İnsanlara hürriyət, millətlərə istiqlal!

Fransaya nə satırıq və nə alırıq-sanksiya olarsa...

Paris 3 aydır Azərbaycandan neft alışını tam dayandırıb

Fransa işğalçı Ermənistana qalib gəlib torpaqlarını azad etməyi Azərbaycana heç cür bağışlamaq istəmir. Parisin birbaşa təzyiqi, canfəşanlığı ilə Avropa İttifaqı siyasi strukturlarında Azərbaycana qarşı böhtan, qərəz dolu qətnamələr qəbul olunur. Öz ərazisindəki terrorçu qruplara qarşı hərbi əməliyyat keçirən Bakının addımı erməni havadarı Fransanı yerindən oynadıb. Hər vəchlə ölkəmizə qarşı ədalətsizlik dolu hərəkətləri çoxaltmağa, bütün Avropanı üzərimizəm gətirməyə çalışırlar. Eyni zamanda Ermənistana silah-sursat tədarük etməyə hazırlaşırlar.

Fransa parlamentində Azərbaycana qarşı iqtisadi-siyasi sanksiyaların tətbiqi çağırışlarının ardı-arası kəsilmir. Artıq Fransa parlamentində Azərbaycanla dostluq qrupu fəaliyyətini dayandırıb. Buna cavab olaraq Azərbaycan-Fransa parlamentlərarası əlaqələr üzrə işçi qrupu da fəaliyyətini dayandırdığını elan edib. İşçi qrupu Fransa Milli Assambleyasında Fransa-Azərbaycan dostluq qrupunun fəaliyyətinin və işçi qrupu ilə əlaqələrinin dayandırılması qərarından sonra Fransa tərəfindən müvafiq addımlar atılanadək öz fəaliyyətini və Fransa-Azərbaycan dostluq qrupu ilə əlaqələrini müvəqqəti olaraq dayandırdığını açıqlayıb.

Fransa prezidenti Emmanuel Makron Azərbaycana qarşı sanksiyaların effektiv olmayacağını, Bakı ilə işləməyin lazım olduğunu bildirsə də, parlament üzvlərindən sanksiya çağırışları dayanmır. Fransa Azərbaycana qarşı iqtisadi sanksiya tətbiq edərsə, bu, ölkəmiz üçün hansı itkilərə səbəb ola bilər?

Azərbaycanın Fransa ilə qarşılıqlı ticarət dövriyyəsi 2022-ci ilin yekununda 273 milyon 834,22 min dollar olub. Bunun 50,9 milyon dolları Fransanın idxalının, 222,8 milyon dolları Azərbaycanın idxalının payına düşüb. 2021-ci ildə qarşılıqlı dövriyyə 245 milyon 463 min dollar təşkil etmişdi.

2023-cü ilin 9 ayında Fransa ilə 482 milyon 254,64 min dollarlıq alver etmişik. Bunun 127,925 milyon dolları Fransanın, 354 milyon 329.31 min dolları Azərbaycanın idxalıdır. Ötən ilin eyni dövründə 218 milyon 874,85 min dollarlıq qarşılıqlı ticarət qeydə alınmışdı. Bunun 48 milyon 691 min dolları Fransanın, 170 milyon 182 min dolları Azərbaycanın idxalı idi. Beləliklə, ötən ildən Azərbaycana qarşı sanksiya tələblərinin səsləndirilməsinə baxmayaraq, Fransanın ölkəmizlə ticarətinin həcmi 2,2 dəfə artıb. Bu dövrdə Fransanın idxalı 2,6 dəfə, Azərbaycanın idxalı isə 2 dəfədən çox artıb.

Fransanın Azərbaycandan idxalındakı artım əsasən neft hesabınadır. Belə ki, ötən ilin 9 ayında bu ölkəyə 43 milyon 447 min dollar dəyərində 46 min 300 ton bitumlu süxurlardan alınmış xam neft və xam neft məhsulları satmışıqsa, bu ilin 9 ayında bu göstərici 118 milyon 639 min dollar dəyərlə 199 min tona çatıb. Artım dəyər ifadəsində 2,7 dəfədən çox, həcm ifadəsində isə 4,3 dəfədən çoxdur.

2020-ci ildəki Vətən müharibəsindən sonra Fransada parlament və ictimai çevrələrdən Azərbaycandan neft alışının dayandırılmasına dair çoxsaylı tələblər səsləndirilir. Son 3 aylıq ticarətə baxdıqda Fransanın Azərbaycandan neft və neft məhsulları alışını tamamilə dayandırdığını görmək olar. Belə ki, rəsmi statistikada bu ilin iyun ayından bəri Fransaya satılan neft həcmində hər hansı dəyişiklik yoxdur. Bu isə o deməkdir ki, Fransanın Azərbaycana qarşı sanksiyasında ən mühüm bənd olan neft amili hər hansı təsirə malik deyil: Parisin alışları dayandırması fonunda Azərbaycan öz neftini satmaqda hər hansı çətinlik yaşamır.

Azərbaycanın Fransadan idxalı isə əvvəlki qaydada davam edir: ayda orta hesabla 30-35 milyon dollarlıq məhsul idxal olunur. Azərbaycanın Fransadan idxalının mühüm hissəsini insulin tərkibli və digər dərman preparatları, ətir və kosmetik vasitələr,  tərkibində aktiv komponent kimi qiymətli metallar və ya onun birləşmələri olan katalizatorlar, tərkibində digər bitumlu minerallardan və onların duzlarından alınmış tiofenləşmiş yağlar, bitumlu süxurlardan əldə edilmiş yağların tiofenləşdirilmiş sulfoturşuları və onların duzları,kənd təsərrüfatı texnikası, rabitə avadanlıqları və sair təşkil edir.

Aydın məsələdir ki, indiki halda sanksiyanın tətbiqi Fransanın özünə, öz biznesinə zərərdir. Çünki ticarətin əsasında Azərbaycanın bu ölkədən idxalı dayanır. Və bu gün Fransadan alınan malların digər ölkələrdən tədarükünü yoluna qoymaq elə böyük vaxt, hər hansı əlavə resurs tələb etmir.

Yada salaq ki, hələ ötən ilin noyabrında Milli Məclis Fransa Senatının ermənipərəst qətnaməsini, bir sıra digər məsələləri, xüsusilə Fransanın davamlı anti-Azərbaycan fəaliyyətini nəzərə alaraq, hökumətə bir sıra tədbirlər görülməsi ilə bağlı çağırış etmişdi. Artıq Azərbaycanın müvafiq dövlət qurumları hərəkətə keçib. Belə ki, oktyabrın 17-də Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi açıqlama ilə çıxış edərək, Fransada fəaliyyət göstərən və təsdiqdən keçməyən qida obyektlərindən yüksək riskli qida məhsullarının idxalına məhdudiyyət qoyulacağını bəyan edib.

Bununla əlaqədar, 2023-cü il 1 noyabr tarixindən etibarən təsdiq üçün müraciət etməyən Fransa müəssisələrindən ölkəmizə yüksək riskli qida məhsullarının gətirilməsinə məhdudiyyət tətbiq olunacaq.

Fransanın sanksiya qərarı Azərbaycanın da analoji addım atmasını şərtləndirə bilər. Bu isə fransızların fəxri olan enerji nəhəngi "TotalEnergies" üçün problem yaradacaq. Belə ki, bu ilin iyul ayında "TotalEnergies" şirkəti Azərbaycan Dövlət Neft Şirkəti ilə (SOCAR) birlikdə böyük “Abşeron” qaz-kondensat yatağının işlənməsinin ilk mərhələsi çərçivəsində qaz hasilatına başlandığını açıqlayıb. Birinci mərhələdə yataqdan gündəlik 4 milyon kubmetr qaz, 12 min barel kondesant istehsal olunacaq. Qaz daxili bazarda satılsa da, kondensat xaricə ixrac olunacaq.

Doğrudur, Fransa şirkəti “Abşeron”da qanun statusu olan müqavilə əsasında işləyir. Lakin "TotalEnergies" layihə üzrə öhdəliklərinə heç vaxt nəzərdə tutulan müddətdə əməl etməyib. Bu baxımdan, Azərbaycanın Fransa şirkətinin layihədəki işini əngəlləmək üçün əlində kifayət qədər rıçaqlar var.

Bundan əlavə, Azərbaycan iqtisadiyyatının kifayət qədər gəlirli sahələrində Fransanın 60-a yaxın şirkəti çalışır. Onların arasında “Alstom”, “Thales”, “Schneider-Electric”, “Suez”, “Technip”, “Total”, “Lafarge-Holcim” kimi tanınmış, öz lobbi qrupları olan, Fransa siyasətinə təsir edə biləcək şirkətlər də var.

 Fransa şirkətləri Azərbaycanda böyük həcmli gəlirlər əldə edirlər. Neft-qaz sektorundan kənarda da bu gəlirlər yüz milyonlarla dolları əhatə edir. Məsələn, Fransanın “Alstom Transportation S.A.” şirkəti ilə “Azərbaycan Dəmir Yolları” QSC arasında 12 may 2014-cü il tarixdə müqavilə imzalanıb. Həmin müqavilənin tərkib hissəsi kimi “Alstom” şirkəti ADY üçün 10 ədəd Prima M4 (AZ4A) sərnişin lokomotivi istehsal etməli idi. İlk lokomotiv 2017-ci ildə ADY-yə təqdim olunub. 2018-ci ildə 1, 2019-cu ildə isə qalan 8 lokomotiv Azərbaycana gətirilib. Onların ümumi dəyəri 54 milyon 460,33 min dollar təşkil edib.

Fransanın İnkişaf Agentliyi AFD Azərbaycana kredit ayırıb, ondan gəlir əldə edir. AFD “Azərbaycan 2030: gələcəyə baxış konsepsiyası”na dəstək olaraq, iqlim dəyişikliyi, şəhərlərin dayanıqlı inkişafı, regional inkişaf və su ehtiyatlarının idarə edilməsi mövzuları ətrafında çoxillik proqramı çərçivəsində 2015-ci ildən bəri Azərbaycanda müxtəlif layihələrə 276 milyon avro ayırıb.

Asiya İnkişaf Bankı ilə əməkdaşlıq çərçivəsində AFD 2018-ci ildən Sumqayıt-Yalama dəmir yolu xəttinin yenilənməsinə dəstək verir. İşlər yüklərin və sərnişinlərin sürətli və təhlükəsiz daşınmasını təmin etmək məqsədilə 166,5 km ikixətli dəmir yolu xəttinin yenilənməsini nəzərdə tutur. Bu layihənin maliyyələşməsinə AFD 175 milyon dollar ayırıb.  Aydın məsələdir ki, bu vəsaitləri heç biri faizsiz verilmir, Fransa tərəfinin gəliri olmasaydı, Azərbaycana kredit ayırmaq ağlına belə gəlməzdi.

Dünya SAKİT,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Noyabr 2024

23 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR