Onlayn ictimai-siyasi qəzet
FTB politoloq və Rusiya 1-ci telekanalının aparıcısı Dmitri Saymsın ABŞ-dakı evində avqustun 13-dən bəri axtarış aparır.
Saymsın özü bu barədə heç nə bilmədiyini iddia edir.
FTB xəfiyyələri Virciniya ştatındakı yerli mediaya Saymsın evində olduqlarını təsdiq ediblər. Qurumun sözçüsü təhqiqat aparıldığını bildirib, amma bundan artıq heç bir məlumat verməyib.
Saymsın qonşularından biri deyib ki, FTB xəfiyyələri bu evə gedib-gəlir və bəzən yük maşınlarında hansısa əşyaları aparırlar.
SSRİ-də doğulmuş Sayms 1970-ci illərdə ABŞ-a mühacirət edib. O 1994-2022-ci illərdə ABŞ milli maraqları mərkəzinin rəhbəri olub.
Saymsın 2016-cı ildə keçmiş prezident Donald Trampın seçki kampaniyası ilə əlaqələrinin olduğu deyilirdi.
Rusiyanın ABŞ seçkilərinə müdaxiləsinə dair prokuror hesabatında onun adı 100 dəfədən çox çəkilir.
Sayms hazırda “amerikalı politoloq” kimi kremlyönlü medialara müsahibə və şərhlər verir, habelə Rusiyanın 1-ci kanalında “Böyük oyun” adlı siyasi şounun aparıcısıdır.
O xüsusi hərbi əməliyyat (Rusiya Ukraynaya qarşı təcavüzünü belə adlandırır-red) barədə təhlillərinə görə 2023-cü ildə Rusiyanın dövlət mükafatını alıb.
(AzadlıqRadiosu)
26 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ