İnsanlara hürriyət, millətlərə istiqlal!

Etnoqrafik ulduzlar

 

Normalda rəsədxananın böyür-başı qaranlıq olmalıdır. Astronomiya elmi belə tələb edir. Çünki rəsədxana teleskopunun kosmosu müşahidə eləməsinə ətrafdakı işıqlanma mane olur. Buna yanılmıramsa, “işıq çirkliliyi” deyirlər. Bir növ, rəsədxananın yanında işıqlı binalar qayırmaq səsyazma studiyasının yanında toyxana açıb bütün günü dumbulda “Aynadan gözəl”, “Yandım ay allah iri-iri gözlərin”, “Kişidi bu, nənənin kişmişidi bu” (sünnət toyları üçün) çaldırmaq kimi axmaq hərəkətdir.

Təəssüflər olsun, hazırda bizim Şamaxı rəsədxanası bu cür pis vəziyyətlə üzləşibdir. Ora yaxşı mənzərəli olduğu üçün cürbəcür turistik obyektlər tikilmişdir. Hətta rəsədxanaya bitişik eşşək boyda hotel qayırıblar, indi alimlərimiz Marsa, Yupiterə, Saturnun halqalarına baxmaq üçün teleskopu fırladanda hansısa Abu Dabi şeyxinin balkondakı yanbızlarını ekranda görürlər. Ya da görəcəklər - deyəsən, hələ hotelin açılışı olmayıb, inşallah, olmaz. Yoxsa əgər o biri dünya varsa, rəhmətə gedənlər hansısa qalaktikaya köç edirsə, Nəsrəddin Tusi və Nadir İbrahimovun ruhları bizə qənim olmalıdır. 

Hətta mən təklif edirəm alimlərimiz acığa düşüb Ramazan bayramında Ayın görünmək vaxtını xalqa açıqlamaqdan imtina etsinlər. Teleskopu dəmiryığanlara satmaq da olar. Məndə olan məlumata görə, Vasif müəllim vaxtilə Naxçıvandakı ikinci rəsədxanamızı - Batabat teleskopunu beləcə satıb məhv eləmişdir. Deyib Nuhun qəbri və mağara bəsimizdir, göylə əlləşməyək. Buna görə də uca kosmos ona qənim oldu.

Ancaq elm sferasında müəyyən inqilabi işlər aparılır, bunları yazmasaq əlimiz quruyar. Məsələn, bir alim koronavirus vaksini qayırıb. Koronavirus bütün dünyada yekunlaşandan sonra vaksin kəşf eləmək müdhiş üsuldur. Buna bizim elm aləmində “qarı şey olandan sonra qapını örtmək” metodu deyilir. Bəlkə də NK yanında OQ (pis şeylər düşünməyin, açması “Nazirlər Kabineti yanında Operativ Qərargah”dır) pandemiya məhdudiyyətlərini hələ də buna görə uzada-uzada gedir. Vaksini harasa satmalıyıq, ya yox? Yəqin kişi çox əziyyət çəkibdir.

İnsafən, vaksinin gecikməsinə onun adında da işarə vardır. Bəli, hörmətli alimimiz vaksinə... “Qarabağ” adı qoymuşdur. İnşallah, bu vaksinin uğurlu tətbiqini də 27 il sonraya gözləyək. Gec olsun, güc olsun. Bağban tələsər, armud vaxtında yetişər. Hər dərədə bir at öldürüb, baytar olub. Yeməkdən ümid yaxşıdır. Özümün gözüm həkim gözü, həkimin gözü ... gözü. Nəsə, burada dayanıram, belə davam etsəm MTRŞ-dən xəbərdarlıq gələr.

 Başqa önəmli elmi yeniliklər də var. Azərbaycan Milli Elmlər Akademiyası Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun baş direktoru Abbas Seyidov öz ərizəsi ilə vəzifəsindən azad edilib. Abbas müəllim yaxşı tar çalması ilə tanınırdı. Deyəsən, Ramiz müəllimin nəvəsinin məşhur toyunda da ansamblı ilə iştirak etmişdi. Onun dövründə arxeoloqlarımız harada qızıl tapsalar, birinci Ramiz müəllimə göstərirdilər. Hətta deyilənə görə, Ramiz Mehdiyevin özünü də qədim Gilan şəhərinin xarabalıqlarında qazıntı aparanda aşkara çıxarmışdılar. Bəs indi arxeologiyamızın tarını kim çalacaq? Düşündürücüdür. İnsanı dəhşət bürüyür. Bəzən.

O cümlədən AMEA Rəyasət Heyətinin qərarı ilə etnoqrafiyaya aid üç şöbə Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun tərkibindən çıxarılaraq Tarix İnstitutuna verilmişdir. İndi belə çıxır institutun adında “Etnoqrafiya” qalır, lakin içində etnoqrafiya yoxdur. Bu da yuxarıdakı misalımızdan çıxış eləsək, toyda lüləkababın içinə quzu əti əvəzinə piy-miy doldurmaq kimi bir vəziyyət alınır.

Yaxşı olar Tarix İnstitutunun içindən tarix şöbələri də çıxarılıb Botanika İnstitutuna verilsin. 

Elmi araşdırmalarımız davam edir, bizimlə qalın.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Noyabr 2024

23 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR