları üçün heç bir hüquqi əsas yoxdur: “Çinin gəmi ticarətinə mane olmasına, mübahisəli obyektlərin hərbiləşdirilməsinə, məcburedici və qorxuducu fəaliyyətlərə, habelə sahillərdən təhlükəli istifadəyə qəti şəkildə qarşıyıq”.
G7 ölkələrinin müdafiə nazirləri ayrıca, “Çinin Rusiyanın müharibə iqtisadiyyatına artan dəstəyindən" və "Çin və Rusiya arasında hərbi əməkdaşlığın gücləndirilməsi nəticəsində yaranan sabitliyi pozan hərəkətlərdən" dərin narahatlıqlarını da bildiriblər. Beləliklə, G7 ölkələrinin Rusiya və Çinlə bağlı sərt ritorikası davam edir. Buna baxmayaraq, Rusiya Ukraynaya qarşı müharibəni davam edərkən, işğal ərazisini genişləndirərkən, Çin də Tayvana olan iddialarından geri çəkilmək istəmir. Pekin müharibənin risklərini hesablasa da, adanın Çinə birləşdirilməsi ideyasından imtina etməyəcək”.
Nigar HƏSƏNLİ,
Musavat.com
22 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ