İnsanlara hürriyət, millətlərə istiqlal!

Əsrin yeni müqaviləsi: Aİ-Azərbaycan sənədinə “hücum” başlayır

Rusiyadan Bakıya yönəlik təzyiqlər olacaqmı?

Ukraynaya hücumundan sonra Qərbin ən ağır sanksiyalarına məruz qalan Rusiya Avropa İttifaqının özünə qarşı təzyiqlərinin qarşısını almaq üçün təbii qaz amilindən istifadə etməyə çalışır: Avropaya qaz nəqlini kəskin azaldıb, Qərb mətbuatına tamamilə dayandıracağına dair informasiyalar sızdırır. Bu isə Avropa İttifaqının qaz təminatında Rusiya asılılığından qurtulmaq üçün fəaliyyətlərini genişləndirməsinə səbəb olub.

Hazırda Avropa İttifaqı ən xırda həcmlərdə olsa belə, qaz tədarükünü artırmağa çalışır. Bu baxımdan, iyulun 18-də Aİ ilə Azərbaycan arasında imzalanan “Avropa Komissiyası tərəfindən təmsil olunan Avropa İttifaqı ilə Azərbaycan Respublikası arasında enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumu” mühüm əhəmiyyət kəsb edir.

Azərbaycan Prezidenti İlham Əliyev və Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayenin imzaladığı sənədə görə, yaxın bir neçə il ərzində Azərbaycan Aİ-yə qaz ixracını iki dəfə artırmalıdır. Bu il Azərbaycandan Avropaya 10 milyard kubmetrdən çox qaz nəql edilməsi proqnozlaşdırılırdı. Lakin yeni razılaşmalar fonunda bu həcmin daha da artması gözlənilir. 2021-ci ildə Azərbaycanın ixrac etdiyi 22 milyard kubmetr qazın 8,2 milyard kubmetri Avropaya göndərilib. Hazırda Azərbaycan Gürcüstana, Türkiyəyə və Avropaya, o cümlədən İtaliya, Yunanıstan və Bolqarıstana qaz ixrac edir.

Bakı Xəbər - İctimai Siyasi Qəzet

Azərbaycandan Avropaya təbii qaz nəql edən “Transadriatik” boru kəməri (TAP) son günlər maksimum gücünə çatıb. Sutkada 33 milyon kubmetr, yəni ildə orta hesabla 12 milyard kubmetr təbii qaz verilir. Azərbaycan hökuməti Balkanlara qaz göndərmək imkanına malik olmaq üçün ixrac infrastrukturunu genişləndirməyi hədəfləyir. Hansı ki, qaz təchizatı şəbəkəsinin inkişafı baxımından həmin ölkələr Avropa İttifaqının zəif bəndi hesab olunur.

İqtisadçı-alim, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramovun sözlərinə görə, Aİ Azərbaycandan aldığı qazın həcmini 2 dəfə artırmaq və növbəti 5 ildə ən azı 20 milyard kub metr qaz idxal etmək niyyətindədir: “Bu isə Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin formalaşmasında rolunun daha da artacağı anlamına gəlir. Rusiya-Ukraya müharibəsi fonunda Azərbaycanın geostrateji mövqeyi daha güclənməkdədir. Azərbaycanda ”Şahdəniz" ilə yanaşı çox yaxın gələcəkdə daha 5 yataqdan (“Abşeron”, “Şəfəq”, “Asiman”, “Ümid-Babək” və “Azəri-Çıraq-Günəşli”) qaz hasil ediləcək. Bu, ölkəmizin mavi qaz ixracatını artırmaqla yanaşı, Avropanın enerji təhlükəsizliyinin formalaşmasında rolunu daha da artıracaq. Azərbaycan Avropa İttifaqı üçün yeganə yeni və mühim alternativ enerji mənbəyinə çevrilməkdədir. Artıq “Köhnə Qitə”də Azərbaycan qazını almaq istəyən dövlətlərin sayında kəskin artımlar var. Bu ay istifadəyə verilən Yunanıstan-Bolqarıstan daxili şəbəkə ilə ən azı digər 4 Avropa ölkəsi Azərbaycan qazının alıcısına çevrilə bilər".

Vüqar Bayramov: “Azərbaycan və Aİ arasında əməkdaşlıq strateji xarakter  daşıyır”

Vüqar Bayramov

Millət vəkili bildirir ki, Memorandum tərəflər arasında enerji sahəsində əməkdaşlığın gücləndirilməsini nəzərdə tutsa da, bütövlükdə İttifaqla Azərbaycan arasında strateji əlaqələrin dərinləşməsi müşahidə olunur: “Yeni düzən fonunda bu, Azərbaycanın geosiyasi mövqeyinin daha da güclənməsinə xidmət edəcək. Azərbaycan Rusiya-Ukrayna müharibəsi başladıqdan sonra Avropa Birliyinə mavi qaz ixracatını ən çox artıran ölkədir. Bu ilin ilk yarısında Azərbaycan Avropaya qaz ixracatını əvvəlki ilin uyğun dövrü ilə müqayisədə 68.7 faiz artıraraq 3.2 milyard kubmetrdən 5.4 milyard kubmetrə yüksəldib. Azərbaycanla Aİ arasında ticarət dövriyyəsi ötən il 15 milyard dollaradək yüksəlib. Bütövlükdə ixracatımızın təxminən 48 faizə yaxını İtaliyaya yönəlib. Bu isə Avropa İttifaqının Azərbaycan üçün əsas ticarət və iqtisadi tərəfdaş olduğunu göstərir. Eyni zamanda Avropa İttifaqının Cənubi Qafqazda ticarət dövriyyəsinin 2/3-si Azərbaycanın payına düşür. Bu baxımdan Azərbaycan da Cənubi Qafqazda Avropa İttifaqının əsas ticarət tərəfdaşıdır”.

Avropa İttifaqının tapdığı hər yeni qaz mənbəyi, qitəyə daxil olan hər min kubmetr əlavə qaz Rusiyanın təzyiq imkanlarını azaldan amilə çevrilir. Buna görə də Rusiyada bəzi çevrələr Azərbaycanla Aİ arasında imzalanan memorandumdan narahat olmağa başlayıblar. Sənəd imzalanan kimi Rusiyanın “Kim düzdür?” proqramında bu məsələ müzakirəyə çıxarılıb. Ekspertlərdən biri bunu müttəfiqlərinin Rusiyaya arxadan zərbəsi kimi qiymətləndirib. Bu mövqe Rusiyanın rəsmi siyasətinə yansıyaraq, Azərbaycana qarşı təzyiqlərə səbəb ola bilərmi?

Politoloq Turan Rzayev bildirir ki, Avropa İttifaqı gələcək beş il ərzində Rusiya qazından asılılığı sıfıra endirmək niyyətindədir: “Azərbaycanla enerji sahəsində imzaladığı Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumu da mahiyyət etibarilə buna xidmət edəcək. Lakin bir sual aktual olaraq qalır: Azərbaycan Avropa İttifaqının rus qazından asılılığına son verə bilərmi? Cavab qısa və aydındır: Xeyr! Məsələ ondadır ki, ötənilki göstəricilərə görə, Avropa İttifaqının qaz ehtiyacı 400 milyard kubmetrdən artıq təşkil edib. Bu payın 155 milyard kubu Rusiyaya aid olub. Göründüyü kimi, rəsmi Bakı bu fərqi təkbaşına aradan qaldıra bilməz. Ümumiyyətlə, Avropa İttifaqı gələcək beş il ərzində Rusiya qazından asılılığı təkcə Azərbaycanın hesabına sıfıra endirməyi düşünmür də. Hazırda Avropaya 85 milyard kubmetr qaz Norveçdən tədarük edilir. Avropa İttifaqının aldığı qazın 8 faizi Əlcəzairin payına düşür. Avropa İttifaqı  ilə bağlanan müqaviləyə görə isə Azərbaycan Avropaya göndəriləcək qazın həcmini 20 milyard kubmetrə çatdıracaq. Beləliklə, Azərbaycanın ümumi Avropa qaz tələbatında payı təxminən Qətərlə eyni olacaq. Ümumiləşdirsək, rəsmi Bakı təkbaşına Avropa İttifaqının rus qazından aslılığına son verə bilməz, ancaq bu prosesdə önəmli rola malik ola bilər. Cənubi Avropanın enerji təminatında 20 milyard kubmetr həcm çox önəmli rəqəmdir”.

Politoloqa görə, Aİ ilə imzalan memorandum rəsmi Bakıya bir çox əlavə dividentlər qazandıracaq: “Birincisi, aydın məsələdir ki, Avropa İttifaqı rəsmi Bakıdan qazı daha baha qiymətə alacaq. Bu da ölkəmizə həm xarici valyutanın, həm də ümumilikdə qazdan gələn gəlirin artması deməkdir. İkincisi, Azərbaycan ”Şahdəniz"lə yanaşı, yaxın gələcəkdə daha 5 yataqdan qaz hasil edəcək. Bu, ölkəmizin Avropanın enerji təhlükəsizliyinin təminatında iştirakını daha da genişləndirəcək. Üçüncüsü, Avropa İttifaqına qaz nəqlinin artırılması rəsmi Bakıya siyasi dividentlər də gətirəcək. Xüsusilə Ermənistanla həllini gözləyən məsələlərdə Qərbin bitərəfliyini təmin etmək olar. Brüssel formatı çərçivəsində biz bunun əyani şahidi oluruq".

Bu prosesdə Kremlin mövqeyi necə olacaq? T.Rzayev bildirir ki, Avropa İttifaqının gələcək beş il ərzində Rusiya qazından asılılıqdan qurtarmaq niyyəti Kreml üçün heç də arzuedilən deyil: “Avropa üzərindəki "qaz rıçağı"nı hər vəchlə qorumağa çalışan Rusiyanın enerji geosiyasətində həssas olduğu məlumdur. Bu mənada Kremlin imzalanan yeni memoranduma reaksiyası olacaq".

Asif Nərimanlı: “Azərbaycan Ordusu analoji addımları Qarabağda da atacaq” -  JURNALİST ARAŞDIRMA MƏRKƏZİ

Asif Nərimanlı

Siyasi şərhçi Asif Nərimanlı bildirir ki, Avropa İttifaqının Azərbaycanla enerji memorandumunun Rusiya qazının ixtisarı nəticəsində yaranmış boşluğu doldurmaq məqsədi daşıdığı, ümumilikdə Avropanın enerji təhlükəsizliyinin diversifikasiyasını genişləndirməyə yönəldiyi bəllidir: “Brüssel bunu açıq şəkildə dilə gətirir, Moskvada da bunu anlayırlar. Burada əsas məsələ Azərbaycanın Rusiyaya qarşı cəbhədə yer alıb-almamasıdır. Birincisi, Azərbaycan Avropa bazarında Rusiya qazını tam əvəz edə bilməz: 2023-cü ildə 5 milyard kubmetr əlavə qaz çıxaracağıq, 2027-ci ilə qədər bu, 20 milyard kubmetrə çatdırılacaq - bu, Avropanın bir sıra ölkələrinin ehtiyacını ödəməyə imkan verə bilər, lakin Rusiyanın bazardakı mövqelərini tam sıradan çıxara bilməz, xüsusilə Almaniya, Fransa kimi böyük istehlakçı ölkələrdə rus qazının təsiri qalacaq. İkincisi, Azərbaycan Avropa bazarına indi çıxmır: Cənub Qaz Dəhlizi layihəsi artıq tam şəkildə işləyir və indi kəmərə əlavə həcmdə qaz vurulur.

Fikrimcə, bu anlaşma Bakının Moskvaya qarşı cəbhədə yer alması demək deyil, Rusiya da mövcud geosiyasi şəraitdə bu müqaviləyə görə Azərbaycanı itirmək vəziyyətini yarada biləcək təzyiqlərə getməyəcək. Moskva üçün Cənubi Qafqazda 90-cı illərdən sonra ilk dəfədir həyati əhəmiyyət kəsb edən vəziyyət yaranıb. Bu bölgədə siyasi üstünlüyü verməmək naminə müəyyən qədər iqtisadi itkilərlə razılaşır. Bununla yanaşı, Azərbaycanla münasibətlərin pisləşməsi Türkiyə ilə də problemlərə yol aça bilər ki, Moskva bunu istəmir. Rusiyanın televiziya məkanında aparılan müzakirələr belə demək mümkünsə, təbliğat xarakteri daşıyır və Bakıya ictimai rəy üzərindən “xoşumuz gəlmədi” mesajının verilməsinə hesablanıb, lakin bunun praktiki siyasətdə böyük təzyiqlərə yol açacağını düşünmürəm".

A.Nərimanlının fikrincə, Rusiya Mərkəzi Asiyanın enerji resurslarının Cənub Qaz Dəhlizi vasitəsilə Avropa bazarına çıxarılacağı təqdirdə, yaxud belə bir perspektivin güclənəcəyi halda təzyiqlərini artıracaq: “Burada Avropa İttifaqının özünün manevrləri var. Brüssel Azərbaycan qazının idxal həcmini artırmaqla yaranmış kəsirləri müəyyən qədər doldurmağa çalışmaqla yanaşı, Rusiya qarşısında ”alternativlərimiz var" əsası ilə əlini gücləndirmək istəyir".

Dünya SAKİT,
“Yeni Müsavat”

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

02 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR