İnsanlara hürriyət, millətlərə istiqlal!

Eybəcərlər və əlillər küçələrə buraxılmırdı, polis cərimə yazırdı - ŞOK QANUN

19-cu ərsin ortalarından 20-ci əsrin ortalarına qədər ABŞ-də olduqca qorxunc bir qanun qüvvədə olub. Budəfəki qadağa təkcə qaradərili əhalini əhatə etmirdi. Qanundan bütün əhali, bütün təbəqə “nəsibini almışdı”.

Qanuna əsasən, çirkin hesab olunan insanların ictimai yerlərdə görünməsi qadağan olunurdu.

Qanun ilk dəfə 1867-ci ildə San-Fransiskoda qüvvəyə mindi. Adı mahiyyətindən daha çirkin olan qanunu qəbul edənlərin şüarı “küçələrdəki maneələri aradan qaldırın!” idi. Qanun haqqında eşidən hər kəsin ağlına ilk gələn məsələ küçələrin abadlaşdırılması, nəqliyyata mane olan çuxurların doldurulması, çirkabların təmizlənməsi, qalaqlanmış və üfunət yayan zibillərin təmizlənməsi idi. Lakin onun tam mahiyyəti ilə tanış olan hər kəs dərin bir sarsıntı keçirirdi. Çünki irqçiliyin adi hal aldığı həmin dövrdə ABŞ-də yaşayan gəlmə ağdərili insanlar heç vaxt heç bir maneə ilə rastlaşmamışdılar. Dəhşətli soyqırımılara, qırğınlara, qul kimi alınıb-satılmalara məruz qalanlar Amerikanın həqiqi yerliləri və Afrikanın zorla gətirilən yerli qaradərili əhalisi idi.

Ağ dərili olmamaq, dərisinin rəngindən asılı olmayaraq, yaşlı və ya qoca olmaq, yenə dərisinin rəngindən və yaşından asılı olmayaraq əlil və ya şikəst olmaq, yaxud da evsiz olmaq - qanuna görə, çirkin olmağın standartları belə idi.

CİRKİN.jpeg (38 KB)

Qanunun San-Fransiskoda “uğurla” tətbiq olunmasından həvəslənən digər şəhərlər də dərhal hərəkətə keçirdi. Portland, Çikaqo, Klivlend şəhərlərində də bu qanun qüvvəyə minirdi.

Bəs qanun necə işləyirdi?

Qanunu hazırlayanların çirkin hesab etdiyi şəxsələrdən biri, məsələn, əlil şəxs küçəyə çıxan zaman polis dərhal ona yaxınlaşıb “çirkinliyini” xatırladır və yubanmadan evinə qayıtmasını əmr edirdi.

“Çirkin” insanlarla davranışın və cəzanın ixtiyarı polislərə verilmişdi. Polis onları 1 dollardan 50 dollara qədər cərimələyə də bilərdi. Bir polisin “çirkin” hesab etmədiyi şəxsə başqa polis “çirkin” hesab edib cəza verə bilərdi. Cərimələnən insanların böyük əksəriyyəti əlbəttə, o məbləği ödəmək iqtidarında deyildilər. Buna görə onlar bəzən şəhərlərdən sürgün edilir, bəzən də qocalar evinə göndərilirdilər. Bəzilərinə isə pul qarşılığında başqa şəhərlərə köçmək təklif olunurdu.

Qısa müddətdə qanunun əhatə dairəsi genişlənməyə başladı. Artıq maddi durumu ucbatından evsiz qalan, dilənən şəxslər də bu qadağalara məruz qaldılar.

Əslində qanun tam olaraq qızıl, torpaq üçün Amerikaya yerləşib varlanan insanların rahatlığı məqsədilə qəbul olunmuşdu. Amerikada baş verən vətəndaş müharibəsində sağlamlığını, əzalarını itirən veterana “çirkin” statusu verilirdi və ona əmr olunurdu ki, qitədə talançılıqdan başqa “xidməti” olmayan adamın əhvalını aşağı salmamaq üçün evindən çıxmasın.

San-Fransiskoda aşağı təbəqəli insanların həyatını qaraldan bu qanuna bir dəstək də dövrün ən tirajlı qəzeti olan “Vikli Merkuri”dən gəlmişdi.

Onun səhifəsində yayımlanan məqalələrdən birində yazılırdı: “San-Fransisko Sakit okeanın sahilində yaşayan bütün dilənçilər üçün sığınacaq şəhəri olmağa məhkum edilir. Kücələrdə gəzərkən cəsarətləri çirkinliklərinin qorxuncluğuna paralel olan şikəst məxluqlar tez-tez peyda olduqca şok oluruq”.

Nə qədər məşəqqətli olsa da, qanun orta hesabla 100 il qüvvədə qalıb. Sonra yavaş-yavaş qaranlıq və qanlı tarixin səhifələrində itməyə başlayıb. Sonuncu “çirkin” Omaha şəhərində 1970-ci illərin əvvəllərində həbs olunub. Qanunu qüvvədən salan ən sonuncu şəhər isə Çikaqo olub. “Çirkinlərə” bəraət veriləndə artıq 1974-cü il idi...

Sonradan qara ləkəni ört-basdır etmək çabaları göstərilirdi. 1990-cı ildə ABŞ Konqresində “Əlil amerikalılar qanunu” qəbul edilsə də, “Çirkinlik qanunu”nu kölgədə qoya bilmədi...

Şahanə Rəhimli
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

26 Noyabr 2024

25 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR