İnsanlara hürriyət, millətlərə istiqlal!

Evdə sistem qoyanların diqqətinə - təhlükə var!

 “Peşəkar tibb bacısı və həkim nəzarəti olmadan edilirsə, anafilaktik şok qaçılmazdır” 

Bərdə rayonunda azyaşlı bir uşağa ev şəraitində sistem (damardaxili infuziya) köçürülməsi faciə ilə nəticələnib. Uşağın vəziyyəti qəfil pisləşib və onun həyatını xilas etmək mümkün olmayıb. Bu hadisə cəmiyyətdə böyük narahatlıq yaradıb və evdə sistem qoşulmasının nə qədər təhlükəli olduğu bir daha gündəmə gəlib. Azərbaycanda, xüsusilə bölgələrdə və Bakıda bir çox ailələr uşaqları və ya böyükləri narahat olanda dərhal ev şəraitində sistem köçürülməsinə üstünlük verirlər. Çox zaman bu proses həkim göstərişi olmadan, yalnız feldşer və ya tibbi savadı məhdud şəxslər tərəfindən həyata keçirilir. Halbuki bu, olduqca təhlükəli və qanunvericiliyə zidd bir praktikadır. 

Evdə sistem köçürülməsi zamanı bir çox risklər meydana çıxa bilər. İlk növbədə, orqanizmin dərmanlara qarşı göstərə biləcəyi allergik reaksiya və ya anafilaktik şok həyati təhlükə yarada bilər. Bundan əlavə, düzgün diaqnoz qoyulmadan və laborator müayinələr olmadan sistemin tərkibindəki dərmanların istifadəsi orqanizmə ciddi zərər verə bilər. Dozanın səhv hesablanması, dərmanların uyğunlaşdırılmaması və aseptik şəraitin pozulması infeksiya və digər ağır fəsadlara səbəb ola bilər. 

Həkimlərin fikrincə, sistem yalnız ciddi göstəriş olduqda və həkim tərəfindən təyin olunduqda istifadə edilməlidir. Evdə sistem köçürülməsi isə yalnız çox məhdud hallarda - məsələn, yataq xəstəsi olan pasiyentlərdə və yalnız həkimin göstərişi və nəzarəti ilə həyata keçirilə bilər. Təəssüf ki, bir çox hallarda bu qaydalara əməl olunmur və nəticədə fəlakətli hadisələr baş verir. 

Qeyd edək ki, Naxçıvan Muxtar Respublikasında həkim göstərişi olmadan sistem köçürülməsi qanunla qadağan edilib və bu sahəyə ciddi nəzarət var. Lakin digər bölgələrdə belə bir təcrübə davam edir və bu səbəbdən bu kimi hadisələr baş verir.   

O da faktdır ki, əksəriyyət evdə sistem qoşulmasına üstünlük verir. Bu həm də tibb bacılarının işdən sonra gəlir yeridir. Evdə sistem qoşulması qadağan olunarsa, buna nəzarəti necə həyata keçirmək olar? Mümkünmü? 

Seyfəddin Əsəd

Təbii üsullarla müalicə üzrə mütəxəssis, həkim Seyfəddin Əsəd mövzu ilə bağlı “Yeni Müsavat”a fikrini bölüşüb: “Sistem hər zaman təhlükəlidir. O, mütləq xəstəxana və ya poliklinika şəraitində edilməlidir. Bunu peşəkar tibb bacısı etməlidir və həkim nəzarəti olmalıdır ki, xəstədə dəyişiklik olarsa, tez müdaxilə edilsin. Bir praktik məsləhət də verə bilərəm. Mütləq sistem qoyulanda tibb bacısının əlinin altında hormonal dərmanlardan prednizolon 1, deksametazon 1, dimedrol 2 iynəsi, kofein iynəsi, adrenalin iynəsi olmalıdır. İkincisi, sistem qoyulanda mütləq 3 damcıdan sonra dayandırılmalıdır. Sistemi köçürməzdən əvvəl, birinci prednizolon və dimedrol iynəsi damara vurulmalıdır. Bunu vurandan, 3-4 damcı sistemdən keçəndən sonra yenidən bağlamaq, gözləmək lazımdır. Əgər reaksiya vermədisə, lap aşağı damcı ilə qoyulmalıdır. Artıq mənfi təsiri olmadığına əmin olandan sonra damcını artırmaq olar. Sistemin təhlükəsiz qoyulmaq qaydası budur. Nə qədər desək də, bəziləri öz bildiyini edir. Tibb bacısı peşəkar olmalıdır. Həkimin yanında olması isə daha təhlükəsizdir. Ümumiyyətlə, istənilən iynə, dərman, sistem təhlükəli ola bilər. Xəstənin orqanizmi onu qəbul etməyə bilər və anafilaktik şok verib öldürə bilər”.  

Dünyada ev şəraitində sistem köçürülməsi müxtəlif ölkələrdə fərqli şəkildə tənzimlənir. Bir çox inkişaf etmiş ölkədə bu xidmətə icazə verilir, lakin bu, yalnız həkim göstərişi ilə və peşəkar tibb işçiləri tərəfindən həyata keçirilə bilər. Məsələn, ABŞ, Kanada, Böyük Britaniya və Avstraliyada evdə infuziya terapiyası geniş yayılıb. Bu ölkələrdə bu xidmət xüsusi klinikalar və evdə tibbi xidmət qurumları vasitəsilə göstərilir. Prosedurlar yalnız lisenziyalı tibb bacıları və ya həkim nəzarətində aparılır və hər bir müdaxilə üçün elektron qeydlər, xüsusi protokollar və steril şərait tələb olunur. Burada əsas məqsəd xəstənin xəstəxanaya getmədən keyfiyyətli tibbi xidmət almasını təmin etməkdir, amma eyni zamanda təhlükəsizlik və peşəkarlıq da ciddi şəkildə qorunur. 

Digər tərəfdən, Almaniya, İsveçrə, Yaponiya kimi ölkələrdə bu məsələyə daha ehtiyatla yanaşılır. Bu ölkələrdə evdə sistem köçürülməsi yalnız həkim göstərişi ilə və ciddi nəzarət altında həyata keçirilə bilər. Qeyri-peşəkar şəxslərin bu müdaxiləni etməsi qanunsuz sayılır və məsuliyyət doğurur. Ev şəraitində yalnız xüsusi tibbi xidmət şirkətləri və ya dövlət tərəfindən akkreditə olunmuş personal bu xidməti göstərə bilər.  Bir sözlə, dünyanın əksər ölkələrində bu sahə hüquqi və tibbi cəhətdən ciddi şəkildə tənzimlənir ki, xəstənin həyatı və sağlamlığı riskə atılmasın. 

Afaq MİRAYİQ, 
“Yeni Müsavat” 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

02 Oktyabr 2025

01 Oktyabr 2025

BÜTÜN XƏBƏRLƏR