İnsanlara hürriyət, millətlərə istiqlal!

Əti bahalaşdıran işbazlar: Buna səbəb nədir? - Komitə sədri elə sözlər dedi ki...

Son günlər bəzi satış məntəqələrində mal ətinin, xüsusilə erkək dana ətinin qiymətinin artması müşahidə olunur. Belə ki, əvvəllər kiloqramı 15 manata satılan ət indi bəzi yerlərdə 15,5 manata, bəzi kəsim və satış məntəqələrində isə 16 manata təklif olunur. Bahalaşmanın səbəbi kimi daxildə danaların azlığı və yay aylarında maldarlığa marağın azalması göstərilir.

Məsələ ilə bağlı Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev İqtisadiyyat.az-a açıqlamasında öz fikirlərini bölüşüb. O bildirib ki, bir-iki marketdə və ya ət satışı obyektində mal ətinin qiymətinin 50 qəpik artmasını ölkənin bütün ərazilərinə şamil etmək düzgün olmaz. Komitə sədrinin sözlərinə görə, xeyli vaxtdır mal ətinin qiyməti sabitdir və hətta bəzi rayonlarda mal ətinin qiyməti aşağı düşüb: “Ancaq şəhərdə bir neçə yerdə müəyyən işbazlar ətin qiymətini artırırlarsa, bu o demək deyil ki, ümumi respublika üzrə mal əti bahalaşıb. Əslində yay aylarında ətin qiymətində azalma baş verməlidir. Çünki yay aylarında mövsümi kənd təsərrüfatı məhsulları daha çox istifadə olunur, ətdən istifadəyə o qədər ehtiyac qalmır”.

Ətin bahalaşması araşdırılmalı, səbəbi öyrənilməlidir” - Komitə sədrindən  AÇIQLAMA

Tahir Rzayev

T.Rzayev bununla yanaşı, hesab edir ki, ətin bahalaşması araşdırılmalı və səbəbi öyrənilməlidir: “Ola bilsin hansısa yerdə körpə dana əti verirlər və orada qiymətin üstünə 50 qəpik qoyurlar. Təbii ki, bundan da müəyyən işbazlar istifadə edirlər. Ona görə də bu bahalaşmanı bütün ərazilərə şamil etmək düzgün deyil”.

Bəs əti bahalaşdıranlara qarşı hansı ölçülər götürülə bilər?

İqtisadçı Xalid Kərimli mövzu ilə bağlı “Yeni Müsavat”a fikrini bölüşüb: “Ətin bahalaşmasının qarşısını almaq üçün heç bir inzibati tədbir tətbiq edilə bilməz. Qanunvericilik də buna imkan vermir. Əti bahalaşdıranlara qarşı tədbir görülə bilməz. Əslində qiyməti artıranların birincisi elə onun alıcılarıdır. Əgər vətəndaşlar ətin bahalaşmasını ədalətsiz hesab edirlərsə, almasınlar. Ya ət növünü dəyişsinlər, ya da zülal ehtiyaclarını başqa alternativlərlə ödəsinlər".

İqtisadçının fikrincə, ət bazarında inhisarçılıq yoxdur və bu sahədə qiymətlər tamamilə bazar prinsipləri ilə formalaşır: “Ət bazarı kifayət qədər rəqabətlidir. Həm iri, həm də xırdabuynuzlu heyvanlar əsasən fərdi ev təsərrüfatları tərəfindən bazara çıxarılır. Ölkədə böyük heyvandarlıq təsərrüfatları, iri fermalar yoxdur. Qiymətlərə ciddi şəkildə təsir edəcək gücdə oyunçular da yoxdur”.

Xalid Kərimli: Bu Naxçıvan üçün çox uğurlu mode...

Xalid Kərimli 

O vurğulayıb ki, ətin qiymətini dövlət müəyyənləşdirmir: "Məsələn, dövlət metronun və ya benzinin qiymətini formalaşdırır, amma ətin yox. Ətin qiymətini bazar müəyyənləşdirir. Əgər dövlət ətin bahalaşmasını istəmirsə, onda dizel yanacağının, elektrik enerjisinin qiymətinin artmasına da imkan verməməlidir. Dövlət öz məhsullarının qiymətini artırırsa, sahibkar da təbii olaraq bu artımı malının qiymətinə yansıdır. Bu halda sahibkara qarşı boykot, hücum düzgün deyil".

Xalid Kərimli əlavə edib ki, ət bazarında monopolist şirkətlər olmadığı üçün burada Rəqabət Məcəlləsinin şərtləri də pozulmur: "Əgər bazarda cəmi bir-iki böyük ət tədarükçüsü olsaydı, bu zaman inhisardan danışmaq və etiraz etmək olardı. Amma indi vəziyyət belə deyil".

İqtisadçı hesab edir ki, ətin bahalaşması yaxın illərdə də davam edəcək: “Çünki insanlar kənddə yaşamaq, heyvandarlıqla məşğul olmaq istəmirlər. Ölkədə saxlanılan heyvanların sayında ciddi azalma var. Bu həm kənddən şəhərə köç, həm də heyvandarlığın xərclərinin artması ilə bağlıdır. Otlaq sahələri azalır, kəndli məcburdur bahalı ot presi alsın. Heyvan saxlamaq baha başa gələn işə çevrilib. Ətin qiyməti artacaq. Kim bahalaşmanı istəmirsə, ət yeməsin. Amma reallıq budur”.

Eyyub Hüseynov koronavirusa yoluxdu | Modern.az

Eyyub Hüseynov

İstehlakçıların hüquqlarının müdafiəçisi Eyyub Hüseynov da “Yeni Müsavat”a açıqlamasında bildirib ki, ətin bahalaşması tendensiyası davam edəcək. Onun sözlərinə görə, bu artımın əsas səbəbi heyvan yemlərinin qiymətindəki yüksəlişdir: “Təəssüf ki, hökumətin kənd təsərrüfatı siyasətində bəzi çatışmazlıqlar var. Heyvandarlığın inkişafı üçün səlahiyyətli şəxslərdən bəziləri yanlış fikirlər səsləndirirlər. Məsələn, deyirlər ki, quzu və cavan dana əti yemək düzgün deyil, guya vitamini azdır. Bu, tamamilə əsassız yanaşmadır. Mən Avropada quzu ətinin necə baha qiymətə satıldığını çəkib göstərmişəm. Deməli, bu əti dəyərli hesab edən ölkələr var”.

Eyyub Hüseynov deputat Tahir Rzayevin bu məsələdəki fikirləri ilə razı olduğunu da qeyd edib: “Bazarda qiymətlərin qalxmasına işbazlar səbəb olur. Lakin ümumilikdə baxsaq, ətin qiyməti sabit şəkildə qalır. Əgər ət çox cavan heyvandan alınırsa, bu, restoranlarda daha baha qiymətə satılır. Amma bütövlükdə mal və qoyun ətinin bahalaşacağı gözləniləndir”.

Ekspert əlavə edib ki, indiyə qədər ölkəyə Ukrayna və Rusiyadan külli miqdarda ət idxal olunurdu. Bu xəttin zəifləməsi qiymət artımını daha da stimullaşdıracaq: “Payız aylarında ətin daha da bahalaşacağı ehtimal olunur. Bu səbəbdən hökumət azad olunmuş ərazilərdə, xüsusilə də Kəlbəcər bölgəsində iri fermer təsərrüfatları - meqafermalar yaratmalıdır. Əgər bu addım atılarsa, yaxın altı il ərzində Azərbaycan həm ət, həm də süd baxımından özünü tam təmin edə bilər”.

Afaq MİRAYİQ,
“Yeni Müsavat”

 

 

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

19 Iyul 2025

BÜTÜN XƏBƏRLƏR