İnsanlara hürriyət, millətlərə istiqlal!

Futbolda bilet qalmaqalı - Məstəliyev qara bazardan danışdı

Ölkəmizdə futbol oyunlarına maraq artdıqca, bilet satışında müşahidə olunan problemlər də diqqətdən qaçmır. Son günlərdə ölkəmizdə baş tutan beynəlxalq və Premyer Liqa oyunları ərəfəsində qara bazarda bilet satışının yenidən aktuallaşması ictimaiyyətin ciddi narazılığına səbəb olub.

Musavat.com-a danışan azarkeşlərin sözlərinə görə, onlayn satışa çıxarılan biletlər cəmi bir neçə dəqiqə ərzində tükənir. Halbuki həmin anlarda sosial şəbəkələrdə və müxtəlif qapalı qruplarda yüzlərlə bilet baha qiymətlərə satışa çıxarılır. Rəsmi qiyməti 20-30 manat olan biletlərin 100-200 manata, hətta daha yüksək məbləğə təklif olunması artıq adi hal alıb.

Bu vəziyyət sadə azarkeşlərin stadiondan kənarda qalmasına səbəb olur. Onların fikrincə, rəsmi platformalarda bilet almaq demək olar ki, mümkünsüzdür, çünki vasitəçilər və xüsusi proqramlardan istifadə edən şəxslər sürətlə bütün biletləri alaraq daha sonra qara bazarda satışa çıxarırlar. Bir azərkeş bunu belə ifadə edib: “Biz futbolu canlı izləmək istəyirik, amma hər dəfə eyni problem yaşanır. Normal qiymətə bilet yoxdur, qara bazarda isə fantastik qiymətlər tələb olunur. Bu artıq idmana marağı öldürür”.

Məsələ ilə bağlı futbol klubları və AFFA (Azərbaycan Futbol Federasiyaları Assosiasiyası) dəfələrlə açıqlama versələr də, real nəticə gözə dəymir. Rəsmi qurumlar bildirirlər ki, bilet satışı tamamilə şəffaf şəkildə həyata keçirilir və süni qiymət artımı onların nəzarətində deyil. Lakin ictimaiyyət düşünür ki, texniki sistemlər gücləndirilməsə və qara bazara qarşı real mexanizmlər tətbiq olunmasa, problem illərlə davam edəcək.

1755082358_photo_254955.jpg (49 KB)

İdman şərhçisi Kənan Məstəliyev bu barədə Musavat.com-a açıqlamasında bildirib ki, futbol oyunlarına biletlərin qara bazarda satılması problemi təkcə Azərbaycana məxsus deyil. Bu məsələ dünyanın istənilən ölkəsində, istənilən böyük turnirdə müşahidə olunur. Hətta dünya çempionatının finalı kimi möhtəşəm matçlarda belə qara bazar işini görür. İdman şərhçisi Kənan Məstəliyev hesab edir ki, bu problem tamamilə aradan qalxmasa da, minimuma endirilə bilər:

“İlk addım biletlərin alınma mexanizminin ciddi şəkildə analiz edilməsidir: “Əsas məsələ odur ki, bileti kimlər alır? Onlar doğrudan da stadiona gəlirlərmi, yoxsa aldıqdan sonra başqasına ötürürlər? Bu, diqqətlə izlənməlidir. Əgər alan şəxs həmin yerdə oturmursa, deməli, məqsədli şəkildə qara bazara yol açılır”.

Kənan Məstəliyev həmçinin mövsümlük abunə sisteminin tətbiqini vacib hesab edir. Onun sözlərinə görə, daxili çempionat oyunlarına mütəmadi gələn azarkeşlərə avrokubok matçlarında da xüsusi güzəştlər verilməlidir:

“Məsələn, əgər azarkeş Zirə, Turan, Şamaxı kimi komandalara qarşı keçirilən daxili çempionat oyunlarına gəlirsə, onun həmin bağlılığı nəzərə alınmalıdır. Belə azərkeşlərə Avropa oyunlarında da münasib qiymətə və ya üstünlük əsasında bilet almaq imkanı yaradılmalıdır. Bu, həm azarkeşin sevgisinin dəyərini artırar, həm də qara bazarın işini çətinləşdirər. Əgər biletlər necə olubsa, qara bazara düşübsə, mütləq həmin yol izlənməlidir. Bilet kimə satılıb, sonra kimə ötürülüb bütün bunlar hüquq-mühafizə orqanlarının köməyi ilə araşdırılmalıdır. Daxili İşlər Nazirliyi və digər aidiyyəti qurumlarla əməkdaşlıq edərək bu zənciri üzə çıxarmaq mümkündür”.

Kənan Məstəliyev vurğulayır ki, qara bazarın tamamilə yoxa çıxması real görünmür. Ancaq düzgün analiz, mövsümlük bilet sistemi və dövlət qurumları ilə əməkdaşlıq nəticəsində bu problemin miqyasını xeyli azaltmaq olar:

“Bu məsələ təəssüf ki, hər zaman var olacaq. Amma düzgün yanaşma ilə onun təsirini və faizini aşağı salmaq mümkündür. Əsas odur ki, həqiqi azarkeş oyundan kənarda qalmasın”.

Sultan Məmmədli
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

26 Avqust 2025

BÜTÜN XƏBƏRLƏR