İnsanlara hürriyət, millətlərə istiqlal!

Etibar Məmmədovun fəal siyasətə qayıdacağı ətrafında müzakirələr

Fərəc Quliyev: “Etibar bəy bəlkə doğrudan da siyasətə qayıtdı, uğurlar qazandı...”

Son günlər mətbuatda AMİP lideri Etibar Məmmədovun aktiv siyasətə qayıdacağı ilə bağlı müxtəlif fikirlər səslənir. Hətta iddialara görə, növbəti parlament seçkilərində müştərək şəkildə iştirak etmək üçün Etibar Məmmədovun rəhbərliyi ilə koalisiya yaradılır.

İttifaqda Etibar Məmmədovdan başqa, ADP sədri Sərdar Cəlaloğlu, KXCP sədri Mirmahmud Mirəlioğlu, Azad Demokratlar Partiyasının sədri Sülhəddin Əkbər, Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyev və digərlərinin yer alacağı bildirilir.

AMİP Mərkəzi Şurasının sədri Rəşad Bayramov yerli mediaya açıqlamasında bildirib ki, Etibar bəyin müsahibələrindən sonra bu cür məlumatların yayılması ilk dəfə deyil ki, baş verir: “Zaman-zaman Etibar bəyin aktiv siyasətə qayıdacağı ilə bağlı informasiyalar yayılmaqdadır. Son xəbər həqiqəti əks etdirmir. Bu məlumatı yayıb, sonra bunun ətrafında müzakirələri qızışdırmaq sifarişli kampaniyaya bənzəyir. Arxasında hansı məqsədin dayandığını demək çətindir. Bir qisim siyasilər bundan sevinsələr də, bəziləri narahatlıq ifadə ediblər. Belə bir plan olacaqsa, onu ilk olaraq Milli İstiqlal Partiyası biləcək və mətbuata da bizim vasitəmizlə çatdırılacaq. Etibar bəyin aktiv siyasətə qayıtması Azərbaycandakı mövcud siyasi vəziyyətin daha da inkişafına səbəb ola bilər. Etibar bəy 2004-cü ildən aktiv siyasətdən çəkilib. Keçən dövr ərzində, ayrı-ayrı partiyaların fəaliyyətində irəliləyiş olmayıbsa, əksinə,  çöküş baş veribsə, demək ki, Etibar bəyin siyasətə qayıtması daha yaxşı olardı. Ancaq hələ ki onun belə fikri yoxdur”.

Rəşad Bayramov: » Ovqat.com

 Rəşad Bayramov

Qeyd edək ki, son zamanlar AMİP liderinin fəallığı artıb. Yalnız istisna hallarda mediaya açıqlama verən AMİP lideri son vaxtlar daxili siyasətlə bağlı tez-tez açıqlamaları ilə diqqət çəkir. Son olaraq o, hakimiyyətdəki “5-ci kolon” haqda açıqlaması ilə gündəmə gəlmişdi.  “Rusiya Ukraynada qələbə çalsa, yəni onu parçalamağa nail olsa, bu zaman digər keçmiş SSRİ ölkələrinə qarşı da iddialarla çıxış edəcək, o cümlədən Azərbaycana qarşı. Hesab edirəm ki, Azərbaycan buna hazır olmalıdır. Yəni Rusiya imperiya eşqi ilə yaşayır və sıravi vətəndaşından tutmuş dövlət rəhbərliyinə qədər hamının beynində imperiya təfəkkürü var. İmkan düşdükcə də buna çalışırlar və çalışacaqlar da. Odur ki, biz buna hazır olmalıyıq”.

Etibar Məmmədov hesab edir ki, ölkədə Rusiyanın “5-ci kolon”unun mövcudluğu gizlədiləcək bir fakt deyil: “Onlar var, sayları çoxdur, mövqeləri güclüdür və rənglərini də dəyişə bilirlər. Onlar satılıblar və satmağa da hazırdırlar. Azərbaycan hakimiyyətində təmsil olunanların milliləşməsinə ehtiyac var. Yəni hakimiyyətdəki bütün strukturlar milli qüvvələrin əlinə keçməlidir ki, ”beşinci kolon" adlandırılan qüvvənin arxadan zərbə vurmaq imkanı olmasın. Əslində onlar an gözləyirlər ki, arxadan zərbə vuraraq Azərbaycan dövlətini zəiflətsinlər və yenidən Rusiyanın tərkibinə qatsınlar". E.Məmmədovun xüsusilə hakimiyyətin “milli qüvvələrin əlinə keçməsi” fikri də diqqət çəkmişdi. Onun yeni koalisiyası haqda iddialar medianın iddiası olsa da, göründüyü kimi, bu cür iddialar tam əsassız da deyil. Mümkündür ki, E.Məmmədov fəal siyasətə qayıtmaqla bağlı cəmiyyətin nəbzini yoxlayır.

Bakupost.az - Etibar Məmmədov oğluna dəbdəbəli toy edir

Etibar Məmmədov

AMİP funksioneri açıqlamasında da müxalifət düşərgəsində çöküş baş verməsi və  E.Məmmədovun  fəal siyasətə qayıtmasının  daha yaxşı ola biləcəyini deyib.

Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyev, ilk növbədə, koalisiya iddialarına cavab verdi: “Bu məsələ qarışıqlıq salıb. Əslində olmayan bir məsələ haqqında geniş müzakirələr gedir. Birincisi, belə bir koalisiya təklifi yoxdur. Nə mənə, nə də partiya təmsilçilərinə göndərilib. Belə bir təkliflər yox idisə, bunun ətrafında belə müzakirələr aparmağa gərək yox idi. Mətbuatda bu barədə açıqlamalarım gedib. Amma istənilən halda kiminsə siyasətə gəlməsi, yaxud siyasətdən getməsi şəxsi işidir. Heç kimə qadağa qoyula bilməz. Partiyaların çöküşü barədə fikirlərə gəlincə, bunu belə hesab etmirəm. Müharibə vaxtı hər kəs gördü ki, 1-2 partiyadan başqa ümummilli məsələdə bütün partiyalar bir araya gəldi. Partiyaların rəhbərləri də daxil yüzlərlə üzvlər döyüşlərə getmək istədilər. Siyasi mühitdə durğunluq ola bilər. Bu da insanlara bağlı deyil. Gərək siyasi mühitin dəyişməsi üçün ciddi islahatlar olsun. Məsələn, nə? Seçki sistemi dəyişməlidir ki, partiyaların gücü müəyyən edilsin. Deyirlər ki, partiyalar çöküb. İndi sual verə bilərəm ki, bunu hansı kriteriyalarla müəyyən edirsiniz? Vətəndaşların partiyalarda təmsil olunmağa meylləri olmalıdır. Yerli idarəetmə strukturları da yerində olmalıdır. Siyasi mühitin fəallaşması ilə bağlı 1-2 adamın nələrisə etməyi nəyisə dəyişmir”.

Fərəc Quliyev: “Mitinqləri alver obyektinə çeviriblər”

Fərəc Quliyev

F.Quliyev E.Məmmədovun dostu olduğundan da söz açdı: “Ona çox böyük hörmətim var. Onun özü bu məsələ ilə bağlı heç bir söz də deməyib. Koalisiya məsələsi də onun düşərgəsi tərəfindən təkzib olundu. Hesab edirəm  ki, siyasi düşərgədə toparlanmadan daha çox zərərli açıqlamalar verməyə, siyasilər arasında narazılıqlar yaratmağa ehtiyac yoxdur. Daha çox ümummilli maraqlar ətrafında birləşmək lazımdır. Dövlətimizin, millətimizin bu qlobal dəyişikliklər önündə ciddi çağırışlar yaranıb. Toparlanmaq lazımdır. Sizin, yaxud bizim partiya olsun, birisi söz atacaqsa, məncə, bu, siyasi mühitə müsbət heç nə verməz”.

Partiya sədri Etibar Məmmədovun Azərbaycan siyasətində bir tarix olduğunu da söylədi: “Əvvəla, deyim ki, tarix geri qayıtmır. Siyasətdə zaman-zaman yeni mühit yaranır, buna uyğun şəkildə də yeni-yeni addımlar atılır. Heç kim indiyə qədər tarixin təkərini geri döndərə bilməyib. Etibar Məmmədovla rəqib olmamışıq. Onunla yoldaş olmuşuq, birlikdə döyüşmüşük, AXC adı altında xalq hərəkatında o da, mən də təmsil olunmuşam. Onun xidmətlərini heç kim dana bilməz. Kifayət qədər fəaliyyəti olub. Sadəcə, sonradan partiya yaradıb və biz fərqli-fərqli partiyalarda olmuşuq. Mən hansı partiyada olmalarından asılı olmayaraq, keçmiş hərəkatçıların hər birinə bir köynək yaxın baxıram. İndi onun siyasətə gəlib-gəlməməsi ilə bağlı bir fikir ortaya çıxan kimi onu qamçılamaq düzgün deyil. Bu gün onu bəyənməyə bilərlər, amma dünən olan fəaliyyəti, hərəkətlərini kimsə dana bilməz. Etibar bəy müstəqillik hərəkatının aparıcı simalarından biri olub. Onun kimi insanları hər zaman rəğbətlə xatırlayıram. İndi Etibar bəy bəlkə doğrudan da siyasətə qayıtdı, uğurlar qazandı, bu, onun öz şəxsi işidir. Heç kimə də siyasətə qayıtmaq qadağan oluna bilməz”.

Cavanşir ABBASLI,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

02 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR