Onlayn ictimai-siyasi qəzet
“Fransa və ABŞ-ın planı ondan ibarət idi ki, Azərbaycanı bölgədə təkləsinlər, lakin...”
44 günlük İkinci Qarabağ müharibəsindən sonra Fransa-Azərbaycan münasibətləri son dərəcə pisləşib. Buna səbəb Fransanın Azərbaycana qarşı təxribatçı fəaliyyəti olub. Paris Ermənistanı Azərbaycana qarşı silahlandırır, rəsmi Bakının ünvanına əsassız ittihamlar səsləndirir.
Fransa prezidenti Emanuel Makron və onun müşavirləri yanlış qərar verərək, Bakıdakı səfirlərini məsləhətləşmələr adı ilə geri çağırdılar. Makron heç bir nəticə əldə edə bilməyəcəyini anlayıb, səfirini Bakıya geri göndərdi. Amma bu yenə də münasibətlərin normallaşması demək deyil. Çünki bu arada erməni separatçıların təmsilçələri Parisə dəvət olundu və Fransa daxili işlər naziri Azərbaycana qarşı fikirlər səsləndirdi. Rəsmi Bakı bildirib ki, fransalı nazirin beynəlxalq dövlətlərarası münasibətlər baxımından heç bir etik çərçivəyə sığmayan açıqlaması tamamilə qəbuledilməzdir.
Fransa Azərbaycanla münasibətləri gərginləşdirmək, korlamaq üçün əllərindən gələni edir. Münasibətlərin bu qədər gərginləşməsindən sonra Azərbaycanın Fransadakı səfirinin geri çağırılıb-çağırılmaması məsələsi gündəmə gəlib. Azərbaycan Fransa daxili işlər nazirinin mövqeyini də əsas göstərib Parisdəki səfirini geri çağırmalıdırmı?
Politoloq Tofiq Abbasov “Yeni Müsavat”a bildirdi ki, bu qarşıdurmada günahkar Fransa tərəfidir. “Onlar əvvəldən bizə elə formada təzyiqlər etdilər, elə absurd ittihamlar irəli sürdülər ki, bizi qəzəbləndirsinlər və qəzəbin təsiri altında addımlar atmağa məcbur qalaq. Məqsəd bizi bu cür addımlar atmağa məcbur edib əlavə təzyiqlər üçün özlərinə imkanlar əldə etmək idi. Azərbaycan isə bütün bunlara baxmayaraq təmkinlə davrandı. Siyasətdə strateji təmkin özü bir güclü silahdır”, - deyə T.Abbasov bildirib.
Tofiq Abbasov
T.Abbasov dedi ki, Azərbaycan məhz bu güclü silahdan məharətlə yararlandı, sona qədər dözdü, səbir etdi və gördü ki, Fransa qırmızı xətləri keçməyə hazırdır: “Bu proseslərdə faktiki olaraq idman terminologiyası ilə yanaşsaq, Azərbaycan bir neçə xal irəlidədir. Biz elə siyasət yürütdük ki, Fransa tərəfi imic itkilərinə məruz qaldı. Bu, elə-belə məsələ deyil. Fransa kimi dövlətə imic zərbələri endirmək, onun casus şəbəkəsini ifşa etmək, çirkin diplomatiyasını ifşa etmək Azərbaycanın özünün siyasi aktivlərini artırdı. Yəni biz Fransanın Azərbaycana qarşı ədalətsiz hücumlarından uğurlu diplomatik təmkinimiz və siyasətimiz nəticəsində divident götürdük. Bu qarşıdurmada bizim itirəcəyimiz bir şey yoxdur, burada itirən Fransadır. Onların burada çox böyük miqdarda investisiyaları var və artıq Fransa iş adamları gileylənirlər ki, Fransa dövlətinin yanlış siyasəti bizi işləməyə qoymur. Dövlətin siyasi ambisiyalarının iş adamlarına müşküllər yaratdığını buradakı Fransa iş adamları bəyan edirlər. Mən sizə faktı deyirəm. Ona görə də Azərbaycanın Fransadakı səfirini geri çağırmasına lüzum yoxdur".
T.Abbasovun sözlərinə görə, Fransa səfirini ona görə bir qədər gec geri çağırdı ki, Qərbin Cənubi Qafqaz bölgəsi ilə bağlı böyük planları var idi: “Onlar çalışırdılar Ermənistanla Gürcüstanı bir-birilərinə yaxınlaşdırsınlar. Bu yaxınlarda Tiflislə İrəvan arasında strateji tərəfdaşlıq sazişinin imzalanması da bu siyasətə xidmət edirdi. Fransa və ABŞ-ın planı ondan ibarət idi ki, Azərbaycanı bölgədə təkləsinlər, Cənubi Qafqazın üç ölkəsindən ikisini bir cinaha çəkib onları Azərbaycandan ayırsınlar. Lakin bu plan da iflasa uğradı. Bununla yanaşı, onlar Zəngəzur dəhlizi məsələsinə də qarşıdırlar. Bu dəhlizin açılmaması üçün Ermənistana təzyiq edirlər. Onlar deyirlər ki, Zəngəzur dəhlizinə ehtiyac yoxdur, Orta Asiyadan daşımaları Ermənistan və Gürcüstan vasitəsilə Qara dənizə çıxaracağıq. Planları bundan ibarət idi ki, Gürcüstan vasitəsilə istədiklərini həyata keçirsinlər. Lakin Gürcüstan hökumətinin gücünü düzgün qiymətləndirə bilmədilər. Qərbin Gürcüstandakı adamı-casusu Prezident Salome Zurabişvili heç bir şey edə bilmədi. Ona tapşırıq verilib ki, Gürcüstanı bütövlükdə tamamilə Qərbin təsir dairəsinə keçirsin. O isə bunu bacarmadı. Çünki Gürcüstanda hökumət fərqli mövqe ortaya qoymağa başladı. Son günlər Gürcüstanda küçə və meydanlardakı qarşıdurmalar da bununla bağlıdır. Bu qarşıdurmanın son nöqtəsi hələ qoyulmayıb. Amma Fransa başda olmaqla, Qərbin istədiyi alınmadı. Gürcüstan hökuməti də meydana sayı qərbpərəstlərin sayından çox tərəfdarlar çıxardı. Bir sözlə, Cənubi Qafqazla bağlı proseslərdə Qərb demək olar ki, uduzdu. Qərb verdiyi vədləri yerinə yetirmir. Uduzmasının səbəblərindən biri də budur. Türkiyənin Finlandiya və İsveçin NATO-ya üzvlüyünə razılıq verməsi qarşılığında Ankaraya vədlər vermişdi. Türkiyə razılaşmaya əməl edərək hər iki dövlətin NATO üzvlüyünə mane olmadı. Ancaq ABŞ başda olmaqla, Qərb verdiyi vədi yerinə yetirmədi. Ona görə də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ-a səfərini təxirə saldı. Qərb Gürcüstana və Ermənistana da verdiyi vədləri yerinə yetirə bilmədi. Ona görə də artıq bu bölgədəki dövlətlərin cəmiyyətlərində Qərbə inam sarsılıb. Azərbaycan bütün bu proseslərdə əvvəldən elə bir düzgün xətt götürüb ki, proseslərdən ən uğurlu çıxan tərəf məhz Azərbaycandır. Azərbaycan diplomatiyasının yanaşması sağlam və praqmatikdir. Bu baxımdan hesab edirəm ki, səfirimiz geri çağırılmayacaq”.
Etibar SEYİDAĞA,
“Yeni Müsavat”
26 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ