Onlayn ictimai-siyasi qəzet
Füzuli rayonunun Kərimbəyli kəndi ərazisindən keçən Baş Mil kanalında batan Nihad Nağızadənin atası Vüqar Nağıyev oğlunun nəşinin tapılması üçün kömək istəyib.
Musavat.com xəbər verir ki, o bu barədə sosial şəbəkədə müraciət yayıb.
O bildirib ki, 11 gündür ki, oğlunun meyiti tapılmır: “Çox təəssüflər olsun ki, 11 gün keçib, hələ də tapa bilmirik. Füzuli rayon icra başçısı Ali Alıyev , rayon prokurorluğu, rayonun polis şöbəsi bizə əlindən gələn köməyi ediblər və aidiyyəti orqanlara müraciət ediblər. Müraciət əsasında FHN-nin texnikası və xilasetmə qrupu Baş Mil kanalının ətrafındadırlar və gözləyirlər. Kanal 6 metr dərinlikdədir, onlar bu dərinlikdə fəaliyyət göstərə bilmirlər.
Ehtimal edirik ki, oğlumun meyiti bunker deyilən ərazidə ilişib qalıb. Həmin yerdən su keçir. Aidiyyəti qurumlar, xüsusilə Su Meliorasiya İdarəsi, Kənd Təsərrüfatı Nazirliyi, bizə suyun qurudulmasında kömək etsinlər. Lakin adekvat tədbirlər görülmür”.
Qeyd edək ki, Füzüli rayonunda kanalda batan Nihad Nağızadə bu il XI sinfi bitirmişdi. Əslən rayonun Aşağı Seyidəhmədli kəndindən olan yeniyetmə Qayıdış 4 qəsəbəsində yaşayırdı.
Onun atası Vüqar Nağızadə Füzuli rayon təcili təxirə salınmaz tibbi yardım briqadasında həkim işləyir.
Hazırda N.Nağızadənin axtarışları davam edir.
Şahanə Rəhimli
Musavat.com
08 Iyul 2025
ŞƏRHLƏRŞƏRH YAZ