İnsanlara hürriyət, millətlərə istiqlal!

Əvvəllər Rusiyada, indi İstanbulda azərbaycanlılar bir-birini niyə güllələyir - mafiya, yoxsa...

İstanbulun Mərtər rayonunda azərbaycanlı iş adamı Rasim Babayevi ailəsinin gözü qarşısında güllələyən killerin şəxsiyyəti məlum olub.

Türkiyədə hüquq-mühafizə orqanlarının apardığı araşdırma zamanı üzə çıxan kamera görüntülərindən aydın olur ki, naməlum şəxs Rasim Babayevi ailə üzvlərinin gözü qarşısında güllələyir. Ağır yaralanan Rasim Babayevin həyatını xilas etmək mümkün olur.

Rasim Babayev hüquq-mühafizə orqanlarına ifadəsində cinayətin sifarişçilərinin, həmçinin icraçısının kim olduğunu deyib. O, Türkiyədə polisə izahat verən zaman keçmiş şərikləri İmran Bağıyev və Kamran Bağıyev qardaşlarının adlarını çəkib.

Həmin şəxslərlə aralarında mülki mübahisəyə görə məhkəmə çəkişmələrinin olduğunu, qarşı tərəfin onu hədələdiyini deyən Rasim Babayev başqa düşməninin olmadığını da deyib. Məlum olub ki, mülki mübahisə zamanı qərar Rasim Babayevin xeyrinə olub.

Azərbaycanlı iş adamını ailəsinin gözü qarşısında güllələyən şəxsin fotosu  - TƏFƏRRÜAT, ANBAAN VİDEO

Rasim Babayevi ailəsinin gözü qarşısında güllələyən killer

Digər bir məlumata görə, tərəflər arasında daha əvvəl dava-dalaş da olub. Bağıyev qardaşları ilə mübahisə edən Rasim Babayev onlardan birini döydüyü üçün cinayət məsuliyyətinə də cəlb edilib. Tərəflər arasındakı ədavət uzun müddət imiş ki, davam edirmiş.

Rasim Babayev bir sıra rəsmi qurumlara müraciət edərək işin obyektiv araşdırılmadığını deyib. Killerin kimliyinin bilindiyini deyən Rasim Babayev sifarişçilərin həbsini tələb edir.

Kamera görüntülərindən killerin fotosu müəyyən edilib. İş adamını güllələyən şəxs saxlanılmayıb, amma onun Azərbaycanda gizləndiyi deyilir.

Qeyd edək ki, əvvəllər azərbaycanlıların biri-birini öldürməsi, bıçaqlaması, qan davası aparması halları əsasən Rusiyada baş verirdi. Son zamanlar Rusiyada belə hallar azalıb.

Son illərdə qanlı hesablaşmalar Türkiyədə, xüsusilə İstanbulda cərəyan edir. Ümumiyyətlə, İstanbul mafiyaların, kriminalların son vaxtlar daha çox üz tutduğu bir şəhərə çevrilib.

Azərbaycanlıların qanlı savaşlarına səbəb, əlbəttə, iqtisadi, mülki maraqlar, biznes toqquşmalarıdır. Amma bəzi iddialara görə, bu kimi hallarda onların mafioz qruplaşmalar halında, bu təsirdə ədavət apardıqları üzə çıxır. Başqa millətlər də bir-biri ilə xaricdə belə davranırmı, yoxsa bu bizə xas pis ənənədir?

Narkomaniya cəmiyyətin mənəvi və əxlaqi dəyərlərinə zərbə vurur

Sosioloq: “Maddiyat mənəviyyatı üstələdiyi hər bir yerdə belə olaylar yaşanır”

Sosioloq Əhməd Qəşəmoğlu “Yeni Müsavat”a deyib ki, bu cür olayların milli xüsusiyyətlə əlaqəsi yoxdur: “Min illərdir dahi alimlər, peyğəmbərlər deyir ki, hansı yerdə ki, mənəvi dəyərlər öndədir, orada xoş bir münasibət yaranır. Maddi dəyərlər öndə olan yerlərdə isə gərginlik yaranır. 30-40 il əvvəl biz azərbaycanlılar bir-birimizə çox mehriban idik. Çünki o zaman arada mənəvi məsələlər dururdu. Xaricdə olanlar Novruz və digər bayramlarda bir yerə yığışar, tələbələr arasında geniş əlaqələr qurardıq. Lakin son zamanlarda ölkədən müxtəlif təbəqələrdən olan insanlar xaricə axışmağa başladı. Gizlin deyil ki, onların arasında kriminal aləmin insanları, ağır psixoloji problemi olan şəxslər də var. Yəni, xaricdə olan bugünkü azərbaycanlılar 30-40 əvvəl bundan əvvəl olan azərbaycanlılar deyil. Onların əsas maraqları maddi məsələlərdir. Maddiyatla bağlı fəaliyyət olduqda onlar bir-birilərinə maneçilik törətməyə çalışırlar. Məsələn, əgər eyni firmada çalışırlarsa və arada mənəvi dəyərlərin səviyyəsi aşağı olarsa, onda tamahkarlıq yaranır və bir-birini kənarlaşdırmağa çalışır, hətta bir-birinin üzərinə silah çəkir, öldürür. Bu baxımdan da qeyd edə bilərəm ki, xarici ölkələrdə azərbaycanlıların bir-birinə qarşı bu cür davranmasının kökündə maddiyat dayanır. Bu faktor güclü rol oynayır. Əvvəllər isə şərq ənənəsindən irəli gələrək, müəyyən qədər dinin pozitiv təsiri mənəvi dəyərləri önə çıxarmışdı və qarşılıqlı münasibətlərdə aparıcı olmasa da, həlledici rol oynayırdı. İndi isə durum fərqlidir. İstər Rusiyada, istərsə də, Türkiyədə olsun, insanlarımız arasında maddi dəyərlər daha çox önə keçib. Xaricdə baş verən cinayətlərin səbəbini araşdırsaq, məlum olacaq ki, həmyerlilərimizin bir-birinə əl qaldırmasının kökündə maddi məsələ dayanır”.

Sosioloq deyir ki, belə halların qarşısının alınması üçün xaricdəki diaspor təşkilatları, səfirliklər, telekanallar müəyyən rol oynaya bilər: “Xüsusilə bizim Azərbaycan televiziyaları milli-mənəvi dəyərləri təbliğ edən verlişlər hazırlayıb yaya, xaricdəki soydaşlarımıza da müsbət mənada təsir göstərə bilərlər. Bu gün telekanallar üzərilərinə düşən işi görmürlər. Şit, bayağı verilişlərlə efiri doldururlar. Səfirliklər, diaspor təşkilatları da xaricdə yaşayan soydaşlarımızla iş aparmalıdır ki, belə hallar baş verməsin”.

Sosioloq bildirib ki, bu cür olaylar təkcə azərbaycanlılara xas məsələ deyil: “Qeyd etdiyim kimi maddiyat mənəviyyatı üstələdiyi hər bir yerdə belə olaylar yaşanır. Bu bir sosioloji qanundur. Ona görə də alimlər, peyğəmbərlər daha çox mənəvi dəyərlərin önə çıxması üçün çalışmaq lazım gəldiyini vurğulayıblar. Mənəviyyat olan yerdə belə hadisələr baş vermir. İnsan insana əl qaldırmır”.

Elşən MƏMMƏDƏLİYEV,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

13 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR