İnsanlara hürriyət, millətlərə istiqlal!

Fransa “valı” dəyişir - Bakının sərt mövqeyi Brüssel formatını xilas edir

Fransız spikerin İrəvanda səfərdə olduğu gün Azərbaycanın Parisdəki elçisinin prezident Makron səviyyəsində qəbulu yeni durumun anonsu sayıla bilərmi-ekspertlərdən sərt açıqlamalar

Ötən həftəsonu Fransa parlamentinin aşağı palatasının - Milli Assambleyasının sədri Yael Braun-Pive Ermənistana səfər etdi. Ancaq səfər erməni radikal-revanşistlərin, lap elə Nikol Paşinyan komandasının ümidlərini bir elə doğrultmadı və gözlənildiyindən sönük keçdi.

Hər halda, madam Yael Braun-Pive Azərbaycan əleyhinə bu dövlətə xas aqressiv ritorika sərgiləmədi. Spiker Azərbaycanla bağlı ona ünvanlanan təxribatçı suallara cavabında nə qədər qəribə olsa da, erməniləri məyus, hətta pərt edən münasibət sərgiləyib. Bizə qarşı İrəvanda tutaq ki, “Nensi nənə” (ABŞ Konqresinin aşağı palatasının sabiq sədri Nelsi Pelosi-red.) kimi aqressiv davranmayıb. Məsələn, fransız qonaq “beynəlxalq hüquqa uyğun olaraq Qarabağın müstəqilliyini tanımadıqlarını” söyləyib (“Fransa Qarabağın müstəqilliyini tanımır və bu, bizim sadiq olduğumuz beynəlxalq hüquq normalarına uyğundur”). Ardınca Laçın yolundakı aksiya və Bakıya qarşı sanksiya tələbi ilə ilgili başqa bir provokasion suala cavabında da təmkinini pozmayıb, radikal-revanşistlərin qulağına xoş gələn heç nə deməyib. Yalnız bunu bildirib ki, Fransa bütün məsələlərdə konstruktiv dialoqlun tərəfdarıdır.

Ermənilər özləri də Fransa parlamenti sədrinin səfərinin nəticələrindən narazı olduqlarını bildirirlər. Musavat.com Konkret.az-a istinadən xəbər verir ki, bu barədə erməni mediasına politoloq Suren Surenyants bildirib. “Fransa Milli Assambleyasının sədri Yael Braun-Pivenin başçılıq etdiyi nümayəndə heyətinin səfəri ölkə üçün çox vacib idi. Ermənistan hakimiyyəti bu səfəri çox ehtiyatsızlıqla təşkil edib”, - deyə Surenyants bildirib. İrəvanda mətbuat konfransı zamanı Yael Braun-Pive bəyan edib ki, Paris Bakıya qarşı sanksiyalar tətbiq etməyi planlaşdırmır və Qarabağın “müstəqilliyini” tanımaq niyyətində deyil, çünki Fransa beynəlxalq hüquq normalarını rəhbər tutur. “Nəticədə İrəvana səfər zamanı bizimkindən daha çox düşmənimizin xarici siyasət arsenalında istifadə oluna biləcək bəyanatlar səsləndi. Bu, diplomatiyamızın və xarici siyasətimizin keyfiyyətindən xəbər verir. Bu, bizimkindən daha çox düşmənin xarici siyasət arsenalında istifadə oluna bilər. Onlar deyirlər ki, Qərb təhlükəsizlik məsələlərində bizə dəstək verməyə hazırdır. Rusiyanın imicini şeytan, Qərbi xilaskar kimi təqdim edirlər. Spikerin səfəri və verdiyi bəyanatlar kontekstində biz "məhkəmə qərbpərəstlərimiz" tərəfindən hazırlanmış saxta gündəmlə məşğul olduğumuzu gördük", - deyə Surenyants əlavə edib. O istisna etmir ki, səfər nəticəsində cəmiyyətdə müəyyən anti-fransız çöküntüsü yaranacaq. Axı Ermənistanla Fransa arasında həmişə xüsusi münasibətlər olub.

Hərçənd sual yaranır ki, Fransa beynəlxalq hüquqa həqiqətən sayğılıdırsa, onda xanım Yael Braun-Pivenin sədri olduğu Milli Assambleya nədən 2021-ci ildə Fransa Senatı kimi uydurma “artsax”ın “müstəqilliyini” tanıyan qətnaməni təsdiqləyib? Yaxud ötən il noyabrın 15-də Azərbaycan əleyhinə qəbul edilən, Bakıya qarşı sanksiyalara çağırışın da yer aldığı digər bir təxribatçı sənədi yada salmaq olar. Bu yerdə zəruri bir xatırlatmanı edək: Fransanın aşağı və yuxarı palatası Azərbaycan əleyhinə qətnamələr qəbul edəndən sonra az-çox düzgün yanaşma sərgiləməyi bacaran erməni ekspertlər belə dəstəyin Ermənistana “baha” başa gələcəyini narahatlıqla proqnozlaşdırırdılar. Yoxsa rəsmi Paris “valı” dəyişir? Hər halda, maraqlıdır...

İkincisi, Yael Braun-Pive İrəvanda olan gün Fransa Prezidenti Emmanuel Makron Azərbaycanın bu ölkədəki yeni səfiri Leyla Abdullayevanın etimadnaməsini qəbul edib. Bundan əvvəl - keçən ilin noyabrında isə Leyla xanım etimadnamənin surətini Fransa XİN-in Dövlət Protokolu və Diplomatik Protokol Xidmətinin direktor müavininə təqdim eləmişdi. Bu, kifayət qədər aşağı bir ranq idi. O üzdən gözlənti var idi ki, məsələ bununla bitəcək. Çünki iki ölkə arasında münasibətlər öz tarixinin yetərincə gərgin dövrünü yaşayır. Ardınca Fransanın yeni səfiri Ann Buayo Bakıya təşrif buyurdu və ötən il dekabrın 5-də onun etimadnaməsinin surətini xarici işlər naziri Ceyhun Bayramov qəbul elədi. Prezident İlham Əliyevin etimadnaməni qəbul edib-etməyəcəyi isə hələ də böyük sual altında qalır ki, bu da diplomatik narazılığın bir forması sayılır. Makronun pozitiv jestindən sonra Əliyevin də yeni fransız səfirlə görüşəcəyini birmənalı söyləmək mümkün deyil. Məlumdur ki, Ermənistanın baş naziri Nikol Paşinyanın Azərbaycan Prezidenti İlham Əliyevlə 6 dekabrda Brüsseldə nəzərdə tutulan görüşünə yalnız Makronla getmək istəməsi həmin görüşün ləğvinə səbəb olub və nəticədə Brüssel sülh prosesi iflic olub. Amma indi belə təəssürat yaranır ki, rəsmi Paris Bakıya qarşı ritorikanı yumşaldır. Belədirmi, yoxsa bu, bir ilğımdır? Onu da qeyd edək ki, Leyla Abdullayeva ilə görüşdə Makron ona fəaliyyətində uğurlar arzulayıb və Fransanın Azərbaycana dost ölkə olduğunu, bölgədə sülhün bərqərar edilməsinin rəsmi Parisin də marağında olduğunu ərz edib. Gerçəkdənmi rəsmi Paris özünü Azərbaycanın dostu hesab edir və Fransa “daşları” ətəyindən tökür? Yoxsa Makron Brüssel formatına əngəl olmamaq qərarına gəlib?

Sahib Alıyev (siyasətçi) — Vikipediya

Sahib Alıyev: “Ermənistanın kubu kimi çıxış edən Fransaya burada yer yoxdur və olmamalıdır”

Deputat Sahib Alıyev “Yeni Müsavat”a açıqlamasında bunları söylədi: “Fikrimcə, Fransa Prezidenti Makronun səfirimiz Leyla Abdullayevann etimadnaməsini qəbul edərkən ölkəsinin Azərbaycanın dostu olduğunu bildirməsi və Fransa Milli Məclisinin sədri Yael Bron-Pivenin İrəvandakı nisbətən konstruktiv açıqlamaları gözlənilən idi. Ölkəsindəki türk düşmənlərinin, islamafob çevrələrin və hay lobbisinin maraqlarından çıxış edən Fransa rəhbərliyi öz nataraz hərəkətləri ilə təkcə özlərinin deyil, bütövlükdə Avropa Birliyinin Qafqazdakı maraqlarına böyük zərbə vurduğunun artıq fərqindədir. Daha doğrusu, ehtimal edirəm ki, Fransa ilə eyni qurumda yer alanların bir çoxu bununla bağlı rəsmi Parisə açıq etirazlarını bildiriblər. Fikrimcə, Almaniya Federativ Respublikasının Prezidenti Frank-Valter Ştaynmayerin Azərbaycanın dövlət başçsı cənab İlham Əliyevə zəngi də haradasa bunun dolayı təsdiqi sayıla bilər”.

S.Alıyev digər məqamdan da bəhs etdi: “Diqqət yetirdinizsə, telefon danışığında əsas mövzu Azərbaycanla Ermənistan arasında sülh danışıqlarında Avropa Birliyinin vasitəçiliyi olub. O vasitəçilik ki, məhz Fransanın yersiz, beynəlxalq normalara tamamilə zidd müdaxiləsi ilə dayandırılıb. Azərbaycanla Almaniya prezidentləri arasında telefon danışıqları haqda yayılan rəsmi açıqlamadan gəldiyim nəticə budur ki, regionda sülhün yaradılmasında Avropa Birliyinin indən sonra da yer almasında hər iki tərəf maraqlıdır. Amma orası da aydındır ki, biz Avropa Birliyinin moderatorluğu altında keçiriləcək danışıqları Ermənistanla aparmaq istəyirik, İkinci Qarabağ savaşından üzü bəri, belə demək mümkünsə, Ermənistanın kubu kimi çıxış edən Fransaya burada yer yoxdur və olmamalıdır”.

Deputat qeyd etdi ki, əgər Makronun təqdim etdiyi kimi, ölkəsi doğrudan da Azərbaycanın dostudursa, yaxud da dostu olmaq qərarına gəlibsə, onda bizimlə Ermənistan arasında danışıqlara müdaxiləyə son qoymalıdır.

Bu adamı hansı əsaslarla ciddiyə almalıyam? - Elçin Mirzəbəyli yazır

Elçin Mirzəbəyli: “Fransa Azərbaycanın dostu deyil və olmayacaq da”

Siyasi şərhçi Elçin Mirzəbəyli də mövzu ilə bağlı qəzetimizə açıqlamasında maraqlı fikirlər söylədi: “Fransanın Azərbaycana qarşı yürütdüyü aqressiv siyasət Avropa İttifaqının Cənubi Qafqazdakı maraqlarına, türk və islam dünyası ilə münasibətlərinə, eləcə də enerji təhlükəsizliyinə zərbə vurmaqla yanaşı, həm də özünü doğrultmur və nəticə etibarilə iflasa məhkumdur. Yəni Fransanın Ermənistana, həm də əsassız və ədalətsiz olaraq verdiyi dəstəyin qarşılığında Avropa İttifaqının itirə biləcəkləri o qədər çoxdur ki, bunu nə erməni diasporunun, nə də "xristian həmrəyliyi"nin Aİ üzvü olan ayrı-ayrı ölkələrin daxili siyasətinə hesablanmış təbliğat elementləri ilə kompensasiya etmək mümkün deyil. Şübhəsiz ki, Fransa istisna olmaq şərtilə, Aİ üzvü olan ölkələrin Azərbaycana münasibətdə daha obyektiv mövqe sərgiləmələrin təməlində Prezident İlham Əliyevin həm Aİ-nin mərkəzi strukturları, həm də Aİ üzvü olan ayrı-ayrı dövlətlərlə qurduğu yüksək səviyyəli münasibətlər, Azərbaycanın Avropanın enerji təhlükəsizliyində oynadığı çox önəmli balanslaşdırıcı rol və bu rolun artırılması istiqamətində son 2 il ərzində yürüdülən intensiv siyasət dayanır. Digər tərəfdən, Azərbaycanın Avropa İttifaqına üzv 9 dövlətlə strateji tərəfdaşlıq müqaviləsi var. Bu, ittifaq üzvü olan dövlətlərin 1/3-ni təşkil edir və kifayət qədər yüksək göstəricidir". E.Mirzəbəyli bildirdi ki, bununla yanaşı, ölkəmizin Avropa İttifaqı ilə birbaşa münasibətlərini tənzimləyən və əlaqələrin strateji müstəvidə inkişafına zəmin yaradan çoxsaylı sənədlər var: “Bunlardan biri də Azərbaycanla Avropa İttifaqı arasında ötən ilin iyul ayının 18-də imzalanmış enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumudur. Azərbaycan Avropa İttifaqı üçün Asiya ilə Avropa arasında o qədər mühüm geostrateji mövqeyə malik olan bir dövlətdir ki, nə Ermənistan, nə də bu ölkəyə hansısa maraqlar kontekstindən dəstək verənlər bu geostrateji üstünlüyü hansısa yollarla əvəzləmək imkanına malik deyillər. Fransanın mövqeyində nəzərə çarpan "yumşalma"nın digər səbəblərindən biri də rəsmi Parisin öz şərtlərini Azərbaycana diqtə edə bilməməsi, Fransanın aqressiv siyasətinin bölgənin, məsələn, İran kimi avroritar, terrora dəstək verən ölkələrin qol-qanad açmalarına, Avropa İttifaqının bölgədəki maraqlarına qarşı hərəkətə keçmələrinə rəvac verməsidir. Bütün bunların qarşılığında, hətta Fransanın dəstək verdiyi Ermənistan da son nəticədə nəinki heç nə qazanmır, əksinə, daha çox itirir və əgər rəsmi Paris özünün ənənəvi ritorikasına davam edərsə, bu itkilərin miqyası daha da genişlənə bilər". Analitik əmindir ki, Fransa Azərbaycanın dostu deyil və olmayacaq da: “Siyasətdə "mümkün deyil", “olmayacaq” kimi yanaşmaların, “əbədi dost”, “əbədi düşmən” kimi anlayışların mövcud olmadığını kifayət qədər yaxşı anlasam da, Fransanın hələ uzun illər nəinki Azərbaycana, bütövlükdə türk və islam dünyasına dost ola bilməyəcəyinə əminəm. Bu aspektləri nəzərə alsaq, Fransa, türkiyəli qardaşlarımızın təbirincə desək, bölgədəki reallıqlara ən yaxşı halda “fransız qalmalı” olacaq".

Hər iki ekspertimizin mövqeyindən belə aydın olur ki, Fransanın Azərbaycana qarşı münasibətinin dəyişməsi belə bizi yanıltmamalıdır. İstisna deyil ki, Fransa bölgəyə daxil olmaq üçün bu dəfə ritorikanı dəyişməyə, Azərbaycanla “dost” olduğunu nümayiş etdirməyə çalışır. Amma son 30 ildə biz Parisin “dost” münasibətinin dəfələrlə şahidi olmuşuq...

Elşad PAŞASOY,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

10 Oktyabr 2024

09 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR