Onlayn ictimai-siyasi qəzet
Xəbər verdiyimiz kimi, Amerikada yaşayan aparıcı Səxavət Nur "Americano" layihəsində mərhum aktrisa Firəngiz Rəhimbəyova ilə bağlı süjet hazırlayıb.
Sənətçinin həyat yoldaşı Raymond Antoni ilk dəfə onunla bağlı xatirələrini bölüşüb. Raymond F.Rəhimbəyova ilə tanış olduğu anı belə xatırlayır:
"O vaxt getdiyim restoran var idi. Dayısının restoranı idi. Dayısı İsraillə danışanda gözüm masaları silən bir qıza sataşdı. Belə bir gözəl qız burada çalışmamalı idi. Dayısından onun kim olduğunu soruşdum. O, mühafizəkarcasına bacım qızıdır dedi. Koliforniyaya təzə köçüb. Dayısının üzündə "Reymond, ondan uzaq dur" ifadəsi var idi. Biz 1999-cu ildə ailə qurduq. Bu hadisə isə 1994-cü illərin sonlarında olub. Burada o vaxt zəlzələ olmuşdu. Fira yenə iş geymində idi. Həmişə işləyirdi, ingiliscə danışa bilmirdi. Onunla heç cür ünsiyyət qura bilmirdim. Dayısından da çəkinirdim. Növbəti gün yenə onu görmək üçün restorana gətdim, amma orada yox idi. Əvvəl oraya şam yeməyi üçün gedirdim. Sonra Firanı görmək məqsədi ilə səhər yeməyi üçün də getməyə başladım. Baxmayaraq ki, heç vaxt səhər yeməyi yemirdim.
Bəzən kiminləsə tanışanda elektrik hiss edirsən. Onun gözəl təbəssümü var idi. İngiliscə "Salam", "Sağol" deyirdi. Dayısı arvadı Toma vasitəsi ilə danışırdıq. O, ingilis dili dərsinə gedirdi. Hətta aramızda lal dili ilə, əl-qolla danışırdıq. Artıq tanışlığımızdan iki ay keçmişdi. Bir dəfə onun avtomobilinin təkəri boşalmışdı. Mənə zəng vurdu. İngilis dilində problemi mənə izah edə bilmədi, sadəcə köməyə ehtiyacı olduğunu dedi. Gedib onun üçün problemi həll etdim, sonra mənə yemək bişirib qonaq etdi. Bir neçə ay ayamızdakı dostluğumuz əsnasında onun müğənni olduğunu öyrəndim. Bizi gəmiyə qonaq çağırmışdılar. O səhnədə rusca oxuyurdu. Onun nə oxuduğunu anlamasam da, çox valehedici idi. O, günlər getdikcə ingilis dilində daha yaxşı danışırdı. Biz razılaşdıq ki, mən ona ingilis, o isə mən rus dilini öyrədəcəkdi. Aramızdakı münasibət getdikcə dərinləşirdi. İlk il yarım çox çətin oldu, hətta bu vaxt ərzində təslim olmaq istəyirdim ki, bu iş alınmayacaq. Həm də nə rus, nə Azərbaycan mədəniyyəti haqqında bilirdim. Sonra hər şey yoluna düşdü. Ona rast gələndə heç kimi axtarmırdım. 15 il idi ki, subay idim. Həyatıma kiminsə daxil olmasını gözləmirdim də. Onu tanıdığım gündən bəri ayrılmadıq. Ruh əkizimi sevdim".
Raymond bildirib ki, Firəngiz onun ad günündə dünyasını dəyişib və o, həmin vaxtdan doğum gününü qeyd etmir:
"Mən artıq ad günümü qeyd etmirəm, mənim üçün çətindir. Onun ad günün qeyd edirəm. Mənim ad günüm artıq önəmli deyil, qeyd etmirəm. Mənim doğulduğum gün onun öldüyü gün oldu. Biz - mən, Reyçel (Firəngiz Rəhimbəyovanın qızı - red.), onun həyat yoldaşı, uşaqları, Firanın həyatını qeyd edir, xatırlayırıq. Fira üçün ailə çox ömənli idi, hər şey demək idi. Elə mənim üçün də. Onlardan əvvəl mənim ailəm olmayıb. Onlar mənim ailəm oldular. Hər gün - onun öldüyü gündən bəri elə bir gün yoxdur ki, onun üçün gül almayım. Yeni tər çiçəklər. Bu yolla onun ruhunu hər gün yaşadıram. O hər gün mənimlədir, necə ki, bütün həyatımızı paylaşmışıq. Reyçel də hər gün çiçəklər alır və onu xatirəsini evində yaşadır. Bu gün də o bizimlədir, sevincli, kədərli gününmüzdə də.
O, dünyadan köçəndən sonra yaşamaq istəmirdim. Elə bil ruhumu itimişdim. Ruh əkizim getmişdi. Yıxılmışdım, bir müddət xəstəxanada yatdım, iki dəfə insult keçirdim. Gəzə, danışa bilmirdim, yaşamağa ümidim yox idi. Həm fiziki, həm də emosional. Bu evdə özünmü rahat hiss edirəm, çünki Firanın burada varğlığını hiss edirəm".
Qeyd edək ki, "Bəxt üzüyü" filmində "Sevda" obrazı ilə tanınan F.Rəhimbəyova ilk həyat yoldaşından boşandıqdan sonra 1993-cü ildən qızı Raisa ilə birlikdə ABŞ-nin Los-Anceles şəhərinə köçüb. Qızı adını daha sonra Reyçel olaraq dəyişir. Sənətçi 1999-cu ildə orada amerikalı arxitektor Raymond Antoni ilə ailə həyatı qurub. F.Rəhimbəyova 2022-ci ilin avqustunda ürəktutmasından dünyasını dəyişib./axşam.az
24 Noyabr 2024
23 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ