İnsanlara hürriyət, millətlərə istiqlal!

“Əsl müharibə bundan sonra başlayacaq” – Siyasi şərhçidən ilginc analiz

“Ukraynada müharibə yeni başlayır”.

Siyasi şərhçi Heydər Oğuz Musavat.com-a açıqlamasında belə deyib.

f5ce6e2915e7ae1d337069f920b9ef3e.jpg (101 KB)

ABŞ prezidenti Donald Trampın gələn həftə Ukrayna lideri Vladimir Zelenskinin ABŞ-a gələcəyini və ölkəsinin kritik torpaq mineralları bağlı saziş imzalayacağı iddiasını şərh edən Heydər Oğuzun fikrincə, sülh danışıqlarına bu məsələnin əlavə olunması Ukraynada müharibəni sonlandırmağa imkan verməyəcək:

“Çünki beynəlxalq güc mərkəzlərinin Ukraynada apardığı mübarizənin alt qatında onun təbii sərvətlərinin kim tərəfindən istismarı məsələsi dayanırdı. Bu zamanadək ABŞ da, Rusiya da bu niyyətlərini gizli tutur, gələcəyin enerji mənbələri uğrunda amansız rəqabətlərinə Ukraynanın torpaq bütövlüyü və suverenliyi kimi müqəddəs don geyindirməyə çalışırdılar. Müharibənin getdikcə uzanması və yalnız Ukraynanın canlı hərbi qüvvəsi ilə bu işin tamamlanmasının mümkün olmadığının anlaşılması, hər iki tərəfin tükənmə həddinə gəlib çıxması Vaşinqtonu açıq kartla oynamağa vadar etdi. ABŞ prezidenti Ukraynadan müharibəyə sərf etdiyi pulunu artıqlaması ilə istədi, əks halda ona hərbi yardımı dayandıracağını bildirdi. Ukrayna prezidenti isə Donald Trampı həvəsləndirmək üçün ən böyük təbii sərvətini – kritik torpaq nümunələrini ona verəcəyi vədi ilə həvəsləndirdi. Amma bunun üçün Vaşinqtonun bir şərti də vardı: “Rus təhlükəsi” onu yox, Avropanı təhdid edir. Dolayısıyla Avropa ölkələri qollarını çırmalayıb müharibə risklərini öz boynuna götürməli, ABŞ isə lazım gələrsə onlara öz silahlarını sata bilərdi. Vaşinqton uzaqbaşı Rusiya ilə danışıqlar aparıb atəşkəsi təmin edəcək, cəbhə xəttində sülhməramlı missiya isə Avropa İttifaqının üzərinə düşəcəkdi”.

Heydər Oğuzun fikrincə, Rusiya da Ukraynanın bu təklifinin işə yaradığını görüncə, bənzər təkliflə ABŞ-ı öz yanına çəkməyə çalışdı. O da eynilə Ukrayna kimi Rusiyanın kritik torpaq nümunələrini ABŞ-la bərabər istismarında maraqlı olduğunu bildirdi. Bununla da Tramp hakimiyyətinin ən incə damarından yapışdı.

“Məsələ burasındadır ki, gələcəyin texnologiyasının və enerji mənbələrinin başlıca xammalı olan kritik minerallar sahəsində ABŞ-ın həqiqətən də ciddi zəiflikləri var. Bu zəifliklərini vaxtında çözməsə, geosiyasi rəqabətdə Çinə uduzacaq, nəticədə dünyanın super gücü olmaq qabiliyyətini itirəcək. Məhz bu səbəbdən də kritik minerallar uğrunda mübarizə ABŞ üçün ekzistensial əhəmiyyət daşıyır”.

Siyasi şərhçinin bildirdiyinə görə, ABŞ Geoloji Xidmətinin bir neçə il əvvəl yayımladığı hesabat da bu iddianı təsdiqləyir:

“Hesabata görə, hazırda dünya miqyasında nadir torpaq nümunələrinin istehsalının 60-70%-i Çinin payına düşür. Çin öz ərazisində yerləşən yataqlarla kifayətlənmir, müxtəlif ölkələrdə bu mineralların hasilatı ilə məşğul olur. Məhz bu açılımın sayəsinsə 2008-ci ildə dünya nadir torpaq elementlərinin 90%-ni istehsal edən Çin 2011-ci ildə bu tədarükü 97%-ə qədər yüksəltmişdi. Ən pisi isə odur ki, Çin bu imkanlarından strateji silah kimi faydalanır. Belə ki, 2010-cu ildə xırda bir problem üzündən Yaponiyaya nadir torpaq elementləri (NTE) satışını dayandıran Çin rəqibinə böyük zərbə vurmuş, onun ağıllı texnologiyalar istehsalını dayandırmışdı. Gələcəkdə ABŞ-ın da bənzər aqibətlə üzləşməyəcəyinə heç kim təminat verə bilməz. Bu baxımdan ABŞ başının çarəsinə indidən baxmalı, öz NTE hasilatını artırmalıdır. NTE isə digər təbii sərvətlər kimi, dünyanın bütün coğrafiyalarına ədalətli şəkildə paylanmayıb. ABŞ Geoloji Xidmətinin məlumatına görə, Çin 44 milyon tonluq NTE ehtiyatı ilə dünya birincisidir. Onu 21 milyon tonla Braziliya izləyir. Birinci ilə ikinci arasındakı 2 dəfədən artıq fərq Çinin bu sahədə necə böyük avantaja malik olduğunu göstərir. Ölkələr ard-arda sıralandıqca fərqlər də xeyli artır. Məsələn 3-cü ən böyük ehtiyata malik olan Hindistanın cəmi 6.9 min tonlu NTE potensialı var. 4-cü yerdə olan Avstraliyada bu göstərici 5,7 milyon ton civarındadır. Rusiyanın isə 3.8 milyon ton kəşf edilmiş NTE-i var. Dünya 6-cısı olan Vyetnamda bu rəqəm 3.5 tonla məhdudlaşır. ABŞ isə cəmi 1.9 milyon tonla dünya 7-cisidir. Onu 1,5 milyon tonla Qrenlandiya izləyir. Son zamanlar ABŞ prezidenti Donald Trampın Qrenlandiyaya göz dikməsinin əsl səbəbi də görünür “buz qitəsinin” NTE ehtiyatı ilə bağlıdır”.

Bütün bunların sadəcə kəşfedilmiş ehtiyatlar olduğunu xatırladan Heydər Oğuzun fikrincə, dünyanın hələ də kəşfini gözləyən NTE rezervləri var:

“İddialara görə, bunlar Ukrayna, Qafqaz, Mərkəzi Asiya üzərində yerləşir. ABŞ-ın son zamanlar Ukrayna, Ermənistan, Azərbaycan, Qazaxıstan və Özbəkistanda fəallaşması da bu mənada təsadüfi deyil”.

Heydər Oğuza görə, yeni NTE sahəsində ən böyük yataqlar Qazaxıstandadır və yaxın gələcəkdə bu ölkə uğrunda Çin, Rusiya və ABŞ-ın ciddi rəqabətə girişəcəyi istisna edilmir.

Onun fikrincə, Ukrayna uğrunda mübarizədə ABŞ-ın açıq kartla oynamağa başlaması və Zelenski ilə gələn həftə bağlanması nəzərdə tutulan 500 milyard dollarlıq NTE sazişi mahiyyət etibarilə ölkənin təbii sərvətləri uğrunda qlobal rəqabəti daha da artıracaq:

“Bu isə bəzilərinin gözlədiyi kimi, Ukrayna-Rusiya müharibəsinin səngiməsinə yox, daha şiddətlənməsinə yol aça bilər. Bayaq da qeyd etdiyim kimi, NTE uğrunda rəqabət ABŞ üçün ekzistensial xarakter daşıyır. ABŞ-ın bu rəqabəti Rusiyaya və Çinə uduzmaq şansı yoxdur. Əks halda üzüsulu şəkildə dünya hegemoniyasından əl çəkməli olacaq”.

E.MƏMMƏDƏLİYEV,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

25 Fevral 2025

BÜTÜN XƏBƏRLƏR