Onlayn ictimai-siyasi qəzet
Bu yaxınlarda Polşa və Estoniya piyada əleyhinə minaları qadağan edən böyük beynəlxalq müqavilədən çıxmaq planlarını açıqladılar.
Bu müqaviləni dünyanın 160 ölkəsi imzalayıb.
Məlum olub ki, Estoniya Rusiya ilə sərhədində yeni bunkerlər tikməyə başlayıb.
Ukraynanın işğalından dərs alan Estoniya eyni aqibətin onun da başına gəlməyəcəyinə ümid edir.
Hadisələrin inkişafı Estoniya ilə yanaşı Polşanın da təhlükəsizlik strategiyasında dramatik dəyişikliyə getməsinə yol açıb.
Həm Polşa, həm də Estoniya birbaşa Rusiya ilə həmsərhəddir. Hər 2 dövlət NATO üzvüdür. Onlar planlarını Rusiya tərəfindən artan təhlükə ilə izah ediblər.
Moskva ilə gərginliyin artması fonunda Estoniyanın Rusiya ilə şimal sərhədində təhlükəsizlik tədbirləri gücləndirilib. Uzun müddətdir ki, NATO-ya üzvlük və alyansın keçirdiyi təlimlər Rusiyaya yaxın dövlətlər üçün təhlükəsizliyin təminatı olub. Lakin Donald Tramp bütün bunları dəyişdirir.
Tramp Moskvaya açıq olduğunu gizlətmir, Avropada da anlayırlar ki, ABŞ-ın dəstəyinə arxalanmaları acı nəticələr verə bilər.
İndi Estoniyada tez-tez eşidilən sual rus tanklarının sərhədi aşıb-aşmayacağı ilə bağlıdır. Bu halda NATO Rusiyaya qarşı addım atacaqmı? Ukraynadan sonra Rusiyanın hədəfi Estoniya və Polşa ola bilərmi?
Musavat.com-un suallarını cavablandıran siyasi şərhçi Heydər Oğuzun fikrincə, Baltikyanı ölkələrin hamısı, o cümlədən Polşa Rusiyanın hücumuna məruz qala biləcək dövlətlər sırasındadır:
“Estoniya əhalisinin hardasa 30 faizi etnik ruslardan təşəkkül tapır və onlar Rusiyanın bir parçası olmaq arzuları daşıyırlar. Bənzər problemlər Latviya üçün də keçərlidir. Digər Baltikyanı ölkə olan Litvada isə etnik ruslar az olsalar da, onların bir başqa problemi mövcuddur. Litva və Polşa Rusiyanın ən böyük eksklavı sayılan və olduqca mühüm strateji əhəmiyyətə malik Kalininqradla həmsərhəddir. Kalininqrada quru yolu bu iki NATO ölkəsinin sərhədlərində yerləşən Suvalki dəhlizindən keçir. Zaman-zaman Rusiya ilə Polşa və Litva arasında bu dəhlizlə bağlı ciddi mübahisələr yaşanır. Hər iki ölkə rəsmiləri bilirlər ki, Rusiya əlinə əlverişli fürsət keçən kimi bu dəhlizi işğal etməyə çalışacaq. Bu qorxu istər-istəməz Polşa ilə yanaşı digər Baltikyanı ölkələri də hər zaman narahat edir, onları müdafiə strategiyaları baxımından ən həssas ölkə halına gətirir”.
Suvalki dəhlizinin Baltikyanı ölkələr baxımından strateji əhəmiyyətinə toxunan siyasi şərhçi bildirdi ki, bu dəhlizin Rusiya tərəfindən işğal olunması faktiki olaraq həmin dövlətlərlə NATO-nun digər müttəfiqləri arasındakı torpaq əlaqələrinin kəsilməsi deməkdir:
“Sözsüz ki, torpaq əlaqəsi olmayan hərbi ittifaqlar bloklararası hərbi gərginlik və ya müharibə başlayacağı təqdirdə bəri başdan mühasirəyə düşmüş olarlar. Bir neçə gün ərzində onların tamamilə ələ keçirilməsi Rusiya üçün su içmək kimi asan məsələdir. Məhz bu səbəbdən də vaxtilə SSRİ-nin ərazisi olan və bu gün də ciddi sayda rus separatçısını barındıran Baltikyanı ölkələr NATO-nun silahlandırılması və Ukrayna uğrunda aktiv mübarizənin tərəfdarıdır. Onlar üçün Ukraynada savaşın davam etməsi və NATO-nun bu savaşa qatılması özlərinin təhlükədən sığortalanması, bloklararası hesablaşmanın özlərindən kənar ərazilərdə aparılması anlamına gəlir. Nəzərə alsaq ki, haqqında danışdığımız 3 Baltikyanı ölkənin birlikdə əhalisi 5 milyonu keçmir və bu dövlətlərdə məcburi hərbi xidmət yoxdur, hətta hava sərhədlərini belə müttəfiqlərinin təyyarələri qoruyur, onların rus hücumuna qarşı nə qədər aciz durumda olduğu anlaşılır. Məsələyə bu aspektdən yanaşanda Ukraynadan sonra növbəti hədəfin həmin ölkələr olacağı şübhə doğurmur”.
Heydər Oğuzun fikrincə, hərbi-strateji baxımından Baltikyanı ölkələr Şərqi Avropanın ən zəif həlqəsi sayılan Moldovadan daha həssas vəziyyətdədir:
“Çünki Moldova ilə Rusiya arasında heç bir sərhəd yoxdur. Rusiya bu ölkəni ancaq Ukraynanı tam ələ keçirdikdən sonra işğal etmək şansına malikdir. Baltikyanı ölkələr üçün isə bu sözləri demək çətindir. Estoniya birbaşa Rusiyanın ikinci paytaxtı Sankt-Peterburqla qonşudur və ölkənin işğalı Moskva üçün o qədər də çətin məsələ deyil. Baltikyanı ölkələrin ən qərbində yerləşən Litva isə şimaldan Kalininqrad, cənubdan Belarusun təzyiqləri altındadır. Rusiya Litvaya hərbi müdaxilə edərsə, Belarus da məcburən müharibəyə qatılacağından, bu ssenari Moskvanın işinə yaraya bilər.
Üstəlik, Avropanın təzyiqləri altında əzilən Rusiya üçün Suvalki dəhlizinin işğalı NATO-nun diqqətini Ukraynadan da yayındıra və ya müxtəlif istiqamətlərə parçalaya bilər”.
Heydər Oğuzun fikrincə, Kalininqradın strateji əhəmiyyəti də Rusiyanı Suvalki dəhlizini ələ keçirməyə həvəsləndirir: “Məlumdur ki, Finlandiya və İsveçin NATO ittifaqına qoşulması Baltik dənizində Rusiyanın mövqelərini xeyli çətinləşdirdi. Baltik dənizinin sadəcə Leninqrad vilayətindəki kiçik hissəsi – Fin körfəzi qitə Rusiyasının əlində qaldı. Bu ərazilər isə Baltikin ən şirin sulu bölgəsi olduğundan daha çox donmalara, buzlaşmaya məruz qalır. Dolayısıyla Fin körfəzinin buzlaşması gəmilərin hərəkətinə mane törədir. Kalininqrad yaxınlığında sular daha duzlu olduğundan buzlar da tez əriyir və gəmi hərəkətlərinə münbit şərait yaranır. Bu baxımdan Rusiyanın dəniz ticarəti baxımından ən əlverişli Baltik ərazisi Kalininqradda yerləşir. Məhz bu səbəbdən də Kalininqrad Rusiya üçün olduqca əhəmiyyətli bölgədir və onun təhülkəsizliyi Moskvanı istənilən risklərə getməyə vadar edə bilər”.
Heydər Oğuzun fikrincə, bütün bu amillər Baltikyanı ölkələri ciddi rus təhdidi altında saxlayır və onların təhlükəsizliyini həssaslaşdırır.
E.MƏMMƏDƏLİYEV,
Musavat.com
29 Mart 2025
ŞƏRHLƏRŞƏRH YAZ