Onlayn ictimai-siyasi qəzet
Xəbər verildiyi kimi, ABŞ prezidenti Donald Tramp Qəzza bölgəsində yaşayan fələstinlilərin Misir və İordaniyaya köçürülməsini təklif edib. O, bu fikri İordaniya Kralı II Abdullahla telefon danışığı zamanı irəli sürüb. Tramp qeyd edib ki, Qəzza artıq xarabalığa çevrilib, orada salamat bina qalmayıb və gələcəkdə İsrailin bu ərazini yenidən bombalamayacağına dair təminat yoxdur.
Əksər siyasi şərhçilər hesab edir ki, Donald Trampın Qəzza bölgəsində yaşayan fələstinlilərin Misir və İordaniyaya köçürülməsi ilə bağlı fikirləri regiondakı vəziyyəti dəyişdirmək, HƏMAS-ı zəiflətmək və İsrailin təhlükəsizliyini təmin etmək məqsədi güdür. Trampın Qəzza bölgəsinin bərpa edilməsi və orada kütləvi şəkildə yəhudi yaşayış məskənləri qurulması ilə bağlı təklifləri də fələstinlilərin ərazi üzərindəki hüquqlarına zidd olaraq İsrailin daha çox ərazi əldə etməsinə yönəlib.
Mövzu ilə bağlı Yaxın Şərq üzrə təhlilçi-yazar Kənan Rövşənoğlu Musavat.com-a danışıb:
"Prezident Donald Trampın Qəzza ilə bağlı bu açıqlaması artıq rədd edilib, İordaniya və Misir dövlətləri rəsmi olaraq imtina ediblər. Nüfuzlu Əl-Əzhər Universitetinin üləma heyəti də bu qərarı pisləyib. Yəni bunun reallaşması hətta nəzəri olaraq mümkün deyil. Çünki fələstinlilər birinci müharibədən sonra ölkələrini tərk etməkdən imtina edib və belə də davam edirlər.
ABŞ prezidentinin bu təklifi daha çox onun birinci dönəmində müşaviri olmuş kürəkəni Cared Kuşnerin planını xatırladır, bir az dəyişilmiş versiyasıdır. Amma qəzzalıları köçürmək mümkün olmayacaq deyə düşünürəm. Əlbəttə, ABŞ prezidenti fikrini onunla əsaslandırır ki, Qəzzada evlərin və infrastrukturun 80 faizi dağılıb, bunların bərpası illər alacaq. Hətta yararlı dağıntı qalıqlarını təmizləmək belə bir neçə il vaxt tələb edəcək. Amma bu, fələstinlilərin - qəzzalıların zolağı tərk etməsinə səbəb olmayacaq. Dediyim kimi, bu, real deyil".
Xalidə Gəray
Musavat.com
01 Fevral 2025
ŞƏRHLƏRŞƏRH YAZ