Onlayn ictimai-siyasi qəzet
“Zoo” ingilis dilindən tərcümədə heyvan deməkdir.
Park sözünün hərfi mənası isə nəyisə qorumaq, saxlamaq deməkdir. İki müstəqil söz birləşib zoopark sözünü yaradır. Yəni heyvanların qorunub saxlandığı ərazi. Bəs insanların nümayiş olunub sərgiləndiyi parklara nə desək doğru olar? Söz tapa bilməyib “insan zooparkları” adlandıraq. Çünki bu rəzalətin ideya qaynağını zooparklar təşkil edirdi.
Afrikanın, Amerikanın və Avstraliyanın yerli və həqiqi sakinləri hər dövrün tələbinə uyğun istismar edilirdilər. İlk dövrlərdə qul kimi, sonra daha “mədəni” və “insaflı” münasibət görməyə başladılar. 19-cu əsrin sonu, 20-ci əsrin əvvəllərində isə daha “modern” bir layihənin bir parçası olmağa məcbur oldular. Zəncirlənib, qandallanıb qəfəslərə qoyulub insan zooparklarında nümayiş olundular.
Bunu həyata keçirən işğalçı ölkələr guya öz ölkələrinin əhalisinin maariflənməsinin qeydinə qalırdılar. Əlbəttə ki, söhbət məzlum yerli xalqlardan gedirsə, əsas məqsəd yenə gəlir, qazanc idi. Belə fürsəti qaçırmaq istəməyən “alim”lər dərhal “inqilabi əsər”lər yazıb milyonlar qazanmaq üçün belə layihələrin ən böyük dəstəkçilərinə çevrildilər. Özlərini “atropoloq” adlandıran bu “alim”lər cəmiyyətdə onsuz da mövcud olan irqçiliyi daha da gücləndirmək üçün belə fürsəti çoxdan axtarırdılar.
19-cu əsrin 2-ci yarısında artıq bu layihə Avropa və Amerikada baş tutdu. Sırf dərisi qara olduğu üçün yerli afrikalıları dəmir qəfəslərdə sərgiləyirdilər. Gedişata və gəlirə uyğun layihənin adı zamanla dəyişirdi.
Məsələn, ilk vaxtlar “insan nümayişləri”, sonra “insan zooparkları”, daha sonra “insan parkları” adı altında günahsız insanların alçaldılması uzun illər davam etdi.
“Mədəni” insanların bu parklara axını və yaxşı gəlir təşkilatçıları daha uzaqlardan məzlum insanları “ovlayıb” pul qazanmağa sövq edirdi. Artıq işğalçı dövlətlər təxmini də olsa öz aralarında insan zooparklarında hansı ərazinin insanlarını nümayiş etdirəcəklərini bölmüşdülər. Amerikada yerli hindi tayfaları, filippinlilər, Avropada isə daha uzaqlardan-Avstraliya və Yeni Zellandiyadan gətirilən insanlar nümayiş olunurdu. Öncələr o insanlar təkcə qonaqlara göstərilirdi, sonradan isə daha çox ödəniş və tamaşaçı kütləsi qazanmaq üçün onlardan öz ölkələrində həyata keçirdikləri dini ayinləri, gündəlik rituallarını etmələri tələb olunurdu. Yerlilər bu tələbləri həyata keçirərkən bəzən ümumiyyətlə, geyimsiz olurdular. Zaman keçdikcə artıq “alim”lərə onların üzərində istədikləri sınaqları, təcrübələri həyata keçirmək ixtiyarı verilir. “Alim”lər dərhal özləri ağırlığında “ensiklopediya”lar yazıb irqçiliyi daha da möhkəmləndirirdilər. İnsanları sırf dərilərinin rənginə görə pillələrə ayıran “alim”lər “sübut edirdilər” ki, ən ali insan təbəqəsini ağ dərili avropalılar, ən alt təbəqəni isə qara dərili insanlar təşkil edir.
Layihədən ən çox gəlir götürən ölkələrdən biri Fransa idi. 1889-cu ildə paytaxt Parisdə təşkil olunan yarmarkada ən azı 18 milyon insanın izlədiyi 400 afrikalı kişinin bəziləri yerli paltarda, bəziləri isə tamamilə geyimsiz nümayiş olundu.
Sonuncusu 1958-ci ildə bağlanan bu insan zooparkları başqa layihələr kimi milyonlarla insanın həyatını qaraldır. Ağır və pis şərtlərdə okean ilə daşınan yerli sakinlər həm münbit torpaqlarından ayrılığa, göstərilən qəddar və alçaldıcı münasibətə dözməyib məhv olurdular. Üstəlik, sərgiləndiyi ölkələrdə normal qidalanmır və müxtəlif xəstəliklərdən həyatlarını itirirdilər. Bəziləri isə “alim”lərin sınaq və təcrübələrinə tab gətirə bilmirdilər. Sonuncu insan zooparkı bağlandıqdan sonra da sırf dərisinin rənginə görə sürgün edilən bu məzlumların taleyi müəmmalı qalırdı. Həyatda qalmaq üçün həyatın ən ağır sınaqlarından ya keçirdilər, ya da əbədi bir qaranlığa məhkum olurdular...
Şahanə Rəhimli
Musavat.com
25 Noyabr 2024
24 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ