İnsanlara hürriyət, millətlərə istiqlal!

Fələstinə görə Türkiyə ilə aramıza girənlər... - elə arada da sıxılıb qalacaqlar!

Bəzi təxribatçı qruplar iki qardaş ölkənin münasibətlərinə xələl gətirmək məqsədi güdürlər; Azərbaycan İslam həmrəyliyinə sadiqliyini BMT-də bir daha nümayiş etdirdi

Son zamanlar Yaxın Şərqdəki olaylarla bağlı Türkiyənin bəzi media orqanlarında və sosial şəbəkələrdə Azərbaycanın ünvanına əsassız ittihamlar səslənir. Təəssüf ki, məsələnin mahiyyətinə varmadan ölkəmizin ünvanına tənqid və hətta təhqirlər eşidilməkdədir.

Hərgah dəfələrlə yazdığımız kimi, erməni işğalı zamanı Fələstin heç vaxt Azərbaycanın yanında olmayıb, Azərbaycan isə tamam fərqli yanaşıb - daim Fələstin xalqının dövlətçilik mübarizəsini dəstəkləyib, münaqişənin Şərqi Qüdsün Fələstin dövlətinin paytaxtı olması ilə iki dövlət prinsipi əsasında həllinə tərəfdar olduğunu bəyan edib. İndi də eyni mövqedədir. Yəni Azərbaycan qarşılıq görməsə də, həmişəki kimi, beynəlxalq hüququn prinsipləri və ədalətin yanındadır. Və bu gün bu həqiqətləri görmədən qardaş ölkədə ünvanımıza tənqid və təhqir səsləndirənlərin əksəriyyəti yəqin ki, İranın “uzantılarıdır” və Azərbaycan-Türkiyə münasibətlərinə xələl gətirmək məqsədi güdürlər. Ancaq iki qardaşın arasına girənlər sıxılıb elə arada da qalacaqlar. Bütün hallarda belə çirkin cəhdlər nə dərəcədə təsirli ola, yəni iki ölkə əlaqələrinə kölgə sala bilər? Başqa yandan, Yaxın Şərq konflikti Azərbaycan-İsrail münasibətlərində hansısa neqativ izlər buraxa bilərmi?

Ümumiyyətlə, hadisələrin gedişində Azərbaycanın ünvanına yersiz ittihamlar ortaya çıxıb. Bəzi dairələr Azərbaycanın İslam həmrəyliyi nümayiş etdirmədiyi, İsraillə mübarizədə Fələstini dəstəkləmədiyi barədə əsassız ittihamlar səsləndirir. Oktyabrın 27-də BMT Baş Assambleyasının qətnaməsinin müzakirəsi zamanı da Azərbaycan İslam həmrəyliyinə öz sadiqliyini bir daha nümayiş etdirdi, İslam dünyasının yanında olduğunu açıq göstərdi və ölkəmizə qarşı qarayaxma kampaniyası aparanlara layiqli cavabını verdi. Xatırlatmaq yerinə düşər ki, Azərbaycan eyni mövqeyini İsrail-Fələstin münaqişə zonasında baş verən son hadisələrlə bağlı İslam Əməkdaşlıq Təşkilatı İcraiyyə Komitəsinin oktyabrın 18-də nazirlər səviyyəsində keçirilən növbədənkənar iclasında da ortaya qoyub. Xarici işlər naziri Ceyhun Bayramov iclasda çıxışı zamanı bəyan edib ki, Azərbaycan hər zaman İslam həmrəyliyinə sadiq qalıb. Nazir ölkəmizin Fələstin xalqının dövlətçilik mübarizəsini dəstəklədiyini qeyd edib, Azərbaycanın beynəlxalq hüquq normaları, habelə müvafiq BMT qətnamələrinə uyğun olaraq İsrail-Fələstin münaqişəsinin Şərqi Qüdsün Fələstin Dövlətinin paytaxtı olması ilə iki dövlət prinsipi əsasında həllinə tərəfdar olduğunu qeyd edib. Azərbaycanın Fələstin Dövlətinə dəstək verdiyini göstərən çoxlu fakt sadalamaq olar. Bu xüsusda Azərbaycanın Fələstinli qaçqınlara dəstək məqsədilə BMT-nin Yaxın Şərq Agentliyinə 1,6 milyon dollar maliyyə yardımı ayırmasını vurğulamaq olar. Bundan başqa, Azərbaycan Qoşulmama Hərəkatına sədrliyi dövründə Fələstin probleminə xüsusi diqqət yetirib, hərəkatın Fələstin üzrə Nazirlər Komitəsinin işinin gücləndirilməsi istiqamətində səylər göstərib.

“Türkiyə İsraillə münasibətlərdə geri dönüşü olmayan nöqtəyə çatmaq niyyətində deyil. Ancaq Qəzza zolağında vəhşilik yüksək həddədir”. Bu barədə “RİA Novosti”yə Ankaradakı diplomatik mənbə bildirib. Mənbə xatırladıb ki, Türkiyə və İsrail arasında münasibətlər son vaxtlar normallaşma yolu keçib və bu istiqamətdə bir sıra addımlar atılıb: “Enerji sahəsində birgə layihələr, həmçinin cənab prezidentin İsrailə səfəri üçün hazırlıq gedirdi. Bilirsiniz ki, Türkiyə tərəfinin münasibətlərdə dönüşü olmayan nöqtəyə çatmaq niyyəti yoxdur. Amma Qəzza zolağında ifrat qəddarlığa biganə qalmaq mümkün deyil. Ankara bir daha İsrail rəhbərliyini ehtiyatlı olmağa və danışıqlara çağırır”.

Toğrul İsmayıl: “İdlibdə atəşkəs müvəqqətidir”

Toğrul İsmayıl

Ankara Universitetinin professoru Toğrul İsmayılın “Yeni Müsavat”a bildirdiyinə görə, Azərbaycan BMT-nin qərarlarına və beynəlxalq hüquqa uyğun hərəkət edir: “Burada da Türkiyə ilə yanaşmamız üst-üstə düşür. İkincisi, unutmaq olmaz ki, Azərbaycanla Türkiyə arasında Şuşa Bəyannaməsi imzalanıb və təhlükəsizlik məsələlərinə ortaq mövqelərimiz var. Bu cəhətdən də bir yerdəyik. Ancaq mən Türkiyənin Qəzza zolağında baş verənlərə emosional reaksiya verdiyini də düşünmürəm. Əgər problemin həllini istəyiriksə, ən azı 1967-cı ildə qəbul edilmiş qərara baxmaq lazımdır. O səbəbdən hər iki ölkə emosional deyil, beynəlxalq hüquqa söykənən mövqedədir. Bəli, Türkiyə cümhurbaşqanının çıxışı emosional görünə bilər, amma beynəlxalq hüquqdan kənara çıxmır. Çünki cənab Ərdoğan bombardmanı dayandırmağa çağırır. Əlbəttə, sosial mediada müzakirələr ola bilər, bu da normaldır, hər kəs fikrini, duyğularını bölüşür. Amma beynəlxalq siyasət duyğularla olmur. Sizin İsraili, yaxud Fələstini sevməyiniz nəyisə dəyişmir, konflikt beynəlxalq hüquqa uyğun həllini tapır”.

T.İsmayılın fikrincə, Netanyahu ifrat sağçı hökumətdir, amma Azərbaycan İsrail dövləti ilə dostdur, yəni hökumətlərlə yox, dövlətlərlə münasibət qururuq: “İsrailin özündə də Netanyahu hökumətinə etirazlar var, dünyanın müxtəlif yerlərində yəhudilər hazırkı hakimiyyətə qarşı çıxışlar edirlər. Biz İsraillə dostuqsa, bu, heç də bütün yanlışlarına göz yummaq deyilik. İndi hamı üçüncü dünya savaşından danışır, amma bu cür məsələlər o qədər bəsit deyil. Biz bu gün baş verənləri görürük. Yəni İsrail özü hadisələrə necə yanaşacaqsa, müharibənin coğrafiyasının genişlənməsi ehtimalı da ondan asılı olacaq”.

Emil SALAMOĞLU,
“Yeni Müsavat” 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

29 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR